Məhkəmə qərarları › İş №2(105)-266/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-266/2021

08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-266/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkilləri: X1 və X4, Cavabdehin nümayəndəsi və vəkili: X2 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Şirkətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) İddiaçı cavabdeh «xxxx» Şirkətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh “xxxx” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” Şirkətindən dəymiş zərərin əvəzi olaraq 66.042 manat, eyni zamanda dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” Şirkətindən “Mercedes Benz G63” markalı avtomaşının təmiri üçün tərəfindən ödənilmiş 66.042 manatın, əlavə olaraq avtomobilin orta bazar qiyməti arasında yaranmış fərqin – 40000 ABŞ dollarının, yəni 68000 manatın və 30 manat dövlət rüsumunun, cəmi 134.072 manatın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2018-ci il tarixdə saat 21:45 radələrində idarə etdiyi “Mercedes Benz G63” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi ilə saatda 50-60 km sürətlə “Amay” ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən qəfildən sağdan ara küçədən çıxan “xxxx” Şirkətinə məxsus “Mitsubishi L 200” markalı HO 17718 dövlət qeydiyyat nişanlı avtomaşın idarə etdiyi avtomaşının qarşısına çıxmış və inzibati-xəta yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilənlərlə əlaqədar Xətai RPİ-nin TŞ-də araşdırma aparılaraq sürücü X3 əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək qərar icra üçün Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində ona külli miqdarda 66.042 manat məbləğində ziyan dəymişdir. Sözlərinin təsdiqi kimi “AutoStarKaukasus GmbH Azərbaycan” Mercedes-Benz Daymler AG-nin Azərbaycanın rəsmi dilleri tərəfinən vurulmuş zədə aktını təqdim etmişdir. İnzibati xəta törədən sürücü K.T.Maxsudov xəta törədən zaman “xxxx” Şirkətinin işçisi olmuş və şirkət rəhbərliyi tərəfindən ona həmin şirkətə məxsus “Mitsubishi L 200” markalı HO 17718 dövlət qeydiyyat nişanlı avtomaşın idarə etmək üçün xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında verilmişdir. Yəni bu mübahisə üzrə yüksək təhlükə mənbəyi olan “Mitsubishi L 200” markalı HO 17718 dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi “xxxx” Şirkətidir və vurulmuş zərər də şirkətdən tutulmalıdır. Eləcə də baş vermiş hadisəyədək ona məxsus avtomobilin orta bazar dəyəri 120000 ABŞ dolları idi. Hazırda isə, yəni qəzadan sonra həmin avtomobilin orta bazar dəyəri 80000 ABŞ dolları təşkil edir. Yəni cavabdehin təqsirindən ona 40000 ABŞ dolları məbləğində maddi zərər dəymişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli 16553 saylı ekspert rəyindən də məlum olur ki, həmin maşının təmir bərpa xərci avtonəqliyyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 59.648 manat təşkil edir. Məhkəmə araşdırması zamanı DYRİ tərəfindən alınmış məktubdan da görünür ki, Mersedes Benz G 63 markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomaşın heç vaxt qəzaya uğramayıb, heç bir qəza törətməyib. Bununla əlaqədar tərəfindən təkrar məhkəmə ekspertizası keçirilməsinə dair vəsatət verildikdə məhkəmə əsassız olaraq vəsatəti və eyni zamanda iddianı rədd etmişdir. Məhkəmənin qənaətinə görə baxmayaraq ki, hadisə törənən zaman Kənan Maxsudov «Hydrosevr Caspian LTD» şirkətinin işçisi olmuşdur və həmin avtomobilə həmin şirkətə məxsusdur, həmn şirkətin mülkiyyətindədir, hadisə iş saatdan sonra baş verdiyinə görə məsuliyyəti avtomobilin sahibi deyil, onu idarə etmiş şəxs daşıyır. Hətta məhkəmə ona cavabdeh qismində şirkəti deyil, hadisəni törətmiş şəxs K.Maxsudov cəlb etməyi məsləhət görmüşdür. Daha sonra isə onun cavabdehi digəri ilə əvəz etməkdən imtina etdiyini görüb, iddianı əsassız olaraq rədd etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(060)-3150/2019 saylı qətnaməsini ləğv edərək, cavabdehdən avtomanının təmiri üçün tərəfindən ödənilmiş 66.042 manatın, əlavə olaraq avtomobilinin orta bazar qiyməti arasında yaranmış fərqin 40.000 ABŞ dollarının, yəni 68.000 manatın və 45 manat dövlət rüsumunun, cəmi 134.087 manatın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı, vəkilləri G.H.Xudabaxışova və T.T.Əliyeva apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, iddia ərizəsinə və şikayətə oxşar izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili R.M.Bədirli apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, hadisə iş saatdan sonra baş verdiyinə görə məsuliyyəti avtomobilinin sahibinin olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında iş üzrə xx xxxx 2018-ci il tarixli 3(011)-1189/2018 saylı qərarından görünür ki, K.T.Maxsudov xx xxx 2018-ci il tarixdə saat 21:45 radələrində etibarnamə əsasında idarə etdiyi Mitsubishi L200 markalı, HO 17718 dövlət qeydiyyat nişanlı avtomobillə ara küçə ilə Bakı şəhəri Xətai rayonu M.Mehdizadə küçəsinə doğru hərəkətdə olub baş yola daxil olarkən sol tərəfdən gələn Mersedes Benz G63 markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində K.Maxsudovun idarə etdiyi avtomaşın aşmış, K.Maxsudov və sərnişin X5 yüngül bədən xəsarətləri almışlar. K.T.Maxsudov Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə, barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İşə əlavə edilən xx xxx 2018-ci il tarixli 02/05/AD 052 nömrəli etibarnamədən görünür ki, xxxx. Şirkəti AB N457736 nömrəli HO 17718 dövlət qeydiyyat nişanlı, AB N457737 nömrəli HO 017719 dövlət qeydiyyat nişanlı və AB N456354 nömrəli HO 17653 dövlət qeydiyyat nişanlı Mitsubishi L200 markalı avtomobillərin Azərbaycan ərazisində idarə edilməsini K.T.Maxsudov vəkalət etmişdir. İş materiallarında olan A.İddiaçı tərəfindən İddiaçı verilən xx xxxxxxx 2016-cı il tarixli ƏN-İİİ 863529 saylı etibarnamədən görünür ki, Mersedes Benz G63 AMG markalı **-XD- *** dövlət nömrə nişanlı minik avtomobilini idarə etmək səlahiyyəti vermişdir. İşdə olan «Hydrosevr Caspian LTD»nin Azərbaycan Respublikasındakı Filialına məxsus avtonəqliyyat vasitələrindən istifadəyə dair Təlimata əsasən Şirkətə məxsus avtonəqliyyat vasitələrindən sürücülük məktəbi bitirmiş və nəqliyyat vasitəsi idarə etmək hüququ olan şəxs şirkət tərəfindən verilmiş etibarnamə əsasında istifadə edilə bilər. Nəqliyyat vasitəsini idarə edən şəxs şirkətin nəqliyyat üzrə menecerinin şifahi və yazılı göstərişlərinə əməl etməlidir. Sürücü öz iş fəaliyyətini qüvvədə olan qanunlara, rəhbərliyin göstərişinə, bu təlimata müvafiq olaraq həyata keçirir. Şirkətin etibar edilmiş nəqliyyat vasitəsi yalnız iş saatları ərzində və iş məqsədləri üçün işstifadə edilməlidir. İşəgötürən şirkətə məxsus nəqliyyat vasitəsini iş məqsədləri üçün istifadə etdikdən sonra avtomobili idarə edən işçinin həmin avtomobili təhvil vermədən və ya müəyyən səbəblərdən avtomobili təhvil vermək imkanı olmamış nəqliyyat vasitəsini iş saatlarından sonra qeyri-iş məqsədləri üçün istifadə edilməsi zamanı işçinin törətdiyi hər hansı inzibati xəta, cinayət hadisəsi və mülki hüquq pozuntusuna görə üçüncü şəxslər qarşısında məsuliyyət daşımır. İşçi bu cür hallarda Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq ümumi əsaslarla məsuliyyət daşıyır. Etibar edilmiş nəqliyyat vasitəsini idarə edən işçi işəgötürənə məxsus nəqliyyat vasitəsinə onun təqsiri üzündən vurulmuş zərərə görə tam maddi məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd olunmasını onunla əsaslandırmışdır ki, K.T.Maxsudov tərəfindən yol nəqliyyat hadisəsinin saat 21-45 radələrində, yəni iş vaxtından kənar vaxtda əmək funksiyasının icra etmədiyi zaman törətməsini əsas göstərmiş və bu zaman onunla «xxxx» şirkəti arasında bağlanmış əmək müqaviləsinin 5.2ci maddəsinə istinad emişdir. Əmək müqaviləsinin 5.2-ci bəndinə əsasən işçinin ix vaxtından kənar və əmək vəzifələrini icra etmədiyi zaman təqsirli hərəkəti nəticəsində digər şəxlərə vurulmuş ziyana görə işəgötürən heç bir məsuliyyət daşımır və bu zaman işçi ümumi əsaslarla Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin həmin nəticəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olmadığından qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Birinci instansiya məhkəməsi qanunun tələbinə deyil, əmək müqaviləsinin 5.2-ci bəndinə əsaslanaraq iddianı rədd etməklə qanunun qüvvəsinin tətbiqində səhvə yol vermişdir. İş üzrə işəgötürən “xxxx” şirkəti ilə işçi K.T.Maxsudov arasında xx.xx.2018-ci il tarixdə bağlanmış MKT-1/18 saylı əmək müqaviləsinə əsasən K.Maxsudov əlavə iş yeri olaraq mühasib vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarından görünür ki, iddiaçıya zərər dəyməsi ilə nəticələnən hüquqa zidd hərəkətə yol vermiş K.T.Maxsudov cavabdeh şirkətdə əmək müqaviləsinə əsasən işləyir və müəssisəyə məxsus avtomobili idarə etmək səlahiyyəti ona işəgötürən tərəfindən verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdıgını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. K.T.Maxsudovun şirkətdə iş günləri və iş vaxtı həftənin bazar ertəsindən cümə günü daxil olmaqla saat 08:00-dan saat 17:00-dək müəyyən olunsa da, müəyyən olundugu kimi, o, iş vaxtından sonra avtomobili idarə etmiş və hadisəni də həmin vaxtda törətmişdir. Odur ki, K.T.Maxsudov yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmədiyindən və avtomobili iş vaxtından sonra idarə etmək imkanı ona şirkət tərəfindən yaradıldıgından, işin həmin halı ziyanın şirkətdən tutulmasını istisna etmir. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 16653 saylı ekspert rəyindən görünür ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2018ci il tarixli qüsur aktmdakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Mercedes-Benz G63” markalı, ** XD *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 59648 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddiaçının əlavə olaraq avtomobillinin orta bazar qiyməti arasında yaranmış fərqin cavabdehdən tutulmasının təmin edilməməsi barədə gəldiyi nəticəni düzgün hesab edir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 9/3912 saylı rəyini sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilə dəymiş ziyan hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında həmin hissədə ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə ləğv edilməli, digər hissədə, yəni avtomobilinin orta bazar qiyməti arasında yaranmış fərqin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxx 2019-cu il tarixli 2(060)-3150/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh «xxxx» Şirkətinə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh “Hydrosev Caspian LDT” şirkətindən İddiaçı xeyrinə 59.648 (əlli doqquz min altı yüz qırx səkkiz) manat dəymiş maddi ziyanın əvəzi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun, iddiaçının əlavə olaraq avtomobillinin orta bazar qiyməti arasında yaranmış fərqin cavabdehdən tutulması hissəsində iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 220 (iki yüz iyirmi) manat məbləğində pul cavabdeh «xxxx» Şirkətindən alınaraq SAP (XİİS) hesabı Dövlət Xəzinədarlığı Agentliyi kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar