Məhkəmə qərarları › İş №2(105)-2661/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2661/2021

12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2661/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4068/2021 saylı, 25 may 2021-ci il tarixli qiyabi qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4068/2021 saylı, 25 may 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 828,90 (səkkiz yüz iyirmi səkkiz manat, doxsan qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş ziyana görə 828 manat 90 qəpik və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. Qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçının iddia etdiyi borc real deyildir, şişirdilmişdir. İddiaçının maşınına dəyən real zərər 250-300 manat təşkil etdiyi halda, o, heç bir əsas olmadan ondan 828,90 manat tələb etmişdir. Məhkəmə avtotexniki ekspertiza təyin etməmiş, iddiaçının sözləri ilə qətnamə qəbul etmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4068/2021 saylı, 25 may 2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlilərinə etiraz edib, iddia tələbinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4068/2021 saylı, 25 may 2021-ci il tarixli qiyabi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt şəhər DYPŞ tərəfindən tərtbi edilmiş “inzibati tənbeh vermə haqqında” 21 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh "KİA SPORTAGE" markalı **-RS-*** dövlət qeydiyyat nömrəli avtomaşını idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AD seriyalı № 820638 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota” markalı **-SZ-*** dövlət nömrə nişanlı avtomaşın 11.06.2020-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan “X1” MMC tərəfindən tərtib edilmiş 13 fevral 2021-ci il tarixli SQ12270 saylı qiymətləndirmə barədə məlumatdan görünür ki, “Toyota” markalı 90-SZ103 dövlət nömrə nişanlı avtomaşınına dəymiş ziyanın ümumi məbləği 828,90 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhəri Polis İdarəsinin vətəndaş İddiaçı ünvanlanmış 22 yanvar 2021-ci il tarixli ***- *******21 saylı məktubundan görünür ki, ona məxsus nəqliyyat vasitəsilə toqquşan "KİA SPORTAGE" markalı **-RS-*** dövlət qeydiyyat nömrəli avtomaşının sürücüsü Cavabdeh AR İXM-nin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur. İş materiallarında olan İddiaçı şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsi DYPŞ tərəfindən toplanılmış materiallarda olan 081 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh (icarəyə götürən) “KİA SPORTAGE" markalı **-RS-*** dövlət qeydiyyat nömrəli avtomaşını "xxxx" MMC”-dən (icarəyə verən) icarəyə götürmüşdür. Birinci instansiya məhkəməsi Cavabdeh “KİA SPORTAGE" markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətməsini, AR İXM-nin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunmasını, nəticədə iddiaçıya məxsus avtomaşına maddi zərər vurmaqla mülki hüquq pozuntusu törətməsini müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunvericiliyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, Cavabdeh "KİA SPORTAGE" markalı **-RS-*** dövlət qeydiyyat nömrəli avtomaşını idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmiş, qəza nəticəsində İddiaçı zərr dəymişdir. İddiaçıya dəymiş zərər “X1” MMC tərəfindən tərtib edilmiş 13 fevral 2021-ci il tarixli SQ12270 saylı qiymətləndirmə barədə məlumata əsasən 828,90 manat təşkil etmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus avtomobilə 828,90 manat zərər vurmuşdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı olduğundan ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən tutulması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh zərərin 250-300 manat təşkil etməsini bildirsə də buna dair hər hanmsı sübut təqdim etməmiş, apellyasiya şikayətini müdafiə etmək üçün məhkəmə iclaslarında da iştirak etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4068/2021 saylı, 25 may 2021-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar