Məhkəmə qərarları › İş №2(105)-2605/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2605/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2605/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı QSC-nin nümayəndəsi X6, Cavabdeh2 və onun nümayəndəsi X4 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-1391/2021 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-1391/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia təmin edilib, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 29.11.2013-cü il tarixli, 05R000008855 saylı kredit razılaşması üzrə 720,07 ABŞ dolları əsas borc və 3,97 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 724,04 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-1391/2021 saylı qətnaməsinin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 05R000008855 saylı kredit razılaşması üzrə 1013,76 ABŞ dolları kredit borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.09.2011ci il tarixli, 05L000002038 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.11.2013-cü il tarixli, 05R000008855 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 07.04.2015-ci il tarixli 05R000008855S saylı, 23.11.2016-cı il tarixli, 05R000008855SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 08.05.2018-ci il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı QSC iddia tələbinin həcminin azaldılmasına dair ərizə verib, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 05R000008855 saylı kredit razılaşması üzrə 720,07 ABŞ dolları əsas borc və 3,97 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 724,04 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 13 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı bankın təqdim etdiyi sənədlərdə onun zamin kimi öhdəliyi yoxdur, çünki o, X7 zamin durmamışdır. İş materialları lazımi səviyyədə araşdırlmadığından bankın kredit borcu ondan da tutulmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və onun nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ancaq Cavabdeh2 apellyasiya şikayəti əsasında ona aid hissədə yoxlanılır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən Cavabdeh2 aid hissədə ləğv edilməlidir. Belə ki, işin materiallarında olan 21.09.2011-ci il tarixli, 05L000002038 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC və Cavabdeh1 arasında müqavilə bağlanılmış və bu müqaviləyə əsasən Cavabdeh1 İddiaçı QSC-dən 60 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 29.11.2013-cü il tarixli, 05R000008855 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 21.09.2011-ci il tarixli, 05S000004298 və 05S000004296 saylı, 23.11.2013-cü il tarixli, 05S000010335 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC bundan sonra zamin adlandırılacaq Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında 21.09.2011-ci il tarixdə 05L000002038 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. 12.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 12.04.2021-ci il tarixə İddiaçı QSC-yə 29.11.2013-cü il tarixli, 05R000008855 saylı kredit razılaşmasına əsasən 720,07 ABŞ dolları əsas borcu və 3,97 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 724,04 ABŞ dolları məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyasının araşdırması zamanı Cavabdeh2 verdiyi izahatında 21 sentyabr 2011-ci il tarixli, 05S000004298 saylı zaminlik müqaviləsindəki imzanın onun tərəfindən icra edilməsi inkar edilmiş və həmin zaminlik müqaviləsində olan imzanın ona aid olmadığını mübahisələndirmişdir. Belə olan halda iş üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş materialının 12-ci vərəqəsində olan 21.09.2011-ci il tarixli, 05S000004298 saylı zaminlik müqaviləsindəki imzanın Cavabdeh2 məxsus olub-olmaması halı bu sahədə xüsusi biliyə malik olan şəxs tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 4/1523/2021 saylı rəyi ilə müəyyən olunmuşdur ki, mülki iş materialının 12-ci vərəqəsində olan 21.09.2011-ci il tarixli, 05S000004298 saylı zaminlik müqaviləsinin «5.2. Zamin» qrafasında “Cavabdeh2” yazılarından aşağıda yerləşən imza – Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn Cavabdeh2 öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini təsdiq edə bilmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- ona aid hissədə ləğv edilməsi hallarını sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə Cavabdeh2 aid hissədə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən – «cavabdehlər X1 İddiaçı QSC-nin xeyrinə 29.11.2013-cü il tarixli, 05R000008855 saylı kredit razılaşması üzrə 720,07 ABŞ dolları əsas borc, 3,97 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 724,04 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun» hissəsində ləğv edilərək iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 4/1523/2021 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manatdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Verilmiş apellyasiya şikayəti təmin edildiyi üçün ekspertiza tədqiqatının dəyəri 138 manat İddiaçı QSC-dən alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(012)-1391/2021 saylı qətnaməsi qismən – «cavabdeh X1 İddiaçı QSC-nin xeyrinə 29.11.2013-cü il tarixli, 05R000008855 saylı kredit razılaşması üzrə 720,07 ABŞ dolları əsas borc, 3,97 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 724,04 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun» hissəsində ləğv edilsin. İddia- İddiaçı QSC-nin cavabdeh X2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair hissəsində təmin edilməsin. Qətnamə - «cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 29.11.2013-cü il tarixli, 05R000008855 saylı kredit razılaşması üzrə 720,07 ABŞ dolları əsas, 3,97 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 724,04 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun» hissəsində mübahisələndirilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 138 manat İddiaçı QSC-dən alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qəynamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar