Məhkəmə qərarları › İş №2(105)-261/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-261/2025

10.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-261/2025 10.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə pasport qeydiyyatlarının bərpa olunması və pasport qeydiyyatına alınmaları tələbinə dair” mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin “iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayətin geri qaytarılması barədə” xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə pasport qeydiyyatlarının bərpa olunması və pasport qeydiyyatına alınmaları tələbinə dair” iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, həmin Məhkəmənin 02 may 2005-ci il tarixli, 2-28/2005 nömrəli hal-hazıra kimi qüvvədə olan qətnaməsinə əsasən X4 və X1 şərikli mülkiyyəti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə onların (iddiaçıların) pasport qeydiyyatının bərpa olunması və pasport qeydiyyatına alınmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraata MPM-in 261.0.1-ci maddəsinə əsasən (iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığına görə) xitam verilmişdir (hakim Nərmin Abiyeva). Qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini və onların iddia tələblərinə baxılmasını xahiş etmişlər. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş şikayət MPM-in 263.1.2-ci maddəsinə əsasən, yəni şikayətə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığına görə geri qaytarılmışdır (hakim Nərmin Abiyeva). İddiaçılar Xaçmaz Rayon Məhkəməsinin mülki iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadından şikayət vermək üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyərək həmin qərardaddan xx.xx.2024-cü il tarixdə yenidən şikayət vermişlər. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş şikayət bu dəfə qanunla müəyyən olunmuş prosessual müddət ötürülməklə verildiyinə görə geri qaytarılmışdır (hakim Nərmin Abiyeva). Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2024-cü il tarixdə şikayət verərək, həmin qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin davam etdirilməsini xahiş etmişlər. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Nərmin Abiyeva). Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qəradadında iddiaçılar tərəfindən həmin qərardaddan verilmiş şikayətin geri qaytarılması onunla əsaslandırılmışdır ki, işdən göründüyü kimi, Məhkəmənin xx.xx.2024cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadını İddiaçı1 rəsmi qaydada poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, digər İddiaçı2 isə elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə almış, həmin tarixlərdən onların şikayət vermə müddəti başlayaraq xx.xx.2024-cü il tarixədək davam etmişdir. İddiaçılar isə şikayəti xx.xx.2024-cü il tarixdə, qanunla müəyyən olunmuş prosessual müddəti ötürəndən sonra vermişlər. Ona görə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qəradadı ilə şikayət AR MPM-in 363.1.3 və 361.3-cü maddələrinə əsasən geri qaytarılmışdır. İddiaçılar isə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qəradadından birgə verdikləri şikayəti onunla əsaslandırmışlar ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadının surətini İddiaçı1 rəsmi qaydada poçt vasitəsilə xx.xx.2024-ci il tarixdə alsa da, lakin digər İddiaçı2 həmin qərardadın surəti ümumiyətlə göndərilməmişdir. Ona görə də iddiaçı X7 tərəfindən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadından şikayət verilməsi müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qəradadından iddiaçılar tərəfindən verilmiş şikayətin dəlilləri qəbulolunmazdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1 və 130.3-cü maddələrinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-in 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadının surəti İddiaçı1 xx.xx.2024-cü il tarixdə rəsmi qaydada poçt vasitəsi ilə çatdırılmışdır. İş materiallarında digər İddiaçı2 sözügedən qərardadın rəsmi qaydada verilməsini təsdiqləyən sübuta təsadüf olunmasa da, lakin həmin qərardaddan hər iki iddiaçıya aid şikayətin xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhz İddiaçı2 adından verilməsi və onun şikayəti imzalayan şəxs kimi göstərilməsi sonuncu tərəfindən də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadının surətinin vaxtında alınmasına dəlalət edir. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)- 2560/20244 nömrəli qərardadının surəti iddiaçılara 30 sentyabr 2024-cü il tarixədək lazımi qaydada təqdim olunmuş və onların həmin qərardaddan xx.xx.2024-cü il tarixədək şikayət vermək imkanları olmuşdur. Əgər qanunda şikayətin verilməsi üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdursa, onda müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər həmin şikayətə əlavə olunmaqla məhkəməyə təqdim edilməlidir. İddiaçılar iş üzrə icraata xitam verilməsi qərardadından xx.xx.2024-cü il tarixdə şikayət versələr də, lakin dövlət rüsumu ödənilmədiyindən həmin şikayət geri qaytarılmış (belə halda şikayət verilməmiş sayılır), bu zaman iddiaçıların şikayət müddətinin 3 günü qalmışdır. İddiaçılar isə dövlət rüsumunu ödəyib yenidən şikayət verməyə 20 günə yaxın vaxt sərf edərək, yalnız xx.xx.2024-cü il tarixdə qərardaddan şikayət verən zaman prosessual müddət (şikayət müddəti) artıq ötürülmüş olmuşdur. İddiaçılar ötürülmüş prosessual müddətin bərpası haqqında vəsatət verməmişlər və müddəti ötürmədiklərini iddia edirlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçılar tərəfindən qərardaddan verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Bununla bağlı birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardaddan iddiaçıların şikayəti əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası iddiaçılara izah etməyi məqsədəuyğun hesab edir ki, Xaçmaz Rayon Məhkəməsinin “iş üzrə icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli 2(067)-2560/2024 nömrəli qərardadının mübahisələndirilməsi onlara heç də uğurlu nəticə vəd etmir. İddiaçılar yanlış olaraq hesab edirlər ki, Xaçmaz Rayon Məhkəməsinin 02 may 2005-ci il tarixli, 2-28/2005 nömrəli qətnaməsi indi də onlara ünvan 1 ünvanındakı fərdi yaşayış evindən istifadə hüququ və həmin ünvana pasport qeydiyyatında olmağa əsas verir. Halbuki, Xaçmaz Rayon Məhkəməsinin sonrakı xx.xx.2020-ci il tarixli, 2(067)-1286/2020 nömrəli qətnaməsi ilə İddiaçı1 sözügedən evdən istifadə hüququna xitam verilmiş, qətnamədə həmçinin müəyyən olunmuşdur ki, bu qətnamə cavabdehlər X8, İddiaçı1 və onların ailə üzvləri olan cavabdehlər X3, X5 və X6 ünvan 1 saylı evdən pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır. Ona görə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-1286/2020 nömrəli qətnaməsi qüvvədə olduğu halda hazırkı iş üzrə iddiaçıların irəli sürdükləri iddia tələblərinin təmin olunması qeyri-mümkün görünür. Bu baxımdan həmin qətnaməni mübahisələndirmək iddiaçıların hüquqi maraqlarına daha çox uyğun olar. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin şikayətin (apellyasiya şikayətinin) geri qaytarılması haqqında qərardadından verilmiş şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128,130, 135, 268, 363, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin “iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayətin geri qaytarılması barədə” xx.xx.2024-cü il tarixli, 2(067)-2560/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar