Məhkəmə qərarları › İş №2(105)-263/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-263/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-263/2024 08.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil Ziyarəddin oğlunun iştirakı ilə, İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(031)- 811/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, əsas borc üzrə 1787.00 AZN, faiz borcu üzrə 537.26 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2324.26(iki min üç yüz iyirmi dörd manat iyirmi altı qəpik) AZN məbləğində borcun və 43.25 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4310 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 144 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********4310 saylı kredit müqaviləsi xx.xx.2016-ci il tarixli, **********7940 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1829.00 AZN, faiz 0.00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Həmçinin, xx.xx.2016- ci il tarixli, **********7940 hesab nömrəli saziş xx.xx.2016-ci il tarixli, 105.451.14880 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1829.00 AZN, faiz 0.00 AZN,cərimə 0,00 AZN müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 borc məbləği, əsas borc üzrə 1787.00 AZN, faiz borcu üzrə 537.26 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2324.26(iki min üç yüz iyirmi dörd manat iyirmi altı qəpik) AZN təşkil edir. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(031)-811/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1787.00 AZN, faiz borcu üzrə 537.26 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2324.26(iki min üç yüz iyirmi dörd manat iyirmi altı qəpik) AZN məbləğində borcun və 43.25 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması qət edilmişdir (hakim İlqar Cabbarov). Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Şabran Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(031)-811/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən rəsmi qaydada verilməli sənədlər - məhkəmə bildirişləri, iddia ərizəsi ona vaxtında çatdırılmamışdır. Bu səbəbdən də etiraz və vəsatətlər verməkdən, öz müdafiəsini hazırlamaqdan məhrum olmuşdur. Bundan əlavə iddia ərizəsi məhkəməyə müddət ötürülməklə verilmişdir. Eyni zamanda o, iddiaçıya 2800 manatadək pul ödəmiş, 2500 manat kredit aldığı və 2800 manat ödədiyi halda, yenə də ondan 2324 manat məbləğində pul tələb olunması açıq-aşkar şişirdilmiş məbləğdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə X1 arasında kredit müqaviləsi 2014-cü ildə, restruktruzasiya sazişi isə 2016-cı ildə, onun iştirakı olmadan 36 ay müddətinə bağlanmışdır. Həmin müddət isə 2019-cu ilin yanvar ayının 22-də bitmişdir. İddiaçı təşkilat isə məhkəməyə 4 ildən çox vaxt keçdikdən sonra 2023-cü ilin avqust ayının 31-də müraciət etmişdir. Belə olduğu halda onunla bağlanmış zaminlik müqaviləsinə də xitam verilməli idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil Ziyarəddin oğlu apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı Məhdud Məsuliyyətli QBKT-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən yəni Cavabdeh1 aid hissəsində ləğv edilməli, iddia ona aid hissədə təmin edilməməli, qətnamə qalan Cavabdeh2 borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4310 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 32.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 144 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1ci maddəsinə əsasən Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********4310 saylı kredit müqaviləsi xx.xx.2016-ci il tarixli, **********7940 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1829.00 AZN, faiz 0.00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Həmçinin, xx.xx.2016-ci il tarixli, **********7940 hesab nömrəli saziş xx.xx.2016-ci il tarixli, 105.451.14880 hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1829.00 AZN, faiz 0.00 AZN,cərimə 0,00 AZN müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 borc məbləği, əsas borc üzrə 1787.00 AZN, faiz borcu üzrə 537.26 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2324.26 (iki min üç yüz iyirmi dörd manat iyirmi altı qəpik) AZN təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit xətti və bank hesabı müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********4310 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlandığından müqavilə üzrə öhdəliklərin icrası cavabdeh zamin Cavabdeh1 dair hissədə xx.xx.2017-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir.Həmin maddənin tələbinə görə zaminlik müqaviləsi üzrə öhdəliyə artıq zamin Cavabdeh1 münasibətdə xitam verilmişdir. Çünki onunla xx.xx.2015-ci il tarixli müqavilədən başqa digər müqavilə bağlanmamışdır. Bununla belə xx.xx.2016-ci il tarixli, **********7940 hesab nömrəli saziş və xx.xx.2016-ci il tarixli, 105.451.14880 hesab nömrəli saziş iddiaçı Finca Azerbaijan” MM QBKT ilə yalnız digər Cavabdeh2 arasında bağlandığından həmin müqaviləyə dair öhdəliklərin icrası Cavabdeh1 münasibətdə tətbiq olunmur. Həmin xx.xx.2016-ci il tarixli sazişə dair öhdəliyin icrası 36 ay müddətinə bağlandığından xx.xx.2019-cu il tarixdə, xx.xx.2016-ci il tarixli sazişin icra müddəti isə 58 ay müddətinə bağlandığından xx.xx.2021ci il tarixdə bitdiyindən İddiaçı MM QBKT tərəfindən müqavilə üzrə iddia müddəti Cavabdeh2 münasibətdə ötürülməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən yəni Cavabdeh1 aid hissəsində ləğv edilməli, iddia ona aid hissədə təmin edilməməli, qətnamə Cavabdeh2 borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, 2(031)-811/2023 nömrəli qətnaməsi qismən, yəni Cavabdeh1 aid hissədə ləğv edilsin. İddia tələbi ona aid hissədə təmin edilməsin. Qətnamə digər hissədə, yəni Cavabdeh2 əsas borc üzrə 1787.00 AZN, faiz borcu üzrə 537.26 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 2324.26 (iki min üç yüz iyirmi dörd manat iyirmi altı qəpik) AZN məbləğində borcun və 43.25 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar