Məhkəmə qərarları › İş №2(105)-2620/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2620/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2620/2020 08.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1159/2020 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1159/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 Şərafətdin oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada kreditor İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 5337,59 ABŞ dolları əsas, 1816,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7153,67 ABŞ dolları və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxx 2020-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Şərafətdin oğlundan, Cavabdeh2 və Cavabdeh3 cəmiyyətin xeyrinə 5337,84 ABŞ dolları əsas, 1860,91 ABŞ dolları faiz borcunun, cəmi 7198,75 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 Şərafətdin oğlu, Cavabdeh2 və Cavabdeh3 ilə cəmiyyət arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 18 ay müddətinə illik 27% olmaqla, 8500 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 Şərafətdin oğlu ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 Şərafətdin oğluna aid bütün öhdəlikləri icra etməlidirlər. İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərəkCavabdeh1 Şərafətdin oğlundan, Cavabdeh2 və Cavabdeh3 cəmiyyətin xeyrinə 5337,59 ABŞ dolları əsas, 1816,08 ABŞ dolları faiz borcunun, cəmi 7153,67 ABŞ dolları məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 Şərafətdin oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2015-ci ildə Xaçmaz rayonunda fəaliyyət göstərən İddiaçı açıq səhmdar cəmiyyətindən 8500 ABŞ dolları kredit almış və ödənişləri vaxtlı-vaxtında ödəyirdi. Onun İddiaçı açıq səhmdar cəmiyyətinə 5337,59 ABŞ dolları əsas və 1816,08 ABŞ dolları faiz borcu qalmışdır. Sonradan övladının ağır xəstəliyi və mağazasının yanması nəticəsində banka ödənişi gecikdirmişdir. Ancaq xx xxxxx 2020-ci ildə 41,12 dollar, xx xxx 2020-ci ildə 41,11 dollar, xx xxxx 2020-ci ildə 41,11 dollar ödəmiş və borcunu mütəmadi ödəməyə başlamışdı. Pandemiya ilə əlaqədar ödəmələrin 2020-ci ilin sentyabr ayınadək dayandırılması barədə sərəncama İddiaçı açıq səhmdar cəmiyyəti məhəl qoymayaraq krediti gecikdirdiyinə görə 2020-ci ilin aprel ayında onu və zaminləri məhkəməyə verməsi barədə ona xəbərdarlıq məktubu göndərmişdir. Bundan başqa, o, krediti ödəyir və ödəməkdən də imtina etmir. Buna baxmayaraq məhkəmə zaminlərin də krediti ödəmələri barədə qətnamə çıxarmışdır. Cavabdeh1 Şərafətdin oğlu apellyasiya şikayətində aldığı kreditdən zaminlərin adlarının çıxarılaraq, onun krediti hissə-hissə ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Şərafətdin oğluapellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı açıq səhmdar cəmiyyəti, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdehlər isə məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 Şərafətdin oğlunun apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdehlərin kredit sazişi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmələrinə və iddianın təmin olunması üçün əsasların olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh1 Şərafətdin oğlu arasında bağlanmış MK/29465/52/19 saylı, xx xxxx 2015-ci il tarixli kredit sazişindən görünür ki, Cavabdeh1 Şərafətdin oğluna 18 ay müddətinə, illik 27 faiz ödənilmək şərti ilə 8500 ABŞ dolları məbləğində kredit verilmiş, sazişi zamin kimi Cavabdeh2 və Cavabdeh3 da imzalamışlar. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx xxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxx 2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 Şərafətdin oğlunun 5337,84 ABŞ dolları əsas, 1860,91 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx xxxx 2020-ci il tarixli bildirişlərindən görünür ki,Cavabdeh1 Şərafətdin oğlu, Cavabdeh2 və Cavabdeh3 borcun 3 gün müddətinə ödənilməsi barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə bağlanmış MK/29465/52/19 saylı, xx xxxx 2015-ci il tarixli kredit sazişinə əsasən Cavabdeh1 Şərafətdin oğluna 18 ay müddətinə, illik 27 faiz ödənilmək şərti ilə 8500 ABŞ dolları məbləğində kredit verilmiş, sazişi zamin kimi Cavabdeh2 və Cavabdeh3 da imzalamışlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehlərin kredit sazişi üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Borcun hissə-hissə ödənilməsinə dair Cavabdeh1 Şərafətdin oğlunun apellyasiya şikayətində göstərdiyi halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələyə qətnamənin icrası mərhələsində baxıla bilər. İş materiallarından görünür ki, digər cavabdehlər qətnamə ilə razılaşaraq, apellyasiya şikayəti verməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1159/2020 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar