Məhkəmə qərarları › İş №2(105)-261/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-261/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-261/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(067)-1757/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Xaçmaz Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(067)-1757/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 3500 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, ödənilmiş 156 manat dövlət rüsumunun 55 manatının Cavabdeh alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.(hakim A.Sadıqov) İddiaçı bu qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən 22000 manat məbləğində pulun və ödənilmiş 156 manat dövlət rüsumunun alınıb ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi tanışı Şahnazın vasitəsi ilə tanımışdır. Bir gün Şahnaz ona zəng edərək cavabdehə 10 qramlıq boyunbağı lazım olduğunu, etibarlı biri olduğundan ona qızılı nisyə satmasını xahiş etmişdir. Az keçməmişdir ki, Xaçmaz şəhər sakini, taksi sürücüsü işləyən əvvəllər tanımadığı Rəşad adlı şəxs evinə gəlmiş və qızılı ona vermişdir. İki gün sonra Zümrüd Rəşadın avtomobili ilə gələrək 10 qramlıq qızılın pulunu ödəmişdir. Bundan sonra bir neçə dəfə o, Şahnazın xahişi ilə Zümrüdə nisyə olaraq qızıl satmışdır. Zümrüd bu qızılların da pulunu Rəşadın avtomobili ilə gələrək vermişdir. X5 xahişi olmadan iddiaçının yaşadığı ünvana gələrək ondan nisyə qızıllar almış, beləcə aralarında alış-veriş yaranmağa başlamışdır. Zümrüd xx.xx.2018-ci il tarixinə kimi ondan götürdüyü qızıl əşyalarının pullarını hissə-hissə vermişdir. Lakin həmin tarixdən sonra Zümrüd aldığı qızıl əşyalarının pullarını verməmiş və nəticədə ona ümumilikdə 22000 manat pul borclu qalmışdır. Zümrüd hər dəfə müxtəlif bəhanələr gətirərək qızıl əşyalarını müxtəlif adamlara satdığını, pulları hələ götürə bilmədiyini deyirdi. Hal-hazıra kimi Zümrüd borclu olduğu 22000 manat pulu, nə də ki, aldığı qızıl əşyalarını qaytarmır. Qeyd edilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razı deyildir. Məhkəmə tərəfindən qərəzli və ədalətsiz qətnamə qəbul edilmişdir. Təqdim olunan sübutlara və şahid ifadələrinə əhəmiyyət verilməmişdir. Xaçmaz rayon Polis Şöbəsinin müstəntiqi X4 09 mart 2020-ci il tarixli qərarı ilə təsdiq olunur ki, Cavabdeh iddiaçıya 22370 manat borclu qalmışdır. Bu qərar qüvvədədir və hazırkı iş üzrə tam preydusial əhəmiyyətə malikdir. Məhkəmə qətnaməsində isə qeyd olunur ki, guya həmin qərarda Cavabdeh iddiaçıya 3500 manat borclu olduğunu etiraf etdiyindən ona görə də 3500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin bu mövqeyi anlaşılan deyil. Belə ki, sözegedən qərarda kifayət qədər şahidlər dinlənilmiş, cavabdehin iddiaçıya 22370 manat borclu olması sübuta yetirilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, iş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin müstəntiqi X4 09 mart 2020-ci il tarixli qərarından aydın olur ki, məhz həmin qərarda hazırkı mübahisə üzrə Cavabdeh iddiaçıya 22370 manat borcu olduğu təstiq edilmişdir. Bundan başqa bu faktı sübut edən şahid ifadələri də həmin qərarın mətnində yer almışdır. Belə olan halda, məhkəmənin iddia tələbini yalnız cavabdehin 3500 manat borcun etiraf edilməsi hissəsində təmin etməsi barədə mövqeyi anlaşılan deyil. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı şikayətin dəlillərini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, cavabdeh ona olan etibardan sui-istifadə etmişdir. Hazırda onlar arasında mövcud qızıl-zinyət əşyalarının nisyə alqı-satqısı üzrə cavabdehin iddiaçıya 22370 manat məbləğində borcu vardır. Bu barədə kifayət qədər sübut olmasına baxmayaraq, məhkəmə iddianı qismən təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını, işin faktiki hallarını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz Rayon Polis X2 müstəntiqi, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi barədə 09 mart 2020-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmiş, müraciət mülki xarakterli olduğundan aidiyyatı üzrə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərardan görünür ki, Xaçmaz Rayon Polis X3 izahatı alınan Cavabdeh izahatında bildirmişdir ki, 2018-ci ilin may ayında tanışı Xaçmaz şəhər sakini taksi sürücusü Rəşad adlı şəxslə Baharın Xaçmaz bazarındakı iş yerinə getmişdir. Bahara demişdir ki, "qızıl alan müştəri var, istəsən, sənin üçün sataram". Bahar onunla razılaşmışdır. O, pulunu nağd verməklə Bahardan azçəkili uşaq sırğası almışdır. Bundan sonra onun Baharla qızıl alış-verişi yaranmışdır. O və ya onun göndərişi ilə Rəşad hər dəfə Bahardan qızıl almışdır. O, bu qızılları müxtəlif şəxslərə və mağazalara satmışdır. Banar ona aldığı qızılları nisyə də vermişdir. Müxtəlif vaxtlarda Bahardan alaraq satdığı qızılların pullarını Bahara hissə-hissə vermişdir. O, Bahardan aldığı qızıl əşyalarının pullarını 2018- ci ilin avqust ayında verə bilməyərək borclu qalmışdır. Ümumilikdə Bahara 3500 manat borclu qalmışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə tərəflər işgüzar münasibətlərdə olmuşlar, iddiaçı qızıl-zinyət əşyalarının satışı ilə məşğul olmuş, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda, müxtəlif ölçü və qiymətlərdə qızıl-zinyət əşyalarını nisyə qəbul etmiş və üçüncü şəxslərə satdıqdan sonra pulunu iddiaçıya qaytarmışdır. İddiaçı tərəflər arasında bu razılaşmanı cavabdehin pozduğunu, nəticədə onun iddiaçıya borcu yarandığını qeyd edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin polisdə verdiyi izahata görə o, iddiaçıdan aldığı qızıl əşyalarının pullarını 2018-ci ilin avqust ayından verə bilməyərək, ümumilikdə iddiaçıya 3500 manat borclu qalmışdır. İddia tələbini məhkəmə məhz həmin hissədə təmin etmiş, narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşaraq, mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yenə həmin Məcəllənin 601.1-ci madəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə olmamış, bağlanmış şifahi müqavilədə isə nisyə satılmış qızıl-zinyət əşyalarının dəyərinin ödənilməsi ilə bağlı konkret müddət müəyyən edilməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən, cavabdeh həmin müqavilədə müəyyən edilmiş qızıl-zinyət əşyalarını iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onların dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə predmetlərini almasına dair hüququndan istifadə etmiş, lakin onların dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddia ərizəsində Cavabdeh İddiaçı 22000 manat məbləğində borcu qaldığı iddia olunsa da, məhkəmə iclasında tədqiq olunmuş Xaçmaz Rayon Polis X2 HK-1/1825 saylı işin materiallarından məlum olmuşdur ki, Cavabdeh İddiaçı 3500 manat məbləğində borcu qaldığını özü etiraf etmişdir. İddiaçı iddia etdiyi halları təsdiq edən hər hansı digər sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, iddia tələbi 3500 manat hissəsində təsdiqini tapdığından iddia qismən təmin olunaraq Cavabdeh 3500 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə kollegiyası sadalanan maddi hüquq normlarının məzmunundan çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi yekun nəticə işin faktiki hallarına uyğundur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini məhkəmə iclasında əsaslı şübhələrdən kənar sübutlarla sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(067)-1757/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar