Məhkəmə qərarları › İş №2(105)-264/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-264/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-264/2022 14.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı “Finca Azərbaycan» MM QBKT-nın cavabdelər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqavilələrinə əsasən borcun qaytarılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-395/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-395/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1438,41 (min dörd yüz otuz səkkiz ABŞ dolları, qırx bir sent) ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “Finca Azerbaijan” MM QBKTnın xeyrinə ödənilməsi qət edilmişdir. (hakim G.İmanova) Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-395/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasının xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “Finca Azərbaycan» MM QBKT məhkəmədə iddia qaldıraraq iddiasını onunla əsaslandırmışdır ki, Təşkilatla Cavabdeh1 arasında bağlanmış 22.10.2014-cü il tarixli, **********4774 saylı kredit müqaviləsinə əsasən həmin şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 24 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1421 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 zamin qismində bu kredit müqaviləsinin tərəfi olmuşlar. Həmçinin, 22.10.2014-cü il tarixli, **********4774 saylı kredit müqaviləsi 15.04.2015-ci il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 10406 ABŞ dolları, faiz və cərimə 0,00 ABŞ dolları müəyyən edilmişdir. Beləliklə. 07.05.2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 əsas borcu 1438,41 ABŞ dolları təşkil edir, faiz və cərimə borcu isə yoxdur.Cavabdeh tərəfindən axırıncı ödəniş 19.04.2019-cu ildə olmuşdur. Bundan sonra isə qeyd olunan müqavilənin şərtləri borclu tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə birtərəfli baxmışdır. Bank tərəfindən hazırkı tələb üzrə iddia müddəti ötürülmüşdür. Bundan başqa, onun maddi vəziyyəti pisdir. Bütün bunlar isə məhkəmədə nəzərə alınmamışdır. Buna görə də qətnamə ləğv olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 22.10.2014-cü il tarixli, **********4774 saylı kredit müqaviləsindən görünür ki, biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 24 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1421 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İşdə olan sazişdən görünür ki, 22.10.2014-cü il tarixli, **********4774 saylı kredit müqaviləsi 15.04.2015-ci il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1438,41 ABŞ dolları müəyyən edilmişdir. Yenə iş materiallarında olan 07 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçıya 1438,41 ABŞ dolları borcu vardır. Müqavilə üzrə faiz və cərimə borcu yoxdur. İşə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 tərəfindən “Finca Azerbaijan” MM QBKT-a sonuncu ödəniş 19.04.2019-cu il tarixdə olmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-395/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 22.10.2014-cü il tarixli, **********4774 saylı kredit müqaviləsinə əsasən Təşkilat ona biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 24 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit vermişdir. Kreditin təminatı kimi isə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zamin kimi öhdəlik götürmüşdür. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 1421 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Sonradan isə tərəflər arasında 15.04.2015-ci il tarixli saziş bağlanmış, 22.10.2014-cü il tarixli, **********4774 saylı kredit müqaviləsi restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi kimi əsas borc 10406,00 ABŞ dolları müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə tələb edilən borc yaranmış, lakin xəbərdarlıq edilməsinə baxmayaraq, bu borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğlərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitlərini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitlərinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı Təşkilat qarşısında öhdəlikləri yaranmışdır və o, bu öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun banka 22.10.2014-cü il tarixli, **********4774 saylı kredit müqaviləsi və 15.04.2015-ci il tarixli saziş üzrə1438,41 ABŞ dolları borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla öz təsdiqini tapır. Eləcə də bu borc, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə kredit öhdəliklərinə təminatçı durmuş digər cavabdehlərdən, yəni zaminlərdən də müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Belə ki, işdən görünür ki, hazırkı tələbi verərəkən iddiaçı 3 illik iddia müddətini keçirməmişdir, çünki müqavilə öhdəlikləri üzrə borclu tərəfindən sonuncu ödəniş 19.04.2019-cu ildə edilmişdir. Bundan başqa, maddi vəziyyətinin pis olması barədə cavabdehin şikayətinin dəlili də əsassızdır, çünki bu hal onu kreditor qarşısındakı maddi məsuliyyətdən azad etmir. Bu baxımdan, məhkəmə kollegiyası onun apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-395/2021 saylı, 05 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar