Məhkəmə qərarları › İş №2(105)-2640/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2640/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2640/2021 07.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı "Bank BTB (Azərbaycan)" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh, X2, X8 və X6 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(060)-54/2021 nömrəli qətnaməsindən cavabdeh Mı̇ rı̇ yev Vahı̇ d Qəzənfər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh, X1, X7 və X4 Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 21/16, mənzil 2-yə olan istifadə hüquqlarına xitam verilməsi və mənzilin cavbdehlər tərəfindən boşaldılması, hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh, X5, X10 və X3 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh Mı̇ rı̇ yev Vahı̇ d Qəzənfər oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh, X2, X8 və X6 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, 3-cü mikrorayon, 21/16 saylı evin 2 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməklə, mənzilin boşaldılması və dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. Azərbaycan İpoteka Fondu ASC ilə iddiaçı arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri iddiaçıya təhkim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 2(060)-555/2018 saylı qətnaməsi ilə iddiaçının X13 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası qismən təmin edilərək "xxxx" ASC ilə X14 arasında bağlanmış 14.09.2010-cu il tarixli, 75/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn borcun X9 iddiaçının xeyrinə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Göstərilən qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 avqust 2019-cu il tarixli 2(105)- 790/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 fevral 2018-ci il tarixli, 2(060)- 555/2018 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin 27.09.2018-ci il tarixli Y-337 nömrəli “Hərracın nəticələri haqqında yekun” Protokola əsasən X11 mülkiyyətində olan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 21/16, mənzil 2 iddiaçının balansına keçmişdir. Hərracın yekunları üzrə iddiaçı ilə "xxxx" MMC arasında 27.09.2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 21/16, mənzil 2 hal-hazırda iddiaçının mülkiyyətindədir. Lakin cavabdehlər həmin mənzildə qeydiyyatdadırlar. Bu isə bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur, evdən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Mı̇ rı̇ yev Vahı̇ d Qəzənfər oğlu Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, qanunsuz, əsassız və ədalətsizdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisə predmeti təşkil edən mənzilin iddiaçının mülkiyyətində olması, cavabdehlərin qeydiyyatının formal xarakter daşıması, iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən istifadənin məhdudlaşdırılması ilə əsaslandırmışdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, mübahisəli mənzil kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə kredit borcu üzrə tutma mübahisəli mənzilə yönəldilmiş və mənzil hərrac nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. Hazırkı iddia tələbi isə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Mülki Məcəllənin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə görə, həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mübahisəli mənzili boşaldıb iddiaçıya təhvil verilməməsi sonuncunun həmin əmlak üzərindəki mülkiyyət hüququnun həyata keçirilməsinin məhdudlaşdırıldığını qaçılmaz etdiyindən, iddianı təmin etməklə aşağı instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Mı̇ rı̇ yev Vahı̇ d Qəzənfər oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar