Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2614/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1012/2021 saylı, 11 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-1012/2021 saylı, 11 yanvar 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 18 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1007,08 manat əsas borc, 73,99 manat faiz borcu, 27,69 manat cərimə borcu, cəmi 1108,76 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 1108,76 manat pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuşdur. (hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, düzgün hesablanmamış əsas və faiz borcunun silinməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək, tərəflər arasında 18 iyul 2019-cu il tarixli bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh 1007,08 manat əsas borc, 73,99 manat faiz borcu, 27,69 manat cərimə borcu olmaqla, cəmi 1108,76 manat borcun və 30 manat dövlət rüsumuna görə ödənmiş pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" İKB ASC ilə bağladığı 18 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan illik 20%-lə 24 ay müddətinə ödəmək şərti ilə 1500 manat məbləğində kredit götürmüşdür. Lakin borclu Cavabdeh müqavilə şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh 01.10.2020-ci il tarixinə kredit müqaviləsi üzrə 1007,08 manat əsas borcu, 73,99 manat faiz borcu, 27,69 manat cərimə borcu olmaqla, cəmi 1108,76 manat borcu yaranmış, borcun qaytarılması barədə xəbərdar olunsa da Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448.1, 465.2, 467 və 445.2.1-ci maddələrinə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Şİ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ Nİ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərini 2020-ci ilin fevral ayınadək yerinə yetirmiş, lakin ölkədəki COVİD-19 pandemiyası ilə əlaqədar maddi vəziyyəti pisləşmiş və ödənişləri edə bilməmişdir. Lakin bu hallar onun borcunun bank tərəfindən düzgün hesablanmaması üçün əsas hesab edilə bilməz. Borcun hansı məbləğdə olmasını iddiaçının maliyyə arayışı deyil, məhkəmə mühasibatlıq ekspertizasının rəyi təsdiq edə bilər. Lakin məhkəmə iclasında onun iştirakı təmin edilmədiyindən bu xüsusatlar barədə izahat verə bilməmişdir. Bununla da mübahisə araşdırılarkən məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Göstərilənlərə əsasən qətnamə dəyişdirilməli, düzgün hesablanmayan əsas və faiz borcunun silinməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 şikayətlə razılaşmadı və onun əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə, mobil telefon nömrəsinə SMS göndərilməklə lazımi qaydada xəbərdar edilmiş, (onun ünvanına göndərilmiş bildirişləri poçt vasitəsilə geri qaytarılmışdır) lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası məhkəmə iclasını cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan "xxxx" X2 ASC ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2019-cu il tarixli, 23-Y-1-0-1348-19 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan 18.07.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 1500 manat məbləğində pul vəsaitini "xxxx" İKB ASC-dən götürmüşdür. İşə əlavə edilmiş 18 sentyabr 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC 23.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə bocun ödənilməsi barədə Cavabdeh xəbərdar etmişdir. İşdə olan 01.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 1007,08 manat əsas, 73,99 manat faiz borcu, 27,69 manat cərimə borcu vardır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1012/2021 saylı, 11 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçı bankdan istehlak məqsədilə illik 20 faizlə 24 ay müddətinə 1500 manat kredit götürmüşdür. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq, borc cavabdeh tərəfindən tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 1007,08 manat əsas, 73,99 manat faiz borcu, 27,69 manat cərimə borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla, habelə maliyyə arayışı ilə təsdiq olunur. Doğrudur, cavabdeh müqavilə üzrə cərimə borcunun olmasını etiraf edir, bununla belə, əsas və faiz borcunun olmaması və ya daha da az olması barədə o, məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı "xxxx" ASC öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin Cavabdeh apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPMnin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1012/2021 saylı, 11 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə dərhal qüvvəyə minir. Ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2614/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2614/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver