Məhkəmə qərarları › İş №2(105)-2604/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2604/2020

03.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2604/2020 03.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil1 İmadəddin oğlunun iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı qızıl-zinət əşyalarının və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 153/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-153/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 dəyəri 1020 (bir min iyirmi) manat olan 1 ədəd 17 qramlıq 585 əyarlı tros qızıl boyunbağı, dəyəri 300 (üç yüz) manat olan 1 ədəd 5 qramlıq 585 əyarlı “Allah” yazısı ilə qaşlı klon, dəyəri 1020 (bir min iyirmi) manat olan 1 ədəd 17 qramlıq 583 əyarlı sirkon qaşlı sırğa-üzük dəsti, dəyəri 300 (üç yüz) manat olan 1 ədəd 5 qramİıq 583 əyarlı ağ qaşlı üzük, dəyəri 360 (üç yüz altmış) manat olan 1 ədəd 6 qramlıq 585 əyarlı ağ xırda qaşlı üzük və dəyəri 420 (dörd yüz iyirmi) manat olan 1 ədəd 7 qramlıq 585 əyarlı kardinaİ qızıl bilərzik və ya onlar olmadığı təqdirdə onların dəyəri olan 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumu alınaraq alınaraq İddiaçı Tərbiz qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq cavabdeh X1 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı bank hesabına köçürülməsi qət edlmişdir (hakim Günel Tanrıverdiyeva) Qətnamədən cavabdeh X5 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-153/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Tərbiz qızı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1 ədəd 17 qramlıq 585 əyarlı tros qızıl boyunbağının (1200 manat), 1 ədəd 5 qramlıq 585 əyarlı qaşlı klonun (“Allah” yazısı ilə 450 manat), 1 ədəd 17 qramlıq 583 əyarlı sirkon qaşlı sırğa-üzük dəstinin (1300 manat), 1 ədəd 5 qramİıq 583 əyarlı ağ qaşlı üzük (430 manat), 1 ədəd 4 qramİıq 585 əyarlı qırmızı qaşlı üzük (400 manat), 1 ədəd 6 qramlıq 585 əyarlı ağ xırda qaşlı üzük (480 manat), 1 ədəd 1.5 qramlıq 585 əyarlı balaca sırğanın (150 manat) və 1 ədəd 7 qramlıq 585 əyarlı kardinaİ qızıl bilərziyin (600 manat) və ya onların dəyərinin, eyni zamanda ödədiyi dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında cavabdeh X2 vəkili və nümayəndəsi Vəkil1 İmadəddin oğlu apelyasiya şikayətinin dəlillərini müdafiə edib göstərdi ki, cavabdeh iddianı qəbul etmir. Çünki iddia tam əsassızdır və rədd edilməlidir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı nikaha girdikdən sonra ona hədiyyə kimi alınmış qızılları 2009- 2010-cu illərdə qayınanası Cavabdehya əri X4 həbs olunduğu vaxt vermişdir ki, satıb ərini qurtarsın. Əvvəla İddiaçı hədiyyə edilən qızıllar iddia tələbində qeyd olunan qızıllar deyil, onların sayı, qiyməti və çəkisi şişirdilmişdir. Belə ki iddiaçıya hədiyyə olunan qızıllar, aşağıdakılardan ibarətdir: 1. 8 qramlıq 585 əyarlı 400 manat dəyərində sadə boyunbağı,

2. 9 qramlıq, 585 əyarlı, 450 manat dəyərində, sırğa-üzük dəsti 3. 2 qramlıq , 585 əyarlı, 90 manat dəyərində klon. Digər qızıllar cavabdeh tərəfindən və ya kimsə tərəfindən iddiaçıya hədiyyə olunmamış, belə bir qızılların varlığından xəbərləri yoxdur. Əlavə olaraq iddiaçı təxminən 2009-cu ildə könüllü olaraq həyat yoldaşı X4 həbsdə olarkən qızılları satmışdır. xx.xx.2019-cu ildə tərtib olunmuş və İddiaçı, Bəşirova Məlahət, Bəşirova Mayıl, Kifayət İslamova, Rəhimə Hüseynova tərəfindən tərtib olunmuş aktdan da görünür ki, iddiaçı evdən apardığı, evdə qalan əşyaları qeyd edir, sonra hətta itən əşyaları da qeyd etmiş, lakin qızıllar barədə heç bir məlumat verməmişdir. Cavabdehdan qızılları tələb etməmişdir. Həmin vaxt Cavabdeh məhz orada olmuşdur. Göründüyü kimi, əgər qızıllar qalsa idi o, qızılları da qeyd edərdi. Bundan əlavə olaraq məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş şahid Elnarə Əsgərova ifadəsində bildirmişdir ki, bacısı olan iddiaçı 4-5 ayın gəlini olarkən əri tutulmuş, iddiaçı əri həbs olunduğuna görə qayınanası Mayıl Bağırovaya könüllü olaraq qızıllarını vermişdir ki, satıb ərini çıxarsın. Cavabdeh da həmin vaxt qızılları satdığından indiyə kimi qızılları qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən dəvət olunmuş şahid X6 ifadəsində bildirmişdir ki, iddiaçı ailə qurduqdan qısa müddət sonra ilk dəfə əri Rəşad tutulanda iddiaçı qızılları Cavabdehya vermişdir ki, satıb ərini qurtarsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və bilməli olduğu qündən başlanır. MM-yə əsasən hazırki mübahisə üzrə iddia müddəti 3 (üç) ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Lakin iddiçaya 10 il sonra iddia irəli sürmüşdür ki, bu da iddia müddətinin ötürülməsi deməkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-153/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:

Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X7 bildirdi ki, İddiaçı onun bacısıdır. Bacısı cavabdehin oğlu X4 ilə rəsmi nikah münasibətlərində olublar. Rəşad narkotik maddələr qəbul etdiyindən bacısı nikahın pozulması barədə məhkəməyə müraciət etmiş və tərəflər xx.xx.2017-cu il rəsmi qaydada boşanıblar. Bacısı Rəşadla həm nişanlı olduqları vaxt, həm də toy günündə cavabdeh və ailəsi tərəfindən bacısına hədiyyə kimi müxtəlif qızıl-zinyət əşyaları alınmışdır. Bacısının əri dəfərlələ məhkum olunmuşdur. Sonuncu dəfə Rəşad həbs olunanda qayınanası Mayıl bacısı Nuranədən qızılları almış və həmin qızılları lombarda qoyub pul götürəcəyini və oğlunu həbsdən qurtaracağını bacısına bildirmişdir. Bacısı da qızılları Mayıla vermişdir. Əlavə olaraq bacısının nişan üzüyü qaynı tərəfindən oğurlanmışdır, lakin Mayıl işin böyüməməsi üçün həmin üzüyü bacısına qaytarmışdır. Bacısı dəfələrlə digər qızılların qaytarılması üçün Mayıla müraciət etmiş, o, da hər dəfə qızılları qaytaracağına bacısını inandırmışdır. Hətta bacısı ilə Mayılın vatsap danışıqları var. Həmin danışıqlardan bəlli olur ki, Mayıl 2019-cu ilin fevral ayında respublikaya gələcəyini, qızıllarını qaytaracağını bildirmişdir. Lakin fevral ayında Mayıl Azərbaycana gəlmiş, Nuranə dəfələrlə qızıllarını qaytarması üçün müraciət etsə də o, qızılları qaytarmaqdan imtina etmiş, qızılları verməyəcəyini, heç kimdən qorxmadığını bildirmişdir. Bacısı ilə Mayıl arasında qızıllarla bağlı söhbətlərə aid vatsap səs yazılarından xəbəri var. Həmin səs yazısını Nuranəyə şəxsən qaynanası göndərib və səs Mayılın səsidir. Nuranə Mayıldan qızıllarını istəyəndə o, qızıllardan sepin boynunda olduğunu, digər qızılları isə lombardda qoyduğunu və Rəşadı həbsdən qurtardığını, narahat olmamasını, fevralda gələcəyini, bütün bu problemləri həll edəcəyini və qızılları qaytaracağını bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X6 bildirdi ki, iddiaçı onun baldızıdır. Nuranə və Rəşad nişanlı olarkən, həm də toy günlərində cavabdeh tərəfindən iddiaçıya müxtəlif qızıllar hədiyyə edilmişdir. Nuranənin əri Rəşad narkotik maddələr qəbul etdiyinə görə dəfələrlə həbs olunmuşdur. Nuranənin də qaynanası qızılların oğlu tərəfindən oğurlanıb satılmasından ehtiyat etdiyi üçün qızılların ona verilməsini istəyib. Nuranə də buna etiraz etməyərək qızılları qaynanası Mayıla verib. İş üzrə keçirilmiş xx xxxxx 2020-ci il tarixli, 5264 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, 8 adda qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3750,0 manat müəyyən edilmişdir. Həmin 8 adda qızılzinət əşyalarının çəkisi, əyarı və qiymətləri ayrı-ayrılıqda rəyin tədqiqi hissəsində göstərilmişdir. Müəyyən edilmişir ki, iddiaçıya məxsus qızıl-zinət əşyaları ilə bağlı tərəflər arasında mübahisə var. İddiaçı cavabdeh X1 1 ədəd 17 qramlıq 585 əyarlı tros qızıl boyunbağının (1200 manat), 1 ədəd 5 qramlıq 585 əyarlı qaşlı kulonun (“Allah” yazısı ilə 450 manat), 1 ədəd 17 qramlıq 583 əyarlı sirkon qaşlı sırğa - üzük dəstinin (1300 manat), 1 ədəd 5 qramlıq 583 əyarlı ağ qaşlı üzük (430 manat), 1 ədəd 4 qramlıq 585 əyarlı qırmızı qaşlı üzük (400 manat), 1 ədəd 6 qramlıq 585 əyarlı ağ xırda qaşlı üzük (480 manat), 1 ədəd 1.5 qramlıq 585 əyarlı balaca sırğanın (150 manat) və 1 ədəd 7 qramlıq 585 əyarlı kardinal qızıl bilərziyin (600 manat) alınaraq ona verilməsini xahiş etsə də cavabdeh tərəf bu qızıllardan yalnız üçünün - 8 qramlıq 585 əyarlı, 400 manat dəyərində sadə boyunbağının, 9 qramlıq, 585 əyarlı, 450 manat dəyərində sırğa-üzük dəstinin və 2 qramlıq, 585 əyarlı, 90 manat dəyərində kulonun toy mərasimində iddiaçıya hədiyyə edildiyini və həmin qızılların iddiaçının özü tərəfindən satıldığını iddia etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Müəyyən edilmişdir ki, iddia tələbinin hüquqi əsasını vindikasiya iddiası, yəni mülkiyyətində olan əmlakına sahiblikdən məhrum olmuş iddiaçının cavabdehə qarşı yönəlmiş əmlakının geri qaytarılması tələbi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir: İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir; mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehdən 8 adda qızıl-zinət əşyası tələb edir. Cavabdeh bu qızıllardan üçünün (8 qramlıq 585 əyarlı, 400 manat dəyərində sadə boyunbağının, 9 qramlıq, 585 əyarlı, 450 manat dəyərində sırğa-üzük dəstinin və 2 qramlıq, 585 əyarlı, 90 manat dəyərində klonun) iddiaçıya hədiyyə edilməsini etiraf edir. Yəni bu üç ədəd qızıl-zinət əşyasının mövcudluğu və onların iddiaçıya hədiyyə edilməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən tələb olunan digər qızıllarla bağlı məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən digər qızıl-zinət əşyalarından 1 ədəd 5 qramlıq 583 əyarlı ağ qaşlı üzük (430 manat), 1 ədəd 6 qramlıq 585 əyarlı ağ xırda qaşlı üzük (480 manat) və 1 ədəd 7 qramlıq 585 əyarlı kardinal qızıl bilərziyin (600 manat) toy mərasimi günü iddiaçıya hədiyyə edilməsi işdə olan toy mərasiminə aid video-disk və fotoşəkillərlə təsdiq olunur. Lakin iddia ərizəsində qeyd olunan 1 ədəd 4 qramlıq 585 əyarlı qırmızı qaşlı üzük (400 manat) və 1 ədəd 1.5 qramlıq 585 əyarlı balaca sırğanın (150 manat) mövcudluğu ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, analoji işlərdə həqiqətin müəyyən edilməsi üçün əşyalar, onların qiyməti və əşyaların kimdə qalması ilə bağlı tərəflərin izahatları məhkəmənin qənaətə gəlməyə əsas verən əsas sübutlar qismində çıxış edir. Müəyyən edilmişdir ki, iddiaçı tərəf keçmiş həyat yoldaşının tutulması ilə bağlı özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoymaq üçün cavabdeh tərəfindən ondan alındığını iddia edir. Cavabdeh tərəf isə həmin əşyaların iddiaçının özü tərəfindən öz razılığı ilə satıldığını iddia edir. İş materiallarında olan iddiaçının toy mərasiminə aid olmayan başqa bir günə aid foto şəkildən görünür ki, iddiaçının cavabdehdə olduğunu iddia etdiyi 1 ədəd 17 qramlıq 585 əyarlı tros qızıl boyunbağı (1200 manat) və 1 ədəd 5 qramlıq 585 əyarlı qaşlı kulon (“Allah” yazısı ilə, 450 manat) cavabdeh X2 istifadəsində olmuşdur. Bu səbəbdən məhkəmə cavabdehin mübahisəli qızıl-zinət əşyalarının iddiaçı tərəfindən satılması ilə bağlı dəlillərini qəbul etmir. Qızıl-zinət əşyalarının adətən birlikdə saxlandığını nəzərə alan məhkəmə hesab etmişdir ki, bütün qızıl-zinət əşyaları satılması, lombarda qoyulması və ya ümumiyyətlə saxlanılması məqsədilə Cavabdehda olmuşdur. Məhkəmə hesab etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından belə halda qızıl-zinət əşyalarının saxlanıldığı yerdən götürülmədiyini sübut etmək iddiaçının, qızılzinət əşyalarının saxlanıldığı yerdən (ər evindən) aparıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Hazırki iş üzrə hər iki tərəf qızıl-zinət əşyalarının lombarda qoyulduğunu iddia edirlər. Cavabdehin iddiaya dair etirazından da görünür ki, cavabdeh iddiaçı tərəfindən məhkəməyə təqdim edilən şahidlərin qızılların satılması üçün iddiaçı tərəfindən cavabdehə verilməsi ilə bağlı ifadələrinə istinad etmiş, bu ifadələrin həqiqətə uyğun olmadığına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh iddiaya etirazının əsası kimi həm də xx.xx.2019-cu il tarixli akta istinad etmişdir. Həmin aktın surətindən görünür ki, İddiaçı, Məlahət Bəşirova, Cavabdeh, Kifayət İslamova, Rəhimə Hüseynova İddiaçı cehizlərindən servizini, qab-qacaqlarını, tumbalarını, qorkasını, stol-stulunu, televizorunu apardığını, evdə divan, kresloların, kamod, soyuducu, paltaryuyan maşının, 4 yastığın, 2 döşəyin, 1 yorğanın və 1 pakrivalın qaldığını, evdə olmayan 2 xrustal vaza, 1 xrustal lodka, 1 ədəd qaz sobası və 1 ədəd dvd aparatına görə isə ona 200 manat məbləğində pul ödənildiyini imzaları ilə təsdiq etmişlər. Cavabdeh iddia etmişdir ki, sözügedən aktda iddiaçı evdən apardığı, evdə qalan əşyalarını, o cümlədən itən əşyalarını qeyd etmiş, lakin qızıllar barədə heç bir qeyd etməmiş, Cavabdehdan qızılları tələb etməmişdir. Həmin vaxt Cavabdeh məhz orada olmuşdur. Əgər qızıllar qalsa idi, iddiaçı qızılları da həmin aktda qeyd edərdi. Məhkəmə cavabdehin iddiaya etirazının bu dəlili ilə də razılaşmamışdır. Belə ki, sözügedən akt qızıl-zinət əşyaları ilə bağlı deyil, məhz cehiz əşyaları ilə bağlı tərtib edilmişdir. Bundan başqa hər iki tərəf məhkəmə iclasında verdiyi izahatlarında mübahisəli qızılların lombarda qoyulmaq və ya satılmaq üçün iddiaçı tərəfindən cavabdehə verildiyini bildirmişdir. Belə olan halda iddiaçı sözügedən akt tərtib edilərkən qızılların həmin mənzildə olmadığını bilmişdir. Bu səbəbdən sözügedən aktda iddiaçı tərəfindən qızıllara dair hər hansı qeyd edilməməsi həm tərəflərin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrə, həm də işin hallarına uyğundur. Beləliklə, hazırkı işin halları ilə iddia tələbinin əsaslı olması 1 ədəd 17 qramlıq 585 əyarlı tros qızıl boyunbağının (1200 manat), 1 ədəd 5 qramlıq 585 əyarlı qaşlı kulonun (“Allah” yazısı ilə 450 manat), 1 ədəd 17 qramlıq 583 əyarlı sirkon qaşlı sırğa-üzük dəstinin (1300 manat), 1 ədəd 5 qramİıq 583 əyarlı ağ qaşlı üzük (430 manat), 1 ədəd 6 qramlıq 585 əyarlı ağ xırda qaşlı üzük (480 manat) və 1 ədəd 7 qramlıq 585 əyarlı kardinaİ qızıl bilərzikdən (600 manat) ibarət qızıl-zinət əşyalarına münasibətdə öz təsdiqini tapır. Lakin iddia ərizəsində qeyd olunan 1 ədəd 4 qramİıq 585 əyarlı qırmızı qaşlı üzük (400 manat) və 1 ədəd 1.5 qramlıq 585 əyarlı balaca sırğanın (150 manat) mövcudluğu ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməməlidir. Bundan başqa məhkəmə cavabdehin vəkilinin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizəyə münasibətdə qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizədə 3 illik iddia müddətinə istinad etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd etmişdir ki, hazırki iş tərəflər arasında yaranmış münasibətlər müqavilə münasibətləri deyil, hazırki mübahisə tərəflər arasında bağlanmış hər hansı müqavilədən irəli gəlməmişdir. Bu səbəbdən hazırki münasibətlərə 3 illik iddia müddətinin tətbiq edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İş üzrə keçirilmiş xx xxxxx 2020-ci il tarixli, 5264 saylı rəyinin tədqiqi hissəsindən görünür ki, 1 ədəd 17 qramlıq 585 əyarlı tros qızıl boyunbağının ümumi dəyəri 1020 manat, 1 ədəd 5 qramlıq 585 əyarlı “Allah” yazısı ilə qaşlı klonun ümumi dəyəri 300 manat, 1 ədəd 17 qramlıq 583 əyarlı sirkon qaşlı sırğa-üzük dəstinin ümumi dəyəri 1020 manat, 1 ədəd 5 qramİıq 583 əyarlı ağ qaşlı üzüyün ümumi dəyəri 300 manat, 1 ədəd 6 qramlıq 585 əyarlı ağ xırda qaşlı üzüyün ümumi dəyəri 360 manat və 1 ədəd 7 qramlıq 585 əyarlı kardinaİ qızıl bilərziyin ümumi dəyəri 420 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, qızıl-zinət əşyaların dəyəri ilə bağlı həmin rəydə göstərilənlərdən başqa digər bir mötəbər sübut mövcud olmadığından həmin rəydə göstərilənlər əsas götürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 dəyəri 1020 manat olan 1 ədəd 17 qramlıq 585 əyarlı tros qızıl boyunbağı, dəyəri 300 manat olan 1 ədəd 5 qramlıq 585 əyarlı “Allah” yazısı ilə qaşlı kulon, dəyəri 1020 manat olan 1 ədəd 17 qramlıq 583 əyarlı sirkon qaşlı sırğa-üzük dəsti, dəyəri 300 manat olan 1 ədəd 5 qramİıq 583 əyarlı ağ qaşlı üzük, dəyəri 360 manat olan 1 ədəd 6 qramlıq 585 əyarlı ağ xırda qaşlı üzük və dəyəri 420 manat olan 1 ədəd 7 qramlıq 585 əyarlı kardinaİ qızıl bilərzik və ya onlar olmadığı təqdirdə onların dəyəri alınaraq İddiaçı Tərbiz qızına verilməli, iddia tələbi 1 ədəd 4 qramİıq 585 əyarlı qırmızı qaşlı üzük (400 manat) və 1 ədəd 1.5 qramlıq 585 əyarlı balaca sırğaya (150 manat) münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal xarakter daşıdığından qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-153/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh X2 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar