Məhkəmə qərarları › İş №2(105)-265/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-265/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-265/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, Cavabdeh1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(027)-70/2017 saylı qətnaməsindən cavabdeh Zamin2 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(027)-70/2017 saylı qətnaməsi ilə (hakim E.M.Əhmədov) iddiaçı "xxxx" QSC-nin cavabdehlər X6, Cavabdeh3, Zamin3, Zamin4, Zamin2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh1 06 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 11001,96 manat əsas borc, 6203,73 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 17405,96 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun “Azərbaycan Beynəlxalq Bankı» ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdehlər Zamin2, Zamin3, Zamin4, X4, Cavabdeh3 və Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, İİ Nügədi kəndində torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən cavabdeh Zamin2 tam mülkiyyət hüququ ilə məxsus 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 61,8 kv.m, yaşayış sahəsi 41,4 kv.m, yardımçı sahəsi 20,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 26000 manat olmaqla hərracdan satılması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Zamin2, Zamin3, Zamin4, X4, Cavabdeh3 və Cavabdeh1 evdən çıxarılması, iddia predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, 50 manat ekspertiza xərcinin 10 manatının iddiaçıdan, 40 manatının isə Cavabdeh1 tutulub dövlət büdcəsinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Zamin2 qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(105)-74/2019 saylı qətnaməsi ilə cavabdeh Zamin2 apelyasiya şikayəti qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli qətnaməsinin əsas borca dair hissədə dəyişdirilməsi, Cavabdeh1 06 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 8764,35 manat əsas borcun tutularaq "xxxx" QSC BOKT-a ödənilməsi, qətnamənin faiz, cərimə borcu və mənzilin boşaldılmasına dair hissələrdə ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə həmin hissələrdə iddianın rədd olunması, qətnamənin qalan hissədə - tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş cavabdehlər Zamin2, Zamin3, Zamin4, X4, Cavabdeh3 və Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, İİ Nügədi kəndində torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 61,8 kv.m, yaşayış sahəsi 41,4 kv.m, yardımçı sahəsi 20,4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 26000 manat olmaqla hərracda satılması, iddia predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh1 qaytarılması, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 Bankın xeyrinə tutulması hissəsində cavabdeh Zamin2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 5 manatının cavabdehin özünə aid edilməsi, 10 manatının isə iddiaçıdan tutularaq ona ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizalarının dəyəri olan 50 manat, 50 manat və 150 manat olmaqla, cəmi 250 manat pulun 150 manatının iddiaçı "xxxx" QSC BOKT-dan, 100 manatının isə cavabdeh Zamin2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" QSC BOKT və cavabdeh Zamin2 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2(102)-2201/2020 saylı qərarı ilə iddiaçı "xxxx" QSC BOKT-un kasasiya şikayəti təmin edilib, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi iddianın faiz borcunun və dəbbə pulunun tutulub ipotekaya yönəldilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması və cavabdeh Zamin2 kasasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 06.09.2010-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 10502 manat əsas borc, 6604 manat faiz borcu və 4490 manat dəbbə pulu olmaqla, cəmi 21596 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı olan məbləğin ilk növbədə 06.09.2010-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan Cavabdeh1, Zamin2, Zamin3, X3, Cavabdeh2 və Cavabdeh3 məxsus Quba şəhəri, İİ Nügədi kəndində mülkiyyətində olan 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 51,8 kv.m ümumi, 41,4 kv.m yaşayış, 20,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipotekaya qoyulmuş fərdi yaşayış evi satıldıqda, ipoteka qoyan Zamin2 və onunla birlikdə yaşayan Cavabdeh1, Cavabdeh2, Zamin3, X1, Cavabdeh3 və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində əmlakları ilə birlikdə tərk etməsini, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılması, mənzilin boşaldılması və onların həmin mənzildən istifadə hüquqlarına xitam verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh Zamin2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 14 fevral 2017-ci il tarixli qətnaməsini qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilmiş hissəsində ləğv edililb, iddia tələbinin həmin hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehlər Zamin2 və S.N. Məmmədova apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı "xxxx" QSC BOKT-un nümayəndəsi S.E.Məmmədov apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər X6, Cavabdeh3 və Zamin4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh2 və Z.B.Məmmədovun iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2(102)-2201/2020 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli qətnaməsi iddianın faiz borcunun və dəbbə pulunun tutulub ipotekaya yönəldilməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmış və cavabdeh Zamin2 kasasiya şikayəti təmin edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində araşdırılır. Belə ki, iş materiallarında olan "xxxx" ASC və Cavabdeh1 arasında 06 sentyabr 2010-cu il tarixində kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh1 illik 18 faiz ödəmək şərti ilə 18 ay müddətinə 15000 manat məbləğində kredit verməyi, borcalan isə bu Müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürür. "xxxx" ASC və Cavabdeh1 arasında 06 sentyabr 2010-cu il tarixli kredit müqaviləsinin təminatı qismində cavabdehlərə məxsus Quba rayonu, İİ Nügədi kəndində torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 61,8 kv.m, yaşayış sahəsi 41,4 kv.m, yardımçı sahəsi 20,4 kv.m olan fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 26000 manat məbləğində qiymətləndirilmişdir. 06 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə tələb hüququ "xxxx" QSC BOKT-a güzəşt edilmişdir. 13.09.2010-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-dən 15000 manat məbləğində kredit götürmüşdür. Bundan başqa 31.05.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 06 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 10502 manat əsas borcu, 6604 manat faiz borcu, 4490 manat dəbbə pulu borcu cəmi 21596 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.12.2016-cı il tarixli ekspert rəyi ilə müəyyən edilir ki, Cavabdeh1 "xxxx" ASC-yə 31.05.2016-cı il tarixə 11001,96 manat əsas, 6203,73 manat faiz borcu vardır. 28.06.2018ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 06.03.2012-ci il tarixə 8764,35 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.06.2019-cu il tarixli və 09 aprel 2021-ci il tarixli ekspert rəylərindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 06.03.2012-ci il tarixə 8764,35 manat borcu vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası apelyasiya instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edib, iş yenidən baxılması üçün geri qaytararkən qərarında göstərmişdir ki, apelyasiya instanisyası məhkəməsi əsas borca münasibətdə iş üzrə düzgün nəticəyə gəlsə də nə faiz borcu nə də dəbbə puluna münasibətdə araşdırma aparmamış və bu hissədə iddianın təmin olunmaması barədə qəbul etdiyi qətnaməni əsaslandırmamışdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətini və iş materiallarını nəzərə alaraq iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və faiz və dəbbə pulu ayrı-ayrılıqda hesablanmaqla müəyyən edilməsi barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.07.2021-ci il tarixli, 9/3878 saylı ekspert rəyi ilə müəyyən edilir ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair arayış məlumatları və 06 sentyabr 2010cu il tarixli, 067/10 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 "xxxx" ASC-yə 06.03.2012-ci il tarixə 11964,35 manat borcu var, həmin borcun 11.582,14 manat əsas borc və 382,21 manat faiz borcudur. Həmçinin arayış məlumatları ilə müəyyən olunmuşdur ki, 29 mart 2012-ci il tarixdən 08.09.2015-ci il tarixədək (kredit müaviləsinin müddət bitdikdən sonra) ümumilikdə 3200 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.07.2021-ci il tarixli, 9/3878 saylı ekspert rəyi 06 sentyabr 2010-cu il tarixli, 067/10 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh1 "xxxx" ASC-yə 06.03.2012-ci il tarixə, yəni kredit müddətinin bitdiyi tarixə faiz borcunun 382,21 manat məbləğində müəyyən edilməsi əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə qəbul edilməli və kredit müqaviləsi üzrə faiz borcu ekspertin müəyyən etdiyi 382,21 manat məbləğində müəyyən olunmalıdır. İş materiallarından görünür ki, kreditor tərəfindən kredit sazişi üzrə kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə 4490 manat məbləğində cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, kredit müaviləqsi üzrə dəbbə borcunun 200 manata endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.1-ci maddəsində göstərilir ki, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-ci maddəsində göstərilir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində göstərilir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası nəzərə alır ki, ipoteka müqaviləsi tərəflər arasında notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyanla birlikdə digər ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər və ona görə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə yönəldilmişdir. Cavabdeh Zamin2 apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instnsiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilib, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 9/4397 saylı və 12.07.2021-ci il tarixli, 9/3878 saylı ekspert rəylərindən görünür ki, ekspertiza tədqiqatının dəyəri ümumilikdə 150 (yüz əlli) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 150 (bir yüz əlli) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh Zamin2 apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- «Cavabdeh1 06 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 6203,73 manat faiz borcu tutulsun» hissəsində ləğv edilməli, iddia qismən təmin edilərək Cavabdeh1 06 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 382,21 manat məbləğində faiz borcu "xxxx" QSC (“Azərbaycan Beynəlxalq Bankı» ASC)-nin xeyrinə tutulub, ipoteka predmetinə yönəldilməli, qətnamə –«Cavabdeh1 06 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 200 manat cərimə borcu tutulsun və ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Zamin2, Zamin3, Zamin4, X4, Cavabdeh3 və Cavabdeh1 evdən çıxarılsın» hissəsində dəyişdirilmədən saxlanmalı, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manatın 135,93 manat hissəsi iddiaçı "xxxx" QSC-dən, 14,07 manat hissəsi Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Zamin2 verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(027)-70/2017 saylı qətnaməsi qismən– «Cavabdeh1 06 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 6203,73 manat faiz borcu tutulsun» hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh1 06 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 382,21 manat məbləğində faiz borcu "xxxx" QSC (“Azərbaycan Beynəlxalq Bankı» ASC)-nin xeyrinə tutulsun və ipoteka predmetinə yönəldilsin. Qətnamə –«Cavabdeh1 06 sentyabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə 200 manat cərimə borcu tutulsun və ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Zamin2, Zamin3, Zamin4, X4, Cavabdeh3 və Cavabdeh1 evdən çıxarılsın» hissəsində dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 150 (bir yüz əlli) manatın 135,93 manat hissəsi iddiaçı "xxxx" QSC-dən, 14,07 manat hissəsi Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar