Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-265/2025 27.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-835/2024 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh (borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 200804-553300/2 nömrəli kredit xətti müqaviləsindən görünür ki, bu müqavilə ilə, bank borcalana 2000 (iki min) manat məbləğində kredit xətti açmağı, borcalan isə müəyyən olunan şərtlərlə açılmış kredit xəttindən istifadə etməyi və kredit xətti üzrə aldığı kredit məbləğini, habelə kredit xəttindən istifadəyə görə illik 23.5 (iyirmi üç tam onda beş) faiz dərəcəsi ilə hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürür. Kredit xətti 24 (iyirmi dörd) ay müddətinə və şəxsi istehak məqsədilə açılır.
2. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü iltarixli bildirişdən görünür ki, cavabdehə kredit xətti müqaviləsi üzrə yaranmış borcun 7 gün müddətində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
3. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə banka 1097.54 manat əsas, 1707.65 manat faiz borcu olmaqla, cəmi 2805.19 manat borcu yaranmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli, 9/3333 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 05 avqust 2021-ci il tarixli, 200804-553300/2 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə maliyyə arayışında qeyd edilən, yəni xx.xx.2023-cü il tarixə olan borcu 1.108,93 manat məbləğində müəyyən edilir, o cümlədən - xx.xx.2023-cü il tarixinə: əsas borc üzrə 942,25 manat, faiz borcu üzrə 169,69 manat. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh 1097.54 manat məbləğində əsas bоrc və 1707.65 manat faiz borcu оlmaqla, cəmi 2805.19 manat borcun və 48.46 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 05 avqust 2021-ci il tariхli, 200804-553300/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 23.5% dərəcəsi ilə 2000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 04 dekabr 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 1097.54 manat məbləğində əsas bоrc və 1707.65 manat faiz borcu оlmaqla, ümumilikdə 2805.19 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Ona görə də iddia tələbi təmin edilməlidir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-835/2024 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia qismən təmin edilərək Cavabdeh 942,25 manat əsas, 169,69 manat faiz borcu olmaqla, cəmi 1.111,94 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumunun 31,12 manat hissəsinin Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi, dövlət rüsumunun qalan hissəsinin İddiaçı ASC-yə aid edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 93 (doxsan üç) manat hissəsinin Cavabdeh, qalan 7 (yeddi) manat hissəsinin isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsi üzrə ayrılmış kredit xəttinə əsasən, iddiaçı tərəfindən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 23.5% ödəmək şərtilə 2.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ona verilmiş kredit üzrə ödənişləri gecikdirdiyindən, iddiaçı tərəfindən borcun ödənilməsi və müqavilənin ləğv edilməsi ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri olmuşdur. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iddia tələbinin “əsas borcun tutulması” hissəsinə münasibətdə qeyd edib ki, hazırda müqavilə üzrə iddiaçı tərəfindən cavabdehdən tələb edilən 942,25 manat məbləğində əsas borcun yaranması halı işdə olan mötəbər sübutlarla (kredit müqaviləsi, hesabdan çıxarış, maliyyə arayışı və ekspert rəyi) öz təsdiqini tapır. Buna görə də məhkəmə belə qənaətə gəlib ki, iddia tələbi əsas borc hissəsində təmin edilməli, cavabdehdən 942,25 manat əsas borcun əvəzi alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin “faiz borcunun tutulması” hissəsinə münasibətdə iddiaçı sonuncu maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixli göstəricilərə müvafiq olaraq müqavilə üzrə 1707,65 manat faiz borcunun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyinə əsasən maliyyə arayışının verildiyi xx.xx.2023-cü il tarixli göstəricilərə müvafiq olaraq həmin tarixə cavabdehin iddiaçıya 169,69 manat faiz borcu olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edib ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 169,69 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 421, 425.1, 445.1, 445.2, 448.1, 739.1, 739.2, 741-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AzərbaycanRespublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 101.7, 103.1, 107, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı ASC apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi kredit müqaviləsi üzrə tutulmalı borca münasibətdə əsassızdır. Məhkəmə ekspert rəyini sübut növü kimi qiymətləndirməklə bankın irəli sürdüyü tələbini qismən təmin edərək 942.25 manat əsas borc, 169.69 manat faiz borcunun tutulması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hеsablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin krеditоra ödənildiyi günə qədər tutulur. Bank tərəfindən iddia ərizəsi verilən günə kimi cavabdehin ödəməli olduğu faizlərin məbləği hesablanmış və həmin məbləğ ona qarşı tələb kimi irəli sürülmüşdür. Məhkəmə iş üzrə ekspertiza təyin etmiş və ekspert kredit müqaviləsi üzrə borcu hesablayarkən AR Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini nəzərə almayaraq borcu hesablamışdır. Belə ki, ekspertə təqdim edilmiş hesabdan çıxarış onun tərəfindən düzgün nəzərə alınmamış və nəticədə irəli sürülmüş tələblə ekspertin müəyyən etdiyi məbləğ arasında olan fərqin hüquqi əsaslandırılması aparılmamışdır. Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən müqavilə və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün əsas məbləğin 0.5 faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir. Müqavilənin 7.3cü bəndinə əsasən gecikdirilmiş əsas borca faizlər (dəbbə pulu) hesablanmış və ümumilikdə 725.56 manat məbləğində gecikdirilmə faizinə (dəbbə puluna) silinmişdir. Lakin, müqavilənin 7.3-cü bəndinə əsasən aparılmış silinmələr ekspert rəyində öz əksini tapmamışdır. Ekspert rəyində həmin silinmələr gecikdirilmə faizi (dəbbə pulu) kimi nəzərə alınmasa da ekspert qeyri-peşakarlıq göstərək həmin silinmələri əsas və faiz borcundan silmişdir. Halbuki, ekspert kredit müqaviləsi və təqdim edilmiş sənədlərlə ətraflı tanış olsaydı ona aydın olardı ki bank müqavilənin 7.3-cü bəndinə və qanunvericiliyin tələblərinə əsasən hesablınmış gecikdirlmə faizləri (dəbbə pulu) tutma hüququ var və hüquqdan istifadə edərək həmin ödənişləri Mərkəzi Bakın təlimatları üzrə silmişdir. Ekspert rəyi ilə müəyyən olunmuş borc məbləği ilə bankın tələb etdiyi borc məbləği arasında fərq yaranmışdır. Məhkəmə bank tərəfindən təqdim edilmiş sənədləri ekspert rəyinə münasibətdə düzgün qiymətləndirməmiş və nəticədə bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Bank tərəfindən silinmələr Mərkəzi Bankın təlimatlarına uyğun aparılır, lakin ödənilmiş pul vəsaitinin silinmə formasının ekspert tərəfindən hansı qaydalara və təlimatlara uyğun aparıldığı göstərilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-835/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak emiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o banka borcu olmasını qəbul edir. Lakin bildirir ki, krediti qardaşının xəstəliyi ilə əlaqədar götürmüşdür. İlk vaxtlar krediti vaxtı-vaxtında ödəyib, lakin sonradan qardaşının, və atasının ölməsi ilə əlaqədar ödəniş edə bilmədiyindən kredit müqaviləsi üzrə faiz borcu da yaranmışdır. Bank tərəfindən tələb olunan faiz borcu yüksək həddədir. Göstərilənlərə əsasən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
14. İddiaçı ASC-nin nümayəndəsi Ruslan Rzayev məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Madə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır Maddə 742.1. Bоrc аlаn bоrcun qаytаrılmаsı üçün qоyulmuş müddətdə bоrcu qаytаrmаlıdır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir.
19. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 835/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas və faiz borcunun) cavabdehdən alınması barədədir.
22. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi bağlanmış, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri lazımı qaydada icra etməmişdir.
23. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır.
24. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə qətnaməsi yalnız bankın şikayətinin dəlilləri həcmində (borc məbləğinə münasibətdə) apellyasiya araşdırmasının predmetini təşkil edir.
25. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, iddiaçının apellyasiya şikayətinin yeganə və əsas dəlili məhkəmə tərəfindən qət edilən borc məbləğinin əsassızlığı ilə bağlıdır. Yəni iddiaçı bank qeyd edir ki, işə baxan məhkəmə bu hissədə əsassız olaraq ekspert rəyinə istinad etmişdir. Çünki həmin ekspert rəyi natamam və əsassızdır.
26. Şikayətin dəlilərini əsassız hesab edən kollegiya qeyd edir ki, işin araşdırılan hallarından bəlli olduğu kimi, birinci instansiya məhkəməsi iş üzrə özünün xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir və məhz həmin ekspert rəyini iş üzrə mötəbər sübut növü kimi qəbul edərək tutulmalı məbləği rəyə uyğun şəkildə müəyyən etmişdir.
27. Apellyasiya kollegiyası qeyd edir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
28. Əlavə olaraq borcun düzgün hesablanmadığını qeyd edən cavabdeh ekspertizanın keçirilməsinin zəruriliyinə dair də ciddi dəlillər göstərməmiş, buna dair əlavə hər hansı sübutu təqdim etməmişdir. Hər hansı bir əsaslı səbəb olmadan lüzumsuz olaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi də təmin oluna bilməz.
29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
30. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2(060)-835/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.