Məhkəmə qərarları › İş №2(105)-262/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-262/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-262/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X13 və X10 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli e-2(060)-5502/2022 saylı qətnaməsindən İddiaçı ASC-nin tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh 2205.46 manat əsas borc və ödənilmiş 43 dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən borcluya 60 ay müddətinə, illik 29% olmaqla, 4.238 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borcu - 2205.46 manat məbləğində təşkil edir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X2 vərəsəsi – Cavabdehdur. Cavabdeh iddiaya qarşı etiraz ərizəsi verərək bildirmişdir ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən borcluya 60 ay müddətinə, illik 29% olmaqla, 4.238 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən kredit borc üzrə tələb hüququ "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə güzəşt edilmişdir. Bu barədə borcalana xx.xx.2016-ci il tarixli bildiriş təqdim olunmuşdur. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən ödənişlər hər ay "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən ödənilən borcalanın əmək təqaüdündən tutulmuş, kredit üzrə ödənişlər həmişə vaxtında və tam həyata keçirilmişdir. xx.xx.2019-cu ildə borcalan X5 vəfat etmişdir. X1 vəfat etməsi barədə “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sumqayıt filialına məlumat verildikdə bankdan bildirilmişdir ki, borcalanın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti banka təqdim olunarsa qalan kredit borcu silinəcəkdir. Bankın tələbinə müvafiq olaraq borcalanın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti banka təqdim olunmuşdur. Bundan 3 il keçəndən sonra İddiaçı ASC tərəfindən borcalanın mirası üzrə varis kimi ona qarşı 2205.46 kreditin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. O, borcalandan qalan mirası əmlakdan tam pay hissədə - onun oğlu kimi Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən açılmış vərəsəlik işi üzrə qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq hesab edir ki, kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən kredit borcu üzrə tələb hüququ "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə güzəşt edildiyindən və bu barədə xx.xx.2016-cı il tarixdə bildiriş təqdim olunduğundan İddiaçı ASC bu kredit borcu üzrə tələbi irəli sürə bilməz. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli e-2(060)-5502/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim əfqan Ələkbərov). Birinci instansiya məhkəməsi İddiaçı ASC ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında imzalanmış kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nin borcalan X3 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə güzəşt edilməsini müəyyən edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli e-2(060)-5502/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə iddianın təmin edilməməsinin səbəbi kimi, kredit müqaviləsi üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən kredit borcu üzrə tələb hüququnun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə güzəşt edilməsi göstərilmişdir. Lakin məhkəmə müqavilənin digər şərtlərini araşdırmadan yalnız cavabdeh tərəfindən verilmiş məlumata istinad edərək qətnamə qəbul etmişdir. Belə ki, araşdırılması vacib olan halları araşdırmamışdır. Yuxarıda qeyd olunan kredit borcu üzrə tələb hüququnun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə güzəşt edilməsi barədə xx.xx.2016-cı il tarixli müqavilənin 1.6-cı maddəsində boclunun vəfat etməsi halında ilkin kreditorun borc tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranır. Cavabdeh X5 vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı ASC qarşısında öhdəlik daşıyır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, "xxxx" ASC Sumqayıt filialı ilə X6 oglu arasmda bağlanmış 03 iyun 2013-ci il tarixli 13023-386/318355 saylı kredit müqaviləsinə əsasən Borcalana illik 25%-lə 48 ay müddətinə 5000 (beş min) AZN məbləğində kredit verilmişdir. "Tələblərin ötürülməsi barədə" xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən kredit borc üzrə tələb hüququ Azərbaycan Beynəlxalq Bankına ötürülmüşdür. Bu barədə xx.xx.2021-ci il tarixli Bildiriş təqdim olunmuşdur. Kredit müqaviləsinə əlavə edilən ödəniş cədvəlinə əsasən ödənişlər hər ay ABB tərəfindən ödənilən Borcalanın əmək pensiyasından tutulmuş, kredit üzrə ödənişlər həmişə vaxtında və tam həyata keçirilmişdir . xx.xx.2019-cu ildə Borcalan atası X6 oglu vəfat etmişdir. X1 vəfat etməsi barədə ABB Sumqayıt filialma məlumat verildikdə Bankdan bildirilmişdi ki, borcalanın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti Banka təqdim olunarsa qalan kredit borcu silinəcəkdir. Bankın tələbinə müvafiq olaraq Borcalanın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti banka təqdim olunmuşdur. Hesab edib ki, kredit borcu bank tərəfindən silinmişdir. Bu müddət ərzində kreditin varis kimi tərəfindən ödənilməsinə dair bankdan heç bir xəbərdarlıq ,bildiriş ,telefon zəngi olmamışdır. Lakin bundan 3 il keçəndən sonra "xxxx" ASC tərəfindən Borcalanın mirası üzrə varis kimi ona qarşı kreditin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Borcalandan qalan mirası onun oğlu kimi Sumqayıt şəhər 1 saylı notariusu tərəfindən xx.xx.2021- ci ildə açılmış vərəsəlik işi üzrə o, qəbul edib . xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnaməyə əsasən miras əmlakı ünvan 1 ünvanda yerləşən dörd otaqlı mənzildir. Bu mənzil 1994-cü ildə atası X3 Sumqayıt "Üzvi Sintez" İstehsalat Birliyi tərəfindən verilmişdir. Bu mənzildə (Sumqayıt şəhəri, 47-ci məhəllə,evl3, mənzil 22) 1994-ci ildən məcburi köçkün ailəsi məskunlaşdığından, ailəsi zavoda təhvil verməli olan əvvəlki mənzilində (Sumqayıt şəhəri 10-cu m/r-n, ev 1,mənzil 72) yaşamaq məcburiyyətində qalmışdı. 2013-cü ildə bu mənzilin yeni sahibinin iddiası əsasında məhkəmə qərarı ilə ailəsi həmin mənzildən çıxarıldı və bu vaxtdan kirayədə yaşamağa məcbur olublar. Hal-hazırda da 8 nəfərdən ibarət ailə üzvü ilə, o cümlədən beyin serebral xəstəsi olan övladı ilə birlikdə kirayədə yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2011- ci il tarixli 2(060) -2429/2011 saylı qətnaməsi ilə məcburi köçkün X11 və onun ailə üzvlərinin zəbt etdikləri - mülkiyyət hüququ ilə atasına məxsus olan ünvan 2 ünvanda yerləşən 4 otaqlı mənzildən çıxarılması qət edilmişdir. Qətnaməyə əsasən eyni zamanda ailəsinin həmin mənzilə köçürülməsi də qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli 2(060) -2429/2011 saylı qətnaməsinin icrası barədə icra vərəqəsi verilmiş və icra edilməsi üçün Sumqayıt şəhər icra şöbəsinə göndərilmişdir. Lakin, indiyə kimi 10 ildən artıq müddətin keçməsinə baxmayaraq, həmin mülki iş icraya yönəldilsə də icrası təmin edilməmişdir. Qətnamənin icra olunmaması nəticəsində mülkiyyətindən məhrum olmuşdur. Borcalanın varisi kimi kredit borcu üzrə tələb ona yönəldiyi halda onun da varis kimi Borcalandan qalan mirasa ünvan 3 ünvanda yerləşən 4 otaqlı mənzilə faktiki sahiblik edə, sərəncam verə bilməməyini, mülkiyyət hüququnun pozulmasını məhkəmə araşdırıb hüquqi qiymət verməli, varis kimi qəbul edib amma sahiblik edə bilmədiyi mirasa görə miras qoyanın kredit öhdəliklərinə görə niyə məsuliyyət daşımalı olduğu barədə ədalətli qərar qəbul etməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli e-2(060)-5502/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən sxlanılmasını xahiş edir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, borc mərhum atasının borcudur. Borc tələbinin ona qarşı yönəlməsinin səbəbi miras əmlakı vərəsə kimi qəbul etməyidir. Lakin məhkəmənin nəzərinə çatdırır ki, əmlakı sənəd üzərində qəbul etsə də, faktiki olaraq cari gündə orada məcburi köçkünlər məskunlaşıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli e-2(060)-5502/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsini iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıır. Belə ki, iş materiallarında olan: X5 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən X3 60 ay müddətinə, aylıq faiz dərəcəsi 29% olmaqla, 4.238 manat kredit vermişdir. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə X3 verilmiş **********33705101- 093010 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 79.48 kv/m olan 4 otaqlı mənzildən ibarətdir. Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X7 həmin şəhadətnamənin həqiqiliyini təsdiq etmişdir. Maliyyə arayışından görünür ki, X2 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 2205.46 manat əsas borcu vardır. İddiaçının X1 ünvanına göndərilən xx.xx.2016-cı il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı ASC ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında imzalanmış kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nin borcalan X3 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə güzəşt edilmişdir. Həmin borc bildiriş borcalana təqdim edildiyi andan etibarən "Azərbaycan Beynəlxalq Bankı" ASC qarşısında icra edilməlidir. İş materiallarından müəyyən edilir ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, aylıq faiz dərəcəsi 29% olmaqla, 4.238 manat kredit verilmişdir. İddiaçı ASC ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında imzalanmış kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nin borcalan X3 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə güzəşt edilmişdir. X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vərəsəsi Cavabdeh miras əmlakını tam həcmdə qəbul etmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, müəyyən edilir ki, hazırki işdə İddiaçı ASC-nin hazırki iddia tələbini irəli sürmək hüququ olmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixdə İddiaçı ASC Sumqayıt Filialı tərəfindən X4 ünvalanmış bildirişdən görünür ki, İddiaçı ASC ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC arasında imzalanmış kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı ASC-nin borcalan X3 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə güzəşt edilmişdir. bildirilir ki, 08-xx-xx-060852 saylı, 22 avqust 2016-cı il tarxli kredit müqaviləsinə əsasən İddiaçı ASS-yə qarşə mövcud öhdəlik bu bildirişin təqdim edildiyi andan etibarən "Azərbaycan Beynəlxalq Bankı" ASC qarşısında icra edilməlidir. Bununla da müəyyən edilir ki, hazırki kredit müqaviləsi üzrə iddiaçının iddia tələbi irəli sürmək üçün hüququ olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasə iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli e-2(060)-5502/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli e-2(060)-5502/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar