Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2656/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(060)-2526/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(060)-2526/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququ tanınmaqla mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(060)-2526/2021 saylı qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayətində 21 aprel 2021-ci il tarixli qətnamənin ləğv olunmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı barəsində apellyasiya şikayəti verilən qətnamənin qəbul edilmə tarixini düzgün göstərməmiş, iş üzrə mövcud olmayan qətnaməni mübahisələndirmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 361.1.3-cü maddəsinə əsasən apellyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən iddiaçının apellyasiya şikayətində qətnamənin qəbul edilmə tarixini düzgün göstərməməsinə əhəmiyyət verməmiş, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası MPMnin 363.4-cü maddəsinin mənasına görə iddiaçı göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən məhkəmə qətnaməsindən ümumi qaydada apellyasiya şikayəti vermək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, iddiaçının apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olmadığına görə, apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş göstərilən mülki prosessual pozuntunun aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(060)-2526/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2656/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2656/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver