Məhkəmə qərarları › İş №2(105)-2630/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2630/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2630/2020 27.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin direktoru X3, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-884/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-884/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 3510 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) pulun alınaraq İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 3510 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə müxtəlif istiqamətlərdə səfərlərinin həyata keçirilməsi məqsədi ilə aviabiletlər sifariş verilmişdir. İddiaçı məhdud məsuliyyətli cəmiyyəti sifariş olunmuş xidmətləri öz vəsaiti hesabına həyata keçirmiş və sifariş edilən istiqamətdə və tarixlərdə aviabiletləri vaxtında təqdim etmişdir. İddiaçı məhdud məsuliyyətli cəmiyyəti cavabdehin sifarişi əsasında üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsinə baxmayaraq cavabdeh bu günə qədər təqdim olunmuş xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İcra olunmuş sifarişlərə görə İddiaçı məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ödənilmiş pul vəsaitləri cavabdeh tərəfindən vaxtında ödənilməməsinə baxmayaraq İddiaçı məhdud məsuliyyətli cəmiyyəti həmin aviabiletlər üzrə nə səfərlərin həyata keçirilməsində, nə də digər formada hər hansısa çətinlik yaratmamışdır. Lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən sifariş edilən xidmətlərin dəyərinin ödənilməməsi onların qanunla qorunun hüquqlarının pozulmasına və bununla da, onlara maddi ziyanın dəyməsinə səbəb olmuşdur. Cavabdeh 3510 ABŞ dolları məbləğində borcu mövcuddur. Ona görə də Cavabdeh 3510 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam və hərtərəfli araşdırılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədiyindən, həmçinin onun məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, qeyri-obyektiv və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Onun məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Belə ki, Quba rayonunda qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhərində yaşayır. Məhkəmə prosesi barədə ona məlumat verilmiş, ancaq Respublikada tətbiq olunan karantin rejimi ilə bağlı hər dəfə təxirə salınmışdır. O, hər dəfə məhkəmə ilə əlaqə saxlayıb mütləq məhkəmə iclasında iştirak etmək istədiyini bildirmişdir. Sonuncu dəfə keçirilən məhkəmə iclası barədə ona məlumat verilməmiş, telefon vasitəsi ilə növbəti dəfə iclasın nə vaxt keçiriləcəyi barədə maraqlandıqda, x xxxx 2020-ci ildə məhkəmə iclasının keçirildiyi və qətnamə çıxarıldığı bildirilmişdir. Bundan əlavə, məhkəmə hər hansı bir araşdırma aparmadan iddiaçı tərəfindən təqdim edilmiş arayışa əsasən qətnamədə tam əsassız olaraq göstərmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh müxtəlif tarixlərdə İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə aviabiletlər sifariş vermiş, həmin aviabiletlərlə müxtəlif ölkələrə səyahət etmiş, səyahətlərində heç bir çətinlik yaranmamış və cavabdeh aviabiletlərin dəyərini İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə ödəməmişdir. Yəni onun tərəfindən aviabiletlərin dəyərinin ödənilməsi barədə iş materiallarında sübut mövcud deyildir. O, məhkəmə iclasında iştirak etmədiyi halda, məhkəmənin onun iddiaçıya borcunun olmasının işin mübahisəsiz halı olduğunu göstərməsi tam əsassız olmaqla, məhkəmə qətnaməsinin birtərəfli, yəni tərəflərin çəkişmə prinsipinin pozulması, həmçinin qətnamənin məhkəmə baxışının prinsiplərinə riayət etmədən çıxarıldığını müəyyən edir. Eyni zamanda İddiaçı məhdud məsuliyyətli cəmiyyətini tanımamış, ona müraciət etməmiş və aralarında nisyə xidmət barədə hər hansı bir formada razılaşma olmamışdır. Bilet və digər məqsədlər üçün zəruri olan sənədlər və ödəniş nəğd olaraq bilet satışı ilə məşğul olan Fərhad adlı şəxsə verilmiş və onun vasitəsilə adına elektron bilet rəsmiləşdirilmişdir. Həmin vaxtdan ötən müddət ərzində Fərhadla aralarında ödənişin edilməməsi ilə bağlı hər hansı bir formada danışıqları olmamışdır. Əgər həqiqətən də biletin və digər xidmətlərin pulu ödənilməmiş olsaydı, bu müddət ərzində Fərhad onun mobil telefonuna zəng edərdi və ya özündə olan ünvanına ödənişlə bağlı yazılı bildiriş göndərərdi. Əgər belə hallar olubsa, onda həmin sənədləri sübut qismində təqdim etməli idi. Həmçinin birinci sifariş edilmiş biletin dəyəri ödənilmədən, ikinci biletin ödəniş aparılmadan ona verilməsi mümkün deyildir. Bu məsələ məhkəmə tərəfindən nəzərə alınmamış və araşdırılmamışdır. Məhkəmə qətnamədə həmçinin Azərbaycan Respublikası MM-nin borc müqaviləsini nizama salan normalarına isitnad etmişdir. Halbuki onunla İddiaçı məhdud məsuliyyətli cəmiyyəti arasında hər hansı formada borc münasibətləri yaranmamışdır. Eyni zamanda məhkəmə iclasında iştirakı təmin edilmədiyindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququndan da məhrum olmuşdur. İddiaçı məhdud məsuliyyətli cəmiyyəti bilet satışı və xidmət göstərdiyi halda, bu barədə aralarında yazılı müqavilə bağlanmasına heç bir maneçilik olmamışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin direktoru X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi işə cavabdehin iştirakını təmin etmədən baxmışdır. Azərbaycan Respublikası MPM-nin 138.1-ci maddəsinə görə məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 138.2-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasından da göründüyü kimi qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə bildirişinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişinin cavabdehin rəsmi qaydada almasına dair iş materiallarına heç bir sənəd əlavə olunmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, hazırki işə cavabdehin iştirakı təmin edilmədən baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinə hüquqi qiymət verilməklə yeni qətnamə qəbul edilməldir. İş materiallarında olan İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh təcili 1 illik Çin vizası alınması xidmətinin göstərilməsi, sənədlərin hazırlanması, dövlət rüsumu xərci 975 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə Bakı-Doha-Pekin reysi üçün aviabiletin qiyməti 1250 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə Pekin-Doha-Bakı reysi üçün aviabiletin qiyməti 1285 ABŞ dolları, xidmətin ümumi dəyəri 3510 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan “Qatar AİRWAYS Group” şirkətinin Azərbaycan Respublikasındakı filialının xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 13 fevral 2017-ci il tarixdə 254 saylı və xx xxxxxx 2017-ci il tarixdə 895 saylı reyslərlə uçmuşdur. Birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası MM-nin alqı-satqı müqaviəsini nizama salan 567,600-cü, borc münasibətlərini nizama salan 739-cu maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasında alqı-satqı və borc münasibətləri olmamışdır. İşdən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti iddia tələbini cavabdehə xidmət göstərilməsi, yəni təcili 1 illik Çin vizasının alınması, sənədlərin hazırlanması, dövlət rüsumu üçün 975 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə Bakı-Doha-Pekin reysi üçün aviabiletin alınmasına görə 1250 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə Pekin-Doha-Bakı reysi üçün aviabiletin alınmasına görə 1285 ABŞ dolları, ümumilikdə dəyəri 3510 ABŞ dolları dəyərində xidmət göstərilməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 386.4-cü maddəsinə görə elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. İşdən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında xidmətlərin göstərilməsinə dair yazılı müqavilə olmamış, belə bir müqavilə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. Tərəflər arasında elektron formada da belə bir müqavilə bağlanmasına dair iş materiallarında heç bir sübut yoxdur. İddiaçı məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh təcili 1 illik Çin vizasının alınması, sənədlərin hazırlanması, dövlət rüsumu üçün səfirliyə, eləcə də xx.xx.2017-ci il tarixdə Bakı-Doha-Pekin, xx.xx.2017-ci il tarixdə Pekin-Doha-Bakı reysi üçün aviabiletlərin alınmasına görə “Qatar AİRWAYS Group” şirkətinə müvafiq ödəmələri etməsinə dair sənədləri (ödəmə tapşırıqları, kassa məxaric orderləri və s.) də məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehlərin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia müddətinin buraxıldığını bildirmiş, mübahisəyə iddia müddətini tətbiq etməklə, iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti dəyərini tələb etdiyi xidmətləri xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə göstərdiyini iddia etsə də, 3 illik iddia müddəti keçdikdən sonra, xx xxxx 2020-ci ildə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-884/2020 saylı qətnaməsindən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar