Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2641/2020 09.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X7 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh, vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X1 Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4835/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4835/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 4120 manat məbləğində əsas borc, 1227,27 manat faiz borcu, 2008,42 manat kredit müqaviləsi üzrə müddət bitdiyi tarixdən sonra hesablanmış faiz borcu, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 7405,69 manat məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaitinin tutulub ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, qalan hisədə iddia rədd edilmişdir. (hakim A.İsmayılov) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4120 manat məbləğində əsas borc, 1227,27 manat faiz borcu, 2008,42 manat kredit müqaviləsi üzrə müddət bitdiyi tarixdən sonra hesablanmış faiz borcu, 5818,30 manat cərimə borcu olmaqla, ümumilikdə 13173,99 manat məbləğində borcun və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğdə pul vəsaitinin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Binəqədi filialından xx.xx.2011-ci il tarixli, 169 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 8 ay müddətinə illik 28 %-lə 4300 manat məbləğində kredit götürmüş, lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmişdir. Hazırda cavabdehin banka 4120 manat məbləğində əsas borc, 1227,27 manat faiz borcu, 2008,42 manat kredit müqaviləsi üzrə müddət bitdiyi tarixdən sonra hesablanmış faiz borcu, 5818,30 manat cərimə borcu olmaqla, ümumilikdə 13173,99 manat məbləğində borcu vardır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasında kredit müqaviləsi bağlansa da, krediti o götürməmişdir. O və “xxxxxxxxxxxxxxxx” ASC-nin digər 63 nəfər işçisi əmək haqqı kartlarının alınması məqsədilə 2011-ci ildə İddiaçı ASC-nin Binəqədi filialında olmuş və bir sıra sənədləri imzalamışlar. Bank tərəfindən keçən müddət ərzində ona heç vaxt xəbərdarlıq edilməmiş, borc barədə hər hansı məlumat verilməmişdir. Bundan başqa, hazırkı mübahisə üzrə iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddətinin axımı konkret iş üzrə müqavilənin bitdiyi tarixdən, yəni xx xxxxx 2012-ci ildən başlamışdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Birinci instansiya məhkəməsində iştiakı təmin edilmədiyi üçün iddia müddətinin tətbiq olunmasına dair ərizə verə bilməmişdir. Ləğv prosesində olan İddiaçı ASC məhkəməyə xx xxxxxx 2018-ci il tarixli maliyyə arayışı təqdim edərək göstərilən tarixə onun banka 4120 manat əsas borc, 1227,27 manat faiz borcu, 2008,42 manat kredit müqaviləsi üzrə müddət bitdiyi vaxtdan sonra hesablanmış faiz boru və 5818,30 manat cərimə borcu olmaqla, cəmi 13173.99 manat borcumun olduğu göstərmişdir. Guya o, 4300 manat əsas borcdan 180 manat ödəniş etmişdir, halbuki o, heç vaxt göstərilən kredit borcu üzrə ödəniş etməmiş, qeyd etdiyi kimi kredit borcunun olmasından, ümumiyyətlə məlumatlı olmamışdır. Bu ödənişləri bank özü, digər 63 nəfərin də hər biri barəsində ödəmişdir ki, guya iddia müddətini təzələsin. Bu ödəniş real olsaydı belə iddia müddəti təzələnə bilməzdi, çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddənin mənasından göründüyü borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətləri iddia müddəti ərzində baş verməlidir ki, iddia müddətinin axımı kəsilsin. Bank isə onun adından ödənişləri iddia müddəti bitdikdən sonra etmişdir. Belə olan halda, bitmiş iddia müddətinin axımı necə kəsilə bilərdi?Azərbaycan Respublikası Konstitiusiya Məhkməsi Plenumunun “Azərbaycan Respublikası Miilki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-ci il tarixli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı iş üzrə icra müddəti bitdiyindən, iddia müddəti təbiq edilməklə iddia rədd edilməli idi. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın isə rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, habelə onun vəkili və nümayəndəsi X6pelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verib, şikayətin təmin edilməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X1 Fondu heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli, 169 saylı istehlak krediti verilməsi üçün kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 28 %-lə 8 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarına əlavə edilmiş ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli, 10/H-457 saylı maliyyə arayışından görünür ki, qeyd edilmiş kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2018-ci il tarixə 4120 manat məbləğində əsas borc, 1227,27 manat faiz borcu, 2008,42 manat kredit müqaviləsi üzrə müddət bitdiyi tarixdən sonra hesablanmış faiz borcu, 5818,30 manat cərimə borcu olmaqla, ümumilikdə 13173,99 manat məbləğində borcu vardır. Yenə də işdə olan 403398 saylı qəbzdən görünür ki, Cavabdeh xx xxxxxx 2011-ci il tarixli, 169 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 4300 manat pulu qəbul etmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdeh Banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Qeyd edilən məktub ünvanda yaşamaması səbəbindən Cavabdeh çatdırılmamışdır. İşdə olan ərizədən görünür ki, Cavabdeh məhkəmə kollegiyasından iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqlaqiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli,Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4835/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. İş materiallarından göründüyü kimi, tərəflər arasında xx xxxxxx 2011-ci il tarixdə 169 saylı istehlak krediti verilməsi üçün kredit müqaviləsi imzalanmış və İddiaçı ASC tərəfindən Cavabdeh illik 28 %-lə 8 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. Kredit verilməsindən xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müqavilədə göstərilən şərtləri pozduğundan hazırda iddiaçı kredit borcunun qaytarılması barədə məhkəmədə iddia qaldırmış və hesab etmişdir ki, cavabdehin bu müqavilə üzrə banka 4120 manat məbləğində əsas borc, 1227,27 manat faiz borcu, 2008,42 manat kredit müqaviləsi üzrə müddət bitdiyi tarixdən sonra hesablanmış faiz borcu, 5818,30 manat cərimə borcu olmaqla, ümumilikdə 13173,99 manat məbləğində borcu qalmışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə və razılaşmalara əsasən, Cavabdeh həmin kredit müqaviləsi və razılaşmalar üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. Cavabdeh tələb edilən kredit məbləğini almadığını bildirsə də məhkəmə onun bu dəlili ilə razılaşmır. Belə ki, daha öncə qeyd olunan kassa məxaric orderindən göründüyü kimi o, xx xxxxxx 2011ci il tarixli, 169 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 4300 manat pulu qəbul etmişdir. Bu sənədə aldadılaraq əmək haqı kartı əvəzinə imza etdirilməsi barədə cavabdehin dediklərini məhkəmə kollegiyası ağlabatan hesab etmir. Bununla belə, iş materiallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi xx xxxxxx 2011-ci il tarixdə 8 ay müddətinə bağlanmışdır, yəni kredit müqaviləsinin müddəti xx xxxxx 2012-ci il tarixdə bitmişdir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisəli hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Belə ki, bu məsələdə səhvə yol verilməsi iddia müddətinin süni surətdə qısaldılmasına və ya uzadılmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qanunun mənasına görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanının yarandığı gündən başlanır. İddia hüququnun yarandığı gün şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Qeyd edildiyi kimi, hazırkı mübahisə üzrə iddia müddətinin axımı tərəflər arasında imzalanmış kredit müqaviləsinin bitmə tarixindən, yəni xx xxxxx 2012-ci ildən başlamışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında cavabdeh iştirak etməmiş, bu səbəbdən də o, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etmişdir. Bu hallara qiymət verərək məhkəmə kollegiyası Cavabdeh həmin ərizəsini MPM-nin 371-ci maddəsinə əsaslanaraq qəbul edir. Belə ki, AR MPM-nin 371-ci maddəsinə əsasən yeni sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiqi ilə bağlı ərizə yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. İş materiallarında olan iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, iş üzrə cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. (səh. 52) Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Hazırkı tələb kredit müqaviləsi üzrə öhdəliklərlə bağlı olduğundan məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə iddia müddətinin axımı müqavilənin bitdiyi tarixdən, yəni xx xxxxx 2012-ci ildən başlanmışdır və deməli iddiaçı bu tələblə məhkəməyə ən geci xx xxxxx 2015-ci il tarixdə müraciət etməli idi. İddia ərizəsindən isə görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin X1 Fondu iddia ərizəsi ilə məhkəməyə xx xxxxx 2018-ci il tarixdə, yəni təqribən 3 il gec müraciət etmiş, iddia müddətini ötürmüş və nəticədə hazırda həmin müqavilə üzrə mübahisə etmək hüququnu itirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Bəhs olunanlara əsasən qeyd edilməlidir ki, Fond tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə 3 illik iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və maddi hüquq normalarına uyğun deyildir. Ona görə də bütün hallarda iddia əsassız olmaqla təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X1 Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasənapelyasiya şikayəti təmin edildiyindən, onun verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 16 manat dövlət rüsumu iddiaçıdan tutularaq ona ödənilməli, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 30 manat məbəlğində dövlət rüsumu onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4835/2018 saylı, xx xxxx 2018ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X1 Fondunun Cavabdeh qarşı xx.xx.2011-ci il tarixli, 169 saylı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 16 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X1 Fondundan tutularaq Cavabdeh ödənilsin. İddia ərizəsinin verilməsi üçün Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin X1 Fondu tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Fuad Məmmədov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2641/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2641/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver