Məhkəmə qərarları › İş №2(105)-2599/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2599/2020

26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2599/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-432/2020 saylı qətnaməsindən cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-432/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Adil Vəliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh 66177 ABŞ dolları məbləğində borc pulun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddiaçı Cavabdehlər İddiaçı və Qusar rayon notariat ofisinə qarşı borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi barədə iddiası rədd edilmiş, cavabdeh-iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 75000 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il tarixdə Xaçmazda işlədiyi müddətində Xaçmaz rayonu, Pirqulu oba kəndində yaşayan X10 və X7 vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. 2014-cü ilin iyul ayında Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün kənd təsərrüfatı işləri görmək məqsədi ilə ona müraciət edərək 25000 ABŞ dolları məbləğində borc pul istəmiş və yaxın müddətdə qaytaracağını bildirmişdir. O da imtina etməmiş və istədiyi pulu vermişdi. 3 aydan sonra Cavabdeh Rusiyadan çox ucuz qiymətə gətirilən mal-qaranı almaq istədiyini deyərək ondan yenə də 25000 ABŞ dolları borc istəmiş, olan borcu bir il ərzində qaytaracağını bildirmişdir. Aralarında etibarlı münasibətlər yarandığından istədiyi pulu cavabdehə vermişdi. Lakin aralarında etibarlı münasibətlər yarandığından borc müqaviləsi bağlamamış, borcu şifahi şəkildə vermişdir. Onun tərəfindən Cavabdeh verilən pulun bir hissəsini ona məxsus torpaq sahəsinin satışından əldə etmiş, bundan əlavə, müəyyən məbləğdə pulu bankda saxladığı depozitdən götürmüşdü. Bir ildən sonra, yəni 2015-ci ilin oktyabr ayında Cavabdeh ona Kuzunqışlaq kəndində Ramik adında şəxsdən ferma icarəyə götürdüyünü, orada olan ucuz qiymətə satılan mal-qaranı almaq istədiyini bildirərək ondan yenə də 25000 ABŞ dolları istəmiş, bütün borcu 3-4 ay ərzində qaytaracağını demişdir. O, cavabdehin səmimiliyinə inanaraq pulu vermiş və fikirləşmişdi ki, Cavabdeh özünə məxsus kənd təsərrüfatı texnikalarını da satıb pulunu qaytaracaqdır. Lakin cavabdeh bunu etməmişdi. 2018-ci ilin mart ayında cavabdeh tərəfindən ona 3000 ABŞ dolları qaytarılmışdır. Cavabdeh tərəfindən pulun qaytarılması vaxtında təmin olunmadığına görə xx xxxxxx 2016-cı il tarixdə onunla Cavabdeh arasında borcun etirafı haqqında yazılı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ona olan 75000 ABŞ dolları borcunu xx.xx.2018-ci il tarixədək ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək aldığı borcu vaxtında qaytarmamışdır. Dəfələrlə pulunu tələb etsə də, Cavabdeh borcu qaytarmamış, imkanı olanda qaytaracağını bildirmişdir. Hətta cavabdehin Qubada yaşayan yaxın adamı olan Hümmət adlı şəxs də ona telefonla zəng edərək cavabdehin borcunu 2018-ci ilin avqust ayının axırlarında tam şəkildə qaytaracağını bildirmişdir. Daha sonra cavabdeh, ümumiyyətlə, onun müraciətlərinə, telefon zənglərinə cavab verməmiş, müxtəlif yerlərdə gizlənərək heç bir əsaslı səbəb olmadan borcun ödənilməsindən yayınmışdır. Bu səbəbdən onun maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmiş və ağır maddi vəziyyətə düşmüşdür. Qeyd olunan pulu cavabdehə müəyyən işlərin görülməsi üçün vermiş, köməklik etmişdir. Lakin cavabdeh ona qarşı haqsızlıq etmiş və etməkdə davam edir. Cavabdeh tam fəaliyyət qabiliyyətli şəxsdir, heç kim cavabdehi bu müqaviləni bağlamağa məcbur etməmiş, Qusar rayonu notariat kontorunda müqavilə bağlanarkən onun üçün hansı öhdəliklər yaratdığı, müqavilənin bütün hüquqi nəticələri Cavabdeh aydın şəkildə izah edilmişdir. Cavabdeh İddiaçı və Qusar rayon notariat ofisinə qarşı iddia ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2016-cı il tarixli borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2014cü ilin may ayında 35000 ABŞ dolları, 2014-cü ilin iyul ayında 15000 ABŞ dolları, 2015-ci ilin oktyabr ayında isə 25000 ABŞ dolları məbləğində borc pul almışdır. O, həmin borcu faizlə götürmüş, həmin vaxt götürdüyü dollar məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 56000 manat təşkil etmişdir. O, müxtəlif vaxtlarda İddiaçı əsas borcdan 15000 manat məbləğində pul qaytarmış, həmçinin faiz kimi hissə-hissə olmaqla, cəmi 30000 manat məbləğində pul ödəmişdir. Hazırda onun İddiaçı 45000 manat məbləğində borcu qalmışdır. Həmin borcu imkanı olan kimi qaytaracaqdır. İddiaçıla onun arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli borcun etirafı müqaviləni o, məcbur olub bağlamışdır. Belə ki, İddiaçı ona hədə-qorxu gəlmiş, lakin o, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmiş, bununla belə qorxduğundan notariat kontoruna gedərək həmin müqaviləni imzalamışdır. Bu müqavilə Mülki Məcəllənin tələbləri pozulmaqla bağlanmış və ona görə də etibarsız hesab edilməlidir. Qusar Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(029)-432/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair və iddiaçı Cavabdehlər İddiaçı və Qusar rayon notariat ofisinə qarşı borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsinə dair mülki işlər bir icraatda birləşdirilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, düzgün nəticəyə gəlməyərək qanunsuz və əsassız qətnamə qəbul etmiş və bununla da onun hüquqları pozulmuşdur. Belə ki, 2014-cü ilin may ayında İddiaçı 35000 ABŞ dolları, 2014-cü ilin iyul ayında 15000 ABŞ dolları, 2015-ci ilin oktyabr ayında isə 25000 ABŞ dolları, cəmi isə 75000 ABŞ dolları məbləğində borc pul almışdır. Həmin vaxt bu məbləğ məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 56000 manat təşkil etmişdir. xx xxxxxx 2016-cı il tarixdə İddiaçıla aralarında borcun etiraf edilməsi haqqında müqavilə bağlanmış, borcunu xx.xx.2018-ci il tarixədək ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin onunla İddiaçı arasında faizlə bağlı heç bir müqavilə bağlanmamışdır. O, müxtəlif vaxtlarda İddiaçı ümumi borcundan cəmi 45000 manat məbləğində pul qaytarmışdır. X14 da öz izahatında qeyd etmişdir. Lakin məhkəmə həmin məbləğdə pulu ödəməyini tam nəzərə almamış, yalnız 15000 manatın ümumi borcdan ödənildiyini qeyd etmiş, onun İddiaçı ödədiyi 30000 manatı isə faiz olaraq ödəmə kimi qəbul etmişdir. Halbuki, İddiaçı ona məhz faizlə pul verməsi barədə heç bir yazılı müqavilə olmamış, həmin pulu məhz hansı faizlə götürməyi heç bir yazılı sənəddə öz əksini tapmamışdır. Ona görə də məhkəmənin 30000 manatın faiz kimi ödənilməsi qənaətinə gəlməsini düzgün hesab etmir. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, onun tərəfindən İddiaçı verilmiş 30000 manat məbləğində pul vəsaiti əsas borcun əvəzi olaraq deyil, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq İddiaçı depozitə qoyduğu pula görə faiz kimi götürəcəyi gəlirin əvəzi kimi verildiyindən və həmin pulun onun ümumi borcuna aidiyyəti olmadığından həmin pulun verilməsi əsas borcun müvafiq hissəsinin qaytarılması kimi qəbul edilə bilməz. Məhkəmə tərəflərin qarşılıqlı razılaşmasına uyğun dedikdə hansı razılaşmanı nəzərdə tutduğu məlum deyildir. İddiaçıla onun arasında bağlanmış borcun etirafı barədə razılaşmada onun İddiaçı faiz ödəməli olduğu və əvvəllər üzərinə belə bir öhdəlik götürməyi qeyd olunmamışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 2014-cü ilin may ayında İddiaçı 35000 ABŞ dolları, 2014-cü ilin iyul ayında 15000 ABŞ dolları, 2015-ci ilin oktyabr ayında isə 25000 ABŞ dolları, cəmi isə 75000 ABŞ dolları məbləğində borc pul almışdır. Həmin vaxt bu məbləğ məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 56000 manat təşkil edirdi. İddiaçı həmin pulları arvadı və qızlarının adına qoyduğu depozit hesabından çıxararaq vermiş və aralarında olan razılaşmaya görə İddiaçı depozitdən götürəcəyi illik 10-11 faizi o, İddiaçı ödəməli idi. O, müxtəlif vaxtlarda İddiaçı əsas borcdan 15000 manat qaytarmış, faiz kimi isə hissə-hissə olmaqla, 30000 manat ödəmişdir. İddiaçı-cavabdeh İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Cavabdeh verdiyi 75000 ABŞ dolları məbləğində borc pulu arvadı və qızlarının adına “Rabitəbank” açıq səhmdar cəmiyyətinə depozitə qoyduğu, ona məxsus vəsaiti bankdan çıxarıb vermişdir. Həmin depozitə görə “Rabitəbank” açıq səhmdar cəmiyyəti onlara illik 10,5 faiz ödəyirdi. Aralarında olan razılaşmaya görə Cavabdeh ona depozitdən götürəcəyi illik 10,5 faizi ödəməli idi. Cavabdeh Qusar rayon notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh-iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2016-cı il tarixdə Qusar rayon notariat kontorunda təsdiq edilmiş borcun etirafı haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh İddiaçı 2014-cü ilin iyun və oktyabr aylarında, 2015-ci ilin oktyabr ayında, ümumilikdə 124725 manat (pulun verildiyi günlərdəki məzənnəyə əsasən 75000 ABŞ dolları) borc almış, həmin məbləği xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Qusar şəhərində yerləşən özünə məxsus 0,08 ha torpaq sahəsini 22500 manata X5. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 şəhərində yerləşən özünə məxsus 0,08 ha torpaq sahəsini 22500 manata X5. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, 2014-2015-ci illərdə İddiaçı cəmi 75000 ABŞ dollarını həmin vaxtın manat məzənnəsi ilə borc aldığını, həmin puldan 30000 manat faiz, 15000 manat isə əsas borcdan ödədiyini, hazırda 45000 manat borcu qaldığını, imkanı olan kimi qaytaracağını göstərmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışlardan görünür ki, X4, X3 və X2 “Rabitəbank” açıq səhmdar cəmiyyətin də depozit hesabları olmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, yəni borclu qaldığı 66177 ABŞ dollarını İddiaçı qaytarmadığından birinci instansiya məhkəməsinin pul tələbinə dair hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh İddiaçı 2014-cü ilin iyun və oktyabr aylarında və 2015-ci ilin oktyabr ayında ümumilikdə 75000 ABŞ dolları məbləğində borc almış, bununla bağlı tərəflər arasında xx xxxxxx 2016-cı il tarixdə Qusar rayon notariat kontorunda təsdiq edilmiş borcun etirafı haqqında müqavilə bağlanmış, Cavabdeh həmin məbləği xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq İddiaçı depozitə qoyduğu pula görə faiz kimi götürəcəyi gəliri Cavabdeh ödəməli idi. Azərbaycan Respublikası MM-nin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh borcun yalnız 15000 manatını, yəni 8823 ABŞ dolları ekvivalentində olan hissəsini qaytarmış, 66177 ABŞ dollarını isə qaytarmamışdır. Cavabdeh tərəfindən İddiaçı verilmiş 30000 manat məbləğində pul vəsaiti isə əsas borcun əvəzi olaraq deyil, tərəflərin qarşılıqlı razılaşmasına uyğun olaraq İddiaçı depozitə qoyduğu pula görə faiz kimi götürəcəyi gəlirin əvəzi kimi verilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarında da 2014-cü ilin may ayında İddiaçı 35000 ABŞ dolları, 2014-cü ilin iyul ayında 15000 ABŞ dolları, 2015-ci ilin oktyabr ayında isə 25000 ABŞ dolları, cəmi isə 75000 ABŞ dolları məbləğində borc pul aldığını, həmin borcu faizlə götürdüyünü, müxtəlif vaxtlarda İddiaçı əsas borcdan 15000 manat məbləğində pul qaytardığını, həmçinin faiz kimi hissə-hissə olmaqla, cəmi 30000 manat məbləğində pul ödədiyini göstərmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı Cavabdeh borcu ABŞ dolları şəklində vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh borcu həmin valyutaya uyğun ödəməlidir. Azərbaycan Respublikası MM-nin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Cavabdeh iddia ərizəsində borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsini müqavilənin hədə-qorxu təsiri altında bağlanması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 337.1 və 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. İş materiallarından görünür ki, hazırki mübahisə ilə bağlı belə hallar mövcud deyildir, həmin halların mövcud olması ilə bağlı iş materiallarında hər hansı bir sübut yoxdur və bu halları təsdiq edən sübutlar məhkəmə kollegiyasına da təqdim edilməmişdir. Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırki işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İşdən görünür ki, Cavabdeh mübahisələndirdiyi borcun etirafı haqqında müqavilə xx xxxxxx 2016-cı il tarixdə bağlanmış, Cavabdeh isə hazırki iddia ilə xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh hədə-qorxunun təsiri altında bağladığı kimi istinad etdiyi hal artıq 2016-cı ilin avqustunda ona məlum idi, lakin hazırki iddia ilə 2020-ci ilin iyununda məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə də maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir, həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Hazırki işdə borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh-iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-432/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar