Məhkəmə qərarları › İş №2(105)-2632/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2632/2021

04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2632/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X16 Tağızadənin sədrliyi və məruzəsi, X6 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin tikinti-təmir işlərinə çəkilmiş xərcin əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 17 may 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.R.Ələkbərov) İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin tikinti-təmir işlərinə çəkilmiş xərcin əvəzinin tutulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza (müstəqil qiymətləndirici) tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat İddiaçı tutularaq "xxxx" MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialındakı (kod-507376, VÖEN(bank) **********, m/hAZ27NABZ********************; SWİFT BİC: JBBKAZ22, h/h AZ82JBBK**********1147293A67) hesablaşma hesabına keçirilməsi, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin tikinti-təmir işlərinə çəkilmiş xərcin əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonu Məşrif kəndində Cavabdeh məxsus torpaq sahəsi üzərində tərəfindən inşa edilmiş fərdi yaşayış evinin tikinti-təmir işlərinə çəkilmiş cəmi 31 442 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, bibisi, Cavabdeh və ailə üzvləri, yəni arvadı X13, oğlu X5, cavabdehin övladlığa götürdüyü, onun bioloji oğlu olan X7, onun arvadı Məmmədova (Abbasova) Aysel İlqar qızı və onların 3 azyaşlı körpə uşağı ilə uzun müddət birlikdə, əvvəlcə bibisi Cavabdeh anası, onun isə ata nənəsi olan mərhum L.Məmmədovaya məxsus olmuş, 1999-cu ildən vərəsəlik hüququ ilə cavabdehin mülkiyyətinə keçmiş Siyəzən rayonu Məşrif kəndində yerləşən iki mərtəbəli fərdi yaşayış evində yaşamışlar. Təxminən 2009-2010-cu illərdə həmin iki mərtəbəli ev köhnə olmaqla, seysmik aktiv zonada yerləşdiyi və uzun müddət istismarda olmaqla, aşağı keyfiyyətli xammalla tələm-tələsik inşa edildiyi üçün evləri dağılaraq qəzalı hala düşdüyündən, evdə yaşamaq təhlükəli olduğuna görə o, təxminən 2009-cu ildə həmin evin yaxınlığında yeni bir mərtəbəli ev inşa etdirməyə başlamışdır. Yeni tikdirdiyi evin bir hissəsi hazır olandan sonra köhnə evi söküb cavabdeh və öz ailə üzvləri ilə birlikdə yeni inşa olunmuş evə köçərək 2015-ci ilə kimi orada mehriban yaşamışlar. 2015-ci ildə bibisi Cavabdeh 04 fevral 1995-ci il tarixdə övladlığa götürdüyü, bioloji atası olduğu, 30 oktyabr 1988-ci il təvəllüdlü Elvin Məmmədovdan başqa varisi olmadığını görən bəzi qohumları cavabdehə məxsus 0,40 ha həyətyanı torpaq sahəsinə sahib olmaq məqsədi ilə bibisini onlara qarşı qaldırmışlar. Heç bir ciddi əsas olmadan bibisi Cavabdeh oğlu E.Məmmədova qarşı “qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsinin 2(059)-407/2015 saylı qərardadına əsasən, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizasının rəyinə əsasən cavabdehin və onun istifadəsində olan torpaqlar dəqiqliklə ölçülmüş, aralarındakı sərhədlər müəyyən edilərkən ata-baba evləri dağılandan sonra inşa etdirdiyi evin bir hissəsinin cavabdehə məxsus torpağın üzərində inşa edildiyi müəyyən olunmuşdur. Belə ki, yeni ev inşa edilərkən torpaqların sərhədləri dəqiq müəyyənləşdirilməmişdir. Belə olan halda, gələcəkdə belə bir problem yaranacağını bilsə idi, bu zaman evi öz torpaq sahəsində inşa etdirərdi. Bundan başqa, Cavabdeh 2015ci ildən, yəni mübahisəli ev tam tikilib təmir olunandan sonra dəfələrlə 8 nəfərdən ibarət iki ailənin evdən çıxarılmasını tələb etmişdir. Cavabdeh onlara qarşı birinci iddiası Siyəzən Rayon Məhkəməsinin 2(059)-407/2015 saylı qərardadı ilə baxılmamış saxlanılmış, 2016-cı il tarixdə isə təkrarən “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işin araşdırması zamanı məlum olmuşdur ki, cavabdehin onların evdən çıxarılmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, iddia tələbinin əsası kimi Cavabdeh anası Lalə Məmmədovadan miras qalmış və vərəsəlik hüququ ilə bibisinə keçmiş, ümumi sahəsi 136,3 kv.metr olan, 2 mərtəbəli 2 yaşayış otaqlı fərdi yaşayış evinin mülkiyyət hüququ ilə ona məxsus olması barədə çıxarışa istinad etmiş və yerli baxış zamanı həmin evin mövcud olmadığı, onun tərəfindən inşa edilmiş evə isə cavabdehin mülkiyyət hüququnun olmasını təsdiq edən hər hansı hüquq müəyyənedici sənədin olmadığı müəyyən edilmişdir. Cavabdeh Siyəzən Rayon Məhkəməsinə onlara qarşı "kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onlara 13 000 manat pul təklif etmiş və bu zaman yeni inşa edilmiş evin mülkiyyət hüququ ilə ona məxsus olması barədə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 11 avqust 2017-ci il tarixdə verilmiş çıxarışa istinad etmişdir. Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən, onun cavabdehin mülkiyyətindəki Siyəzən rayonu Məşrif kəndində 0,23 ha torpaq sahəsində tikilmiş 131.1 kv.m sahəsi olan fərdi yaşayış evinə köçürülməsi hissəsində təmin edilmiş, qalan hissədə isə təmin edilməmişdir. Cavabdeh bu qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin bu qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası kassasiya şikayətini təmin edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2019-cu il tarixli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsinin qismən, ilk iddia tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilməsi, iddiaçı Cavabdehlər İddiaçı, X8, X2, X1, X9 (iki azyaşlı uşağı ilə birlikdə) qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi, yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməklə, cavabdehlərə hər birinə 4000 manat, cəmi 20 000 manat kompensasiya ödənilməklə mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Siyəzən rayonu Məşrif kənində yerləşən evindən istifadə hüquqlarına xitam verilməklə, həmin evdən çıxarılmasını, iddiaçının apellyasiya şikayətinin təmin olunmasını qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sonuncu qərarına əsasən onlar Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan, lakin 2010-2012-ci illərdə onun tərəfindən inşa olunan və halhazıradək təmir etdirdiyi, uzun müddət iki ailənin, onun və cavabdehin oğlu E.Məmmədovun 8 nəfərlik ailə üzvünün yaşadığı Siyəzən rayonu Məşrif kəndində yerləşən 1 mərtəbəli, 3 yaşayış otağından ibarət, ümumi sahəsi 131,1 kv.m olan fərdi yaşayış evinin tikinti və təmirinə 30 787 manat vəsait xərclənmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən mənzil tikilən 2010-2012-ci illərdə heç bir tərəfin mülkiyyətində deyildi. Cavabdeh mülkiyyət kimi onun adına qeydə alınmış fərdi yaşayış evinin 2010-2012-ci illərdə inşa etdirilməsi işin mübahisəsiz halıdır. Məhkəmə onun tərəfindən təqdim edilmiş sənədlərə düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsi şahid ifadələrinə heç bir hüquqi qiymət verməmişdir. Siyəzən Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(059)-4/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdeh tərəfindən iddiaçıya maddi zərərin dəyməsinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 05 mart 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,23 ha torpaq sahəsi Cavabdeh adına mülkiyyət hüququ ilə 05 mart 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 48 nömrəli vərəqində qeydə alınmışdır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 08 iyun 2017-ci il tarixli, 2(059)-19/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər X4, İddiaçı, X10, X3, Abasova (Məmmədova) Aysel İlqar qızına, eləcə də X11 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir. İşə əlavə olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən 11 avqust 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, eləcə də həmin evin texniki pasportunun təsdiq olunmuş surətlərindən görünür ki, Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üzərindəki 131.1 kv.m sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına həmin tarixdə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində **********40-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 2(059)-75/2018 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(105)-859/2019 saylı qətnamələrindən görünür ki, Siyəzən Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməklə, İddiaçı, X10, X4, X3 və Abasova (Məmmədova) Aysel İlqar qızına (iki azyaşlı uşağı ilə birlikdə) hər birinə 4000 manat, cəmi 20000 manat kompensasiya ödənilməklə, onların mülkiyyət hüququ əsasında Cavabdeh məxsus Siyəzən rayonu, Məşrif kəndində yerləşən evdən istifadə hüquqularına xitam verilməsi və onların evdən çıxarılması qət edilmiş, habelə qətnamə Cavabdeh mülkiyyətindəki Siyəzən rayon Məşrif kəndində 0,23 ha torpaq sahəsində tikilmiş 131,1 kv.m sahəsi olan fərdi yaşayış evinə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşdə olan "xxxx" MMC-ti tərəfindən 02 mart 2021-ci il tarixdə tərtib edilmiş, 0455/21 Mİ nömrəli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Cavabdeh mülkiyyətində olan Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,23 ha torpaq sahəsinin onun üzərindəki 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 131.1 kv.m olan fərdi yaşayış evi ilə birlikdə bazar dəyəri 17000 manat, bu fərdi yaşayış evinin təmir-tikinti işlərinə çəkilən xərclər isə 29800 manat təşkil etmişdir. İşdə olan mötəbər maliyyə sənədlərindən görünür ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmiş, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza (müstəqil qiymətləndirici) tədqiqatının dəyəri isə 250 (iki yüz əlli) manat təşkil etmişdir. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edildi ki, Siyəzən rayonu AİK-nın 24 dekabr 1997-ci il tarixli, 23-İİİ saylı sərəncamı ilə Siyəzən rayonunun Məşrif kəndi ərazisində 0,48 ha torpaq sahəsinin Cavabdeh və onun ailə üzvləri E.İddiaçı mülkiyyətinə verilməsi, həmin kənddə yerləşən yaşayış sahəsi 38 kv.mdən, yardımçı sahəsi 98,3 kv.mdən, 2 yaşayış otağından ibarət olan fərdi yaşayış evinin Cavabdeh tam mülkiyyəti kimi 21 noyabr 2014-cü il tarixdə qeydə alınması, evin köhnə olduğu üçün sökülərək, yerində 2010-cu ildə yeni fərdi yaşayış evinin inşa olunduğu, cavabdehin mülkiyyətində olan iki mərtəbəli, iki yaşayış otaqlı evin hazırda mövcud olmadığı, mübahisələndirilən ərazidə inşa edilmiş bir mərtəbəli, üç yaşayış otaqlı fərdi yaşayış evinin cavabdehə məxsus olan 0,40 ha AN 245486 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən alınmış RX seriyalı ******* nömrəli çıxarışlı 0,23 ha torpaq sahəsinin üzərində inşa edildiyi, mübahisələndirilən ərazidə inşa edilmiş bir mərtəbəli üç yaşayış otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində olan torpaq sahəsi olması sonuncunun uzun müddət iddiaçı ilə birlikdə mübahisəli evdə yaşayaraq oradan fasiləsiz və etirazsız istifadə etməsi işin materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinin İ hissəsinin İİİ, İV və Vİİ bəndlərinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. İşin faktiki hallarından, o cümlədən tədqiq olunmuş mötəbər sübutlardan da göründüyü kimi zaman keçdikcə aşınması nəticəsində yararsız vəziyyətə düşməklə, orada normal yaşayış şəraitinin təmin edilməsini mümkünsüz edən əvvəlki tikili sökülərək, bu tikilinin yerində, habelə Cavabdeh 0,23 ha torpaq sahəsinin üzərində 2010-cu ildə bir mərtəbəli üç yaşayış otaqlı fərdi yaşayış evi inşa edilmiş, bundan sonra tərəflər bir müddət birgə yaşamağa, eləcə də birgə təsərrüfat idarə etməyə başlamışlar. Yəni, tərəflər yaşayış şəraitini yaxşılaşdırmaq üçün öz iradələrindən sərbəst şəkildə istifadə etməklə, mülkiyyətçinin hüquqlarını çətinləşdirməmək şərti ilə sərbəst surətdə gələcəkdə uzun müddət birlikdə istifadə edəcəkləri mübahisəli tikilini inşa edib, bəzək-tamamlama işləri aparmış, bu zaman kiminsə təsirlərinə məruz qalmamış, öz sərbəst iradələrini ifadə etməklə, istəklərini icra etmişlər. Hazırda tərəflər arasında mübahisə olduğundan iddiaçı tikilinin inşası, eləcə də təmiri zamanı çəkmiş olduğu xərclərin əvəzini həmin tikilinin dəyərindən iki dəfə artıq olmaqla, tələb edir. Lakin, qeyd olunan hal birgə yaşayış qaydalarına zidd olmaqla, mülki qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Bundan əlavə, cavabdeh iddiaçıya, eləcə də onun yaxın qohumlarına hər birinə 4000 manat olmaqla, cəmi 20000 manat kompensasiya ödənilməklə, onların Siyəzən rayonu, Məşrif kəndində yerləşən mübahisəli evdən istifadə hüquqularına xitam verilməsinə nail olmaqla, iddiaçının gələcəkdə yaxınları ilə birlikdə uzun müddət normal yaşayış sahəsi ilə təmin olunması üçün şərait yaratmış, habelə iddiaçının ailə üzvləri ilə birgə 2010-cu ildən hazırkı vaxtadək mübahisəli evdən istifadə etməsinin əvəzində hər hansı təmənna güdməməklə, humanistlik nümayiş etdirmiş, onları yaşayış sahəsinə olan ehtiyaclarını on ildən arıq müddətə qarşılamışdır. Belə olan halda, hətta, bu və ya digər şəkildə iddiaçı tərəfindən mübahisəli evə müəyyən məbləğdə xərcin çəkilməsi təsdiq olunsa belə, bu xərcin iddiaçının xeyrinə cavabdehdən tutulması sonuncunun əmlak müstəqilliyinə, mülkiyyət toxunulmazlığına və mülkiyyətindən maneəsiz istifadə etməsinə xələl gətirməklə, nəhayət mülki qanunvericiliyin prinsiplərinin tənasübsüz pozulması, eləcə də ədalətin təməlinin sarsılması ilə nəticələnəcəkdir. Həmçinin, "xxxx" MMC tərəfindən tərtib edilmiş 02 mart 2021-ci il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan da göründüyü kimi Cavabdeh mülkiyyətində olan Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0,23 ha torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 17000 manat təşkil etdiyi halda, həmin fərdi yaşayış evinin təmir-tikinti işlərinə çəkilən xərclər 29800 manat təşkil etmişdir. Göründüyü kimi yaxşılaşdırma, yenidənqurma üçün çəkilən məsrəf mövcud əmlakın dəyərindən artıq olmaqla, hazırkı vaxt üçün ağlabatan deyildir. Çünki, hazırkı dövrdə sözügedən tikili artıq uzun müddət istismarda olmaqla, təbii olaraq aşınmalara məruz qalmışdır. Bundan əlavə, tikinti bazarındakı hazırkı qiymətlərlə tikilinin inşası, eləcə də təmiri zamanı mövcud olmuş qiymətlər, o cümlədən çəkilməli zəruri xərclər müqayisə edilərsə, tərtib edilmiş qiymətləndirmə rəyinin hansı dövr üçün əhəmiyyətli olmasını müəyyən etmək mümkün olmadığından, əldə edilmiş məbləğlərin də ağlabatan olması istisna edilir. Bu zaman qeyd olunan şərtlərlə cavabdehdən hər hansı bir məbləğin tutulması sonda iddiaçının əsassız varlanmasına, habelə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etməsinə şərait yaracaqdır ki, bu da mülki qanunvericiliyin tələblərinə zidd olmaqla, yanaşı, gələcəkdə yeni məhkəmə mübahisələrinin yaranmasına zəmin olma ehtimalının yüksək dərəcədə artırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunan Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qiymətləndiricinin rəyinə qiymət verərək qeyd edir ki, tikinti bazarındakı hazırkı qiymətlərlə tikilinin inşası, eləcə də təmiri zamanı mövcud olmuş qiymətlər müqayisəli tədqiq edilmədiyindən, o cümlədən çəkilməli zəruri xərclər hansı dövr üçün əhəmiyyətli olmasını müəyyən etmək mümkün olmadığından rəyin birtərəfli qaydada tərtib edilməsi təəssüratı yaranmaqla yanaşı, onun ağlabatanlılıq prinsipi baxımından həqiqəti, obyektivliyi əks etdirmədiyi qənaətinə gəlinərək, əsaslı hesab edilməsi və mötəbər sübut kimi qəbul edilməsi istisna edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin iş üzrə 17 may 2021-ci il tarixli 2(059)-4/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar