Məhkəmə qərarları › İş №2(105)-263/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-263/2025

06.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-263/2025 06.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (qarşılıqlı iddia ərizəsinin geri qaytarılması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(060)-4342/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən, Cavabdeh ona məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 saylı evin, 31 saylı mənzilini 2014-cü ildən bugünə kimi qeyri-qanuni sürətdə zəbt etməsi ilə əlaqədar olaraq ona dəymiş 24000 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 162.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. xx.xx.2024-cü il tarixdə Liftiyev X2 Xalid Aqil oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Adil oğlunun ona qarşı “dəymiş ziyanın ödənilməsi” iddia tələblərinin tamamilə rədd edilməsi və Sumqayıt Şəhəri, 36-cı məhəllədə, 0,091 ha torpaq sahəsində yerləşən 5/11 nömrəli evin, 40,95 kv.m ümumi, 28,1 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzilin təmirinə və avadınlaqlarına xərclədiyi 38200 manatın və məhkəməyə ödədiyi 204,60 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(060)-4342/2024 nömrəli qərardadı ilə (hakim A.Behbudova) Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

4. Cavabdeh qeyd edilən qərardaddan şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(060)-4342/2024 nömrəli qərardadının ləğv edilməsini, İddiaçı Adil oğlunun ona qarşı “dəymiş ziyanın ödənilməsi” iddia tələbinin tamamilə rədd edilməsi və Sumqayıt şəhəri, 36-cı məhəllədə, 0,091 ha torpaq sahəsində yerləşən 5/11 nömrəlievin 40,95 kv.m ümumi, 28,1 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzilin təmirinə və avadanlıqlarına xərclədiyi 38200 manatın, məhkəməyə ödədiyi 204,60 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini barədə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(060)-4342/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh məhkəmə tərəfindən göndərilən iddia ərizəsinin surətini xəbərnaməli bildirişlə xx.xx.2024-cü il tarixdə imza edib qəbul etməsinə baxmayaraq, qarşılıqlı iddia ərizəsini məhkəməyə 04 dekabr 2024-cü il tarixdə, yəni 5 ay 06 gün sonra təqdim etmiş, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində təqdim edilməsini mümkünsüz edən halları əsaslandıra bilməmiş, həmçinin onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edib ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh iddia ərizəsinin surətini alaraq, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, etiraz ərizəsi qəbul edilmiş, lakin qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə onu da qeyd edib ki, qarşılıqlı iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyindən, eləcə də qarşılıqlı iddia ərizəsinin müəyyən edilmiş müddət keçdikdən sonra verilməsinin səbəbi əsaslandırılmamasından, həmçinin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən və qarşılıqlı əlaqəsi olmadığından onun məhkəmə icraatı mümkün deyildir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 154.1, 155.1, 155.2, 155.3, 156.1-ci maddələrinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin mövqeyi əsassız və qanunsuzdur. Qanunvericiliyin tələbləri baxımından qarşılıqlı iddia, hətta məhkəmə baxışında da verilə bilər o halda ki, həmin iddia tələblərində nəzərdə tutulmuş hallar bu dövrdə meydana çıxmış olsun. Baxmayaraq ki, qarşılıqlı iddia hazırlıq mərhələsində verilmişdir, lakin ötən bu 5 ay ərzində iş üzrə şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Belə ki, artıq İddiaçı hal-hazırda ümumiyyətlə mübahisəli mənzilin mülkiyyətçisi deyildir, o 30000 manata aldığı, cavabdehin isə təmirinə və avadanlıqlarına 38200 manat xərclədiyi mənzili, 60000 manata başqa şəxsə sataraq qanunsuz gəlir əldə edərək aradan çıxmışdır. Onun həmin mənzilə dair heç bir hüququ qalmamışdır. Belə olan halda, şəraitin dəyişməsiylə əlaqədar və İddiaçı cavabdehə vurduğu ziyana görə məsuliyyətdən qaçıb aradan çıxmasına şərait yaradılmaması üçün ona qarşı bu cür iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qanunvericilikdə də göstərildiyi kimi qarşılıqlı iddianın verilməsi üçün əsaslar hal-hazırkı dövrdə əmələ gəlmişdir. Yəni qarşılıqlı iddianın 5 ay bundan əvvəl təqdim edilməsi ondan asılı olmayan səbəblərə görə mümkün olmamışdır. Çünki mənzil hal-hazırki dövrdə cavabdeh tərəfindən satılmışdır. Belə olan halda, şəraitin dəyişməsi nəticəsində cavabdehin həmin mənzilə heç bir hüququnun olmaması ilə əlaqədar mənzillə bağlı iddia tələblərinin də əsassız və qanunsuz olması bir daha sübuta yetirilir və qarşılıqlı iddia tələbi tam əsaslı və qanunidir. İşə baxan məhkəmə isə qeyd olunan halları nəzərə almamışdır. Göstərilən hallar nəzərə alınmalı və nəticədə qəbul edilmiş əsassız qərardad ləğv edilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 155.1-ci maddəsinin 2-ci cümləsinin tələbinə görə qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarındakı mövqeyinə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilk iddianı irəli sürmüş şəxsə, yəni iddiaçıya qarşı irəli sürə bilər. Qarşılıqli iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokuror və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur.

Apellyasiya baxışının hədləri

13. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(060)-4342/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(060)-4342/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Belə ki, Azərbaycan Respublikası MPM-in 155-ci maddəsinə əsаsən cаvаbdeh ilk iddiа ilə birlikdə bаxılmаq üçün iddiаçıyа qаrşılıqlı iddiа verməyə hаqlıdır və qarşılıqlı iddianın verilməsi ümumi qaydaları əsasında həyata keçirilir. Yəni, qarşılıqlı iddia ərizəsi və onun verilməsi Azərbaycan Respublikası MPM-in “iddianın verilməsi” fəslində təsbit olunmuş qaydalarа uyğun olmalıdır.

16. Bu məcəllənin 154.1-ci maddəsinə görə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir.

17. 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

18. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırkı iş üzrə ilk iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

19. Yenə işdən görünür ki, Cavabdeh məhkəmə tərəfindən göndərilən iddia ərizəsinin surətini xəbərnaməli bildirişlə xx.xx.2024-cü il tarixdə imza edib qəbul etmişdir. Belə olan halda qarşılıqlı iddia ərizəsinin məhkəməyə 04 dekabr 2024-cü il tarixdə, yəni 5 ay 06 gün sonra təqdim edilməsi, (qanunvericilikdə nəzərdə tutulmuş 20 gün müddət ərzində təqdim edilməməsi) qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini mümkünsüz edir ki, işə baxan məhkəmənin bu barədə mövqeyi əsaslı və işin hallarına uyğun hesab edilməlidir.

20. Qarşılıqlı iddia ərizəsini icraata götürməyən birinci instansiya məhkəməsi ərizənin məhz prosessual qanunvericilikdə nəzərdə tutulan müddət çərçivəsində deyil, nəzərdə tutulan müddət keçdikdən sonra verilməsi, habelə bunun üçün yaranma əsaslarının mövcud olmadığını göstərmişdir.

21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir.

22. Yuxarıda qeyd olunan qanunvericiliyin normalarından göründüyü kimi cavabdeh tərəfindən ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia, iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra işin məhkəmə baxışı başlanana kimi, o cümlədən də işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində verilə bilər. Həmçinin məhkəmə baxışının səmərəli təşkili baxımından, işin baxılmasının lüzumsuz təxirə salınmaması və işi qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində baxılıb həll edilməsi üçün qarşılıqlı iddia işin məhkəmədə baxılmasına başlanana kimi verilməlidir.

23. Lakin araşdırılan işdən görünür ki, bütün bunların əksinə olaraq Cavabdeh qarşılıqlı iddia ərizəsini qeyd olunan müddət ərzində deyil, ilk iddia ərizəsinin icraata qəbul edilməsindən 5 aydan artıq keçən müddətdə vermişdir. Habelə bunun üçün əsasların məhz ondan aslı olmayan səbəblərdən verilməsi ilə bağlı şikayətdə qeyd edilən arqumentlər isə əsaslı deyildir. Konkret halda müəyyən edilmiş müddət əhəmiyyətli dərəcədə keçdikdən sonra qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır, əksinə ziddiyyət təşkil edir.

24. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında qarşılıqlı iddia ərizsəsinin verilməsinə dair tələblər, o cümlədən də MPM-in 155.2-ci maddəsinə əsasən həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməsinə riayət olunması tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib.

25. Qeyd edilməlidir ki, qarşılıqlı iddianın qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi, tərəfin (qarşılıqlı iddiaçının) öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır.

26. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin yuxarıda sadalanan hallarla bağlı geri qaytarması barədə mövqeyi əsaslıdır.

27. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(060)-4342/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar