Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2666/2020 13.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Feyzullayeva (Məmmədəliyeva) Günel Eldar qızının, onun vəkili X7, Cavabdeh, onun nümayəndəsi və vəkili X8 iştirakı ilə, iddiaçı Feyzullayeva (Məmmədəliyeva) Günel Eldar qızının Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-65/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Feyzullayeva (Məmmədəliyeva) Günel Eldar qızı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-65/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1000 (min) manat məbləğində mənəvi ziyan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməsi qət edlmişdir (hakim İlkin Xəlilov) Qətnamədən narazı qalan Feyzullayeva (Məmmədəliyeva) Günel Eldar qızı apelyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və iddianın tam həcmdə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X4 müalicəsi ilə bağlı çəkmiş olduğu 7000 manat müalicə xərcinin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkmiş olduğu məhkəmə xərclərinin, həmçinin, mənəvi zərərin əvəzi kimi 30000 manat olmaqla, cəmi 37.000 (otuz yeddi min) manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı Feyzullayeva (Məmmədəliyeva) Günel Eldar qızı apelyasiya şikayətini müdafiə edərək göstərdi ki,Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2018-ci il tarixli rəyindən müəyyən olunur ki, 2011-ci il təvəllüdlü X1 ayağının İ və İİ barmaqları amputasiya olunmuşdur. Qeyd edilən xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2018-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birdən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il rixli 1369 saylı ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhəri Ayəddin Babayev küçəsində kanalizasiya quyusunun qapağının azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X4 ayağı üzərinə düşürməsi və uşağın birinci və ikinci barmaqlarını əsas falanqa səviyyəsində itirməsi nəticəsində kəskin emosional gərginlik hali keçirmiş, Psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla, hadisədən sonraki dövrdə psixoloji sarsıntı keçirmişdir.Məhkəmə iddia tələbinin 7000 (yeddi min) manat müalicə xərclərinin,həmçinin, uşağın gələcəkdə müalicəsi üçün zəruri olan 20000 (iyirmi min) manat məbləğində xərclərin tutulmasına dair hissəsi barədə qeyd edir ki, AzərbaycanRespublikası MPM-nin 77.1-ci maddəsinin tələbləri baxımından həmin xərclərin çəkilməsini təsdiq edən mötəbər sübutlar məhz iddiaçı tərəfindən məhkəməyə təqdim edilməlidir. Lakin qeyd edilən hallarla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 7000 (yeddi min) manat müalicə xərclərinin, həmçinin, uşağın gələcəkdə müalicəsiüçün zəruri olan 20000 (iyirmi min) manat məbləğində xərclərin tutulmasına dair hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması), bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi mənəvi zərər arasında səbəbli əlaqənin olmasını keçirilmiş ekspertiza təqdiqatı nəticəsində tam sübuta yetirilmişdir. Buna görə də, məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsinə dair hissədə qismən təmin edilərək, Cavabdeh vurulmuş mənəvi ziyana görə 1000 (min manat) məbləğində pulun İddiaçı xeyrinə tutulmalı olduğunu hesab edir. Göründüyü kimi məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsini bu əsasla rədd etmişdir ki, uşağın müalicə xərclərinin çəkilməsini, həmçinin gələcəkdəmüalicəsi üçün zəruri olan vəsaitlərini təsdiq edən mötəbər sübutlar iddiaçı olaraq tərəfindən məhkəməyə təqdim edilməmişdir. Fakt faktlığında qalır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində bu hərəkətlərin ehtiyatsızlıqdan edilməsi belə fərq eləmir- 2011 -ci il təvəllüdlü oğlu Ramilin sol ayağının 1 və 2-ci barmaqları amputasiya olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili C.B.Bayramov məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, uşağın hadisə ilə bağlı aldığı xəsarətlərdən dövlət xəstəxanasında müayinə olunub və zəruri pulsuz prosedurlardan keçmişdir, onun müalicəsinə hansı xərcləri çəkdiyinə sübut yoxdur. Düzdür, uşağın müayinə müalicəsi ilə bağlı həm dövlət, həm də özəl xəstəxanalara müraciət etmişdir. Sözsüz ki, uşağın uzun sürən müalicəsi ilə bağlı bütün dərman ləvazimatları tərəfindən öz vəsaiti ilə əldə edilmiş, xəstəxanalara maşınla gedib-gəlməsi də müəyyən xərclərlə başa gəlmişdir. Cavabdehin hadisədən sonra uşağın müalicəsinə köməklik göstərəcəyinə verdiyi vədinə inanaraq uşağın müalicəsi ilə bağlı çəkdiyi xərclərə dair heç bir rəsmi sənəd (dərmanlara dair aptek çekləri özəl xəstəxanalara etdiyi ödənişlər və s.) özündə saxlamamışdır. Bu o demək deyildir ki, uşağın müalicəsi pulsuz başa gəlmişdir. Qaldı ki, uşağın gələcəkdə müalicəsi ilə bağlı xərclərə, bir ana olaraq onun amputasiya olunmuş barmaqların əməliyyat yolu ilə bərpasına çalışacdır. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli T370/2019 saylı rəyində göstərilir ki, əl və ya ayaq barmaqları travmatik amputasiya olunduğu hallarda ilk vaxtlarda onların bərpası üçün rekonstruktiv cərrahi əməliyyat aparılır, hadisədən uzun müddət keçdiyindən hal-hazırda R.E.Feyzullayev üzərində bu əməliyyatın aparılması Azərbaycan Respublikasında Tibb müəssələrində mümkün deyildir. Yəni bu cür əməliyyatlar başqa xarici ölkələrdə mümkündür. Bütün bunları nəzərə alaraq iddia tələbində cavabdehdən gələcəkdə müalicə xərcləri kimi 20000 (iyirmi min) manat pulun alınaraq verilməsini xahiş etmişdir. Qətnamədə onun məlum hadisə ilə bağlı mənəvi zərərə məruz qalmağını, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə istinad etdiyi mənəvi zərər arasında səbəbli əlaqənin olmasının tam sübuta yetirilməsi təsdiq olunmuş hesab edilsə də, məhkəmə mənəvi ziyana görə cavabdehdən cəmi 1000 manat məbləğində pulun tutulmalı olduğunu ümumiyyətlə əsaslandırmamışdır. İddia ərizəsində mənəvi ziyana görə cavabdehdən tutulmalı pulun məbləğini 30000 (otuz min) manat göstərmişdir. Hesab edir ki, məlum hadisə nəticəsində azyaşlı uşağının sol ayağının barmaqlarının əzilməsi və sonradan amputasiya olunması nəticəsində bir ana olaraq dərin psixoloji iztirablar keçirmiş, hazırda da psixoloji sarsıntılar keçirməkdədir. Ona görə də məhkəmənin təyin etdiyi 1000 manat bütün keçirdiyi və keçirməkdə davam etdiyi psixoloji sarsıntılarla uzlaşmır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-65/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və iddia tələbimin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Feyzullayeva (Məmmədəliyeva) Günel Eldar qızının vəkili X10 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-65/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam həcmdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddiaçı üzbəüz qonşusudur, münasibətləri yaxşı olmuşdur, onunla və ailə üzvləri ilə düşmənçiliyi və ədavəti olmamışdır. Günelin uşaqları onun evində, onun uşaqları Günelin evində bir yerdə oynamışlar. Küçəyə təzə kanalizasiya xətti çəkilmişdir, evdən də həmin kanalizasiya quyusuna xətt çəkmək lazım olmuşdur. Hər bir vətəndaş öz xəttini özü təmizləyib çəkməlidir. Buna görə də, xx.xx.2018-ci il tarixdə təxminən saat 16 radələrində küçəyə çıxıb kanalizasiya quyusunun qapağını qaldıraraq quyunun içinə baxmışdır ki, təmizliyini yoxlasın və yaxın günlərdə işə başlasın. Həmin quyunun dəmir qapağı ağırdır, petlə ilə açılıb-örtülür.Dəmir qapağı açanda üstündəki xırda, barmaq yoğunluğunda deşiklərə barmağını salıb, yarıya kimi qaldırmış, həmin anda da iddiaçının küçədə oynayan iki oğlu da qaçıb quyuya baxmağa gəlmişlər. İddiaçının kiçik oğlu lap yaxına gəlmişdir və həmin vaxt dəmir qapaq sürüşərək barmağından çıxmış və örtülmüşdür. İddiaçının Ramil adlı oğlu lap yaxında olduğundan dəmir qapaq onun sol ayağının barmaqlarının üzərinə düşmüş və o, qışqırmışdır. Ramilin ayağında barmaq tərəfləri açıq olan rezin şəpit ayaqqabısı olmuşdur, nazik corab geyinmişdir. Tez qapağı açıb uşağı qucağına götürərək, iddiaçının evinə getmiş və dayısı Elmana zəng vurmuşdur. Elman öz avtomaşını ilə gəlmiş və Ramili avtomaşına qoyaraq təcili Xaçmaz rayon xəstəxanasına çatdırmışlar. Orada Ramilin ayaq barmaqlarını Ayaz həkim tikmiş və evə göndərmişdir. Bununla bağlı həmin gün 250 manat xərci çıxmış, 200 manat da iddiaçı ödəmişdir. Bundan sonra da xərcləri çəkməyə hazır olduğunu iddiaçıya bildirmişdir. Uşağın belə olması onu kədərləndirmişdir. İndiyə kimi uşağın müalicəsinə cəmi 1350 manat pul xərcləmişdir. Bundan sonra uşaq evə gəlib gəzirdi, daha onun əlavə xərclər çəkməyə imkanı yoxdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-65/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X11 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-65/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-65/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh 1000 (min) manat məbləğində mənəvi ziyan tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, mənəvi ziyan görə Cavabdeh tutulacaq məbləğ 3000 (üç min) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Xaçmaz RPŞ-nin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli arayışından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 ayaq pəncəsinin İ barmağının proksimal falanqanın orta 1/3-nin, İİ barmağının orta falanqanın orta 1/3-nin postravmatik amputasiya güdülündən sonrakı vəziyyət diaqnozu ilə Xaçmaz RMX-da dispanser qeydiyyatındadır. Qusar Rayon Mərkəzi Xəstəxanasının xx xxxxx 2019-cu il tarixli, 9xx/xx-2019 saylı arayışından müəyyən olunur ki, X9 “Sol pəncənin İ-İİ barmaqlarının quru qanqrenası” diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına daxil olmuşdur, xx.xx.2018-ci il tarixində “Sol pəncənin İ-İİ barmaqlarının falanqalarının oynaq səviyyədə eksartikulyasiyası” cərrahi əməliyyatı aparılmış, xx.xx.2018-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2018-ci il tarixli rəyindən müəyyən olunur ki, 2011-ci il təvəllüdlü X1 ayağının İ və İİ barmaqları amputasiya olunmuşdur. Qeyd edilən xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2018-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birdən az olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 1369 saylı ekspert rəyindən müəyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhəri Ayəddin Babayev küçəsində kanalzasiysa quyusunun qapağının azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X4 ayağı üzərinə düşürməsi və uşağın sol ayağının İ və İİ barmaqlarının əsas falanqa səviyyəsində itirməsi nəticəsində İddiaçı kəskin emosional gərginlik halını keçirmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla o, hadisədən sonrakı dövrdə psixoloji sarsıntı keçirmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına iddianın maddi ziyan tələbi hissəsində sübuta yetirilməməsi əsası ilə təmin etməmiş, ekspert rəyinə istinad edərək mənəzi ziyana görə isə 1000 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 7000 manat müalicə xərclərinin və həmçinin uşağın gələcəkdə müalicəsi üçün zəruri olan 20000 manat məbləğində xərcin tutulması hissəsində iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı müalicə xərcləri ilə əlaqədar 7000 manat xərc çəkməsini, eləcə də gələcəkdə zəruri müalicə üçün 20000 manat məbləğində pulun tələb olunmasını göstərsə də, çəkilmiş xərclərə, eləcə də çəkiləcək xərclərə dair hər hansı sübut təqdim etməmiş, yalnız şifahi olaraq qeyd edlən məbləğdə xərc çəkdiyini və daha sonra da müalicə üçün müəyyən məbləğin zəruri olduğunu göstərmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X16 Məhkəməsinin «X3rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin çəkilmiş 7000 manat və gələcəkdə çəkiləcək 20000 manat məbləğində pul tələbi hissəsində sübuta yetirilməməsi əsasə ilə iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi keçirilmiş ekspertiza xərcinin cavabdehdən tutulması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən də qətnamə qeyd edilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi ziyana görə cavabdehdən 1000 manat məbləğində pulun tutulması hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” x xxxxxx 2008-ci il tarixli Plenum qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İş üzrə keçirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 1369 saylı ekspert rəyindən müəyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Xaçmaz şəhəri Ayəddin Babayev küçəsində kanalzasiysa quyusunun qapağının azyaşlı xx.xx.2011-ci il təvəllüdlü X4 ayağı üzərinə düşürməsi və uşağın sol ayağının İ və İİ barmaqlarının əsas falanqa səviyyəsində itirməsi nəticəsində İddiaçı kəskin emosional gərginlik halını keçirmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər əhəmiyyətli dərəcədə olmaqla o, hadisədən sonrakı dövrdə psixoloji sarsıntı keçirmişdir. Göründüyü kimi, iddiaçının yuxarıda qeyd edilən hadisə ilə mənəvi zərərə məruz qalmasını keçirilmiş ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən hadisə ilə əlaqədar mənəvi ziyan çəkməsi sübuta yetirildiyindən onun mənəvi zərərinin əvəzinin 1000 manat müəyyən edilməsi ağlabatan hesab edilə bilməz. Bu səbəbdən də iddiaçının çəkdiyi mənəvi zərərin əvəzinə görə qətnamə ilə tutulan 1000 manat məbləği dəyişdirilərək 3000 (üç min) manat müəyyən edilməsini məhkəmə kollegiyası ədalətli və ağlabatan hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti mənəvi zərərə görə pul tutulmasına dair hissədə qismən təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Beləki,iddiaçı həmin hissədə apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə,məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-65/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh 1000 (min) manat məbləğində mənəvi ziyan tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli, mənəvi ziyana görə Cavabdeh tutulacaq məbləğ 3000 (üç min) manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-65/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh 1000 (min) manat məbləğində mənəvi ziyan tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Mənəvi ziyan görə Cavabdeh tutulacaq məbləğ 3000 (üç min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2666/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2666/2020
13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver