Məhkəmə qərarları › İş №2(105)-2598/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2598/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2598/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Zəngilan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddianın qismən təmin edilməsi, Cavabdeh 1477 (min dörd yüz yetmiş yeddi) manat pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlunu işə düzəltmək məqsədi ilə Cavabdeh 11 noyabr 2018-ci il tarixdə 2000 (iki min) manat pul vermişdir. Cavabdeh ondan 2000 (iki min) manat pul aldığını 11 noyabr 2018-ci il tarixli qəbzə imza etməklə etiraf etmişdir. 2000 (iki min) manatı cavabdehə Bakı şəhərində onun evinin yaxınlığında vermişdir. Bunu təsdiq edən şahidləri də var. 2000 (iki min) manat pulu cavabdehə verib Gəncə şəhərinə qayıtdıqdan təxminən 3 gün sonra cavabdeh ona zəng vuraraq bildirdirmişdir ki, bu pul azlıq edir, əlavə olaraq 2000 (iki min) manat da göndərməlidir. O, cavabdehə bildirmişdir ki, onların danışıqları olmuşdur ki, uşağının işə düzəlməsi barədə əmr verildikdən sonra yerdə qalan 2000 manatı ödəsin, indi onun pulu yoxdur. Cavabdeh ondan soruşdu ki, nə qədər göndərə bilərsən, demişdir ki, 500 manat, cavabdeh dedi ki, 500 manatı göndər üstünü özü düzəldər sonra sən mənə qaytararsan. O, onun dediyinə razı olmuş və 27.11.2018-ci il tarixdə Gəncə-Bakı avtobusu ilə cavabdehə 500 manat göndərmişdir. Elə həmin gün də saat 15:00 radələrində cavabdeh ona zəng vurub bildirmişdir ki, öz qohumu Məhərrəmlə gedib 500 manatı götürmüşlər. Həmin pulu cavabdehə vermək üçün 10.11.2018-ci il tarixdə “Kapital Bank“ ASC-nin Kəpəz filialından kredit götürmüşdür. Bir neçə ay keçdikdən sonra cavabdehin onun oğlunu işə düzəltmədiyini görüb Bakı şəhərinə getmiş və ona verdiyi 2500 manat pulunu geri tələb etmişdir. Cavabdeh isə pulunun olmadığını bildirmiş və pensiya kartını ona vermiş, hər ay 186 manat pensiya almasını, pensiya kartından hər ay pullarını çıxarın və bankınızı ödəyin demişdir. Cavabdehin pensiya kartından 2019-cu ilin may ayında 112 manat, iyun ayında 112 manat, iyul ayında 112 manat, avqust ayında 112 manat, sentyabr ayında 111 manat, oktyabr ayında 198 manat pul çıxartmışdır. Noyabr ayında kart bağlanmışdır. Cavabdehə iradını bildirdikdə kartın müddətinin bitməsini əsas gətirərək problemin tezliklə aradan qaldırılması üçün kartını ondan geri istəmiş və 2020-ci ilin yanvar ayında yenidən pensiya kartını ona vermişdir. Cavabdehin pensiya kartından 2020-ci ilin yanvar ayında 51 manat, fevral ayında 83 manat, mart ayında 66 manat, aprel ayında 66 manat pul çıxartmışdır. May ayında yenidən kartın bağlandığını görüb cavabdehə zəng vurmuş, cavabdeh isə xəbərinin olmadığını bildirmişdir. Pulu tələb etdikdə isə qaytarmaqdan imtina etmişdir. Bundan sonra şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nə şikayət etmiş, şikayəti ərazi aidiyyəti üzrə Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilmişdir. Araşdırma aparıldıqdan sonra 06.07.2020-ci il tarixli məktubla ona bildirilmişdir ki, göstərilən xüsusatların mülki xarakterli olması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədəmüvafiqdir. Cavabdeh aldığı 2500 manatdan ona cəmi 1023 manat pul ödəmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiada iddiaçı göstərmişdir ki, o, onun oğlunu işə düzəltmək üçün ona 2000 manat vermiş və sonradan isə ona Gəncə-Bakı avtobusu ilə 500 manat pul göndərmişdir. Həqiqətən o, cavabdehə 2000 manat pul vermiş və Gəncə-Bakı avtobusu ilə ona 500 manat pul göndərmişdir. İş alınmadığından və pul xərcləndiyindən iddiaçı ondan pulu geri tələb edərkən o, iddiaçının pulunun bir hissəsini, 500 manatını özünə vermişdir. Daha sonra pensiya kartını ona vermişdir ki, pulunu oradan ayba-ay çıxsın, iddiaçı onun kartından 1023 manat pul çıxarmış, 1000 manatı isə cavabdeh Bakı-Gəncə avtobusu ilə sürücüyə əlavə 20 manat pul verməklə iddiaçıya göndərmişdir. İddiaçı pulu aldıqdan sonra ona telefon edərək 1000 manat pulu almasını bildirmişdir. Onun Bakı-Gəncə avtobusu ilə göndərdiyi pulun şahidləri cavabdehin gəlini Abışova Cənanə və taksi sürücüsü Sabir adlı şəxslər təsdiq etdilər, lakin məhkəmə bunu nəzərə almamışdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, iddiaçı ondan əlavə pul almaq niyyətindədir. Məhkəmə bunları nəzərə almamışdır. Zəngilan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(034)-72/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya borclu qalmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin iddiaçıya ünvanladığı məktubdan görünür ki, iddiaçının ərizəsi üzrə araşdırma aparılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, göstərilən xüsusatların mülki xarakterli olması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir. İşə əlavə edilmiş qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 2000 manat məbləğində borc pulun verilməsi hər iki tərəfindən imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Cavabdeh tərəfindən ona Gəncə-Bakı avtobus surüsusü ilə heç bir pulun göndərilmədiyini, cavabdehin borcun qalan hissəsini ödəməkdən imtina etdiyini bildirmişdir. Cavabdeh iddiaçıdan 2500 manat aldığını etiraf edərək həmin pulları iddiaçıya Gəncə-Bakı avtobus sürücüsü ilə 500 manat bir və sonradan isə yenə 1000 manat göndərildiyini bildirsə də göndərildiyi pulun iddiaçıya çatdırılmasına dair kifayət gədər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi cavabdeh tərəfindən apellyasiya şikayətində göstərilsə də, lakin konkret olaraq hansı normanın pozulması və pozuntunun nədən ibarət olması şikayətində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin iş üzrə 29 aprel 2021-ci il tarixli 2(034)-72/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar