Məhkəmə qərarları › İş №2(105)-2668/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2668/2021

13.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2668/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(067)-1697/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(067)-1697/2020 saylı qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilib, Cavabdeh 3105 manat (üç min yüz beş) manat pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “X3” MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 16 sentyabr 2020ci il tarixli, 2(067)-1697/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə iddiaçının xeyrinə 3105 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət və Cavabdeh arasında 17.11.2016-cı il tarixdə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmış, sonuncu administrator vəzifəsinə işə qəbul olunaraq onunla “X2” haqqında müqavilə imzalanmışdır. 30 iyul 2018-ci il tarixli, 318 k saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermiş, 10.04.2018-ci il tarixdə Oba-Bülbülə 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin MMC-yə zərər vurması müəyyən olunmuşdur. İnventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 3586 manat məbləğində olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borcdan 481 manat məbləğində güzəşt edilib və qalıq borc 3105 manat təşkil etmişdir. Cavabdehə qalıq borcu ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 16 sentyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən madi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi N.N.Xəlilov apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etdikdə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191, 192, 194, 199, 202.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı “X3” MMC və Cavabdeh arasında 17.11.2016-cı il tarixdə 3 (üç) ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmış və o, administrator vəzifəsinə işə qəbul edilmişdir, cavabdehlə “X2” haqqında müqavilə imzalanmış, 30.07.2018ci il tarixli 30 nömrəli əmrlə o, işdən azad edilmişdir. Cavabdeh ilə bağlı çalışdığı mağazada inventarizasiya aparılmış və cavabdehin “İnventarizasiya nəticələri”nə dair akta əsasən iddiaçıya 3105 manat (üç min yüz beş) manat maddi ziyan vurduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh 17.11.2016-cı il tarixli ərizəsindən müəyyən olunur ki, o, İddiaçınə administrator vəzifəsinə işə qəbul olunmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh arasında bağlanmış 17.11.2016-cı il tarixli əmək müqaviləsi və “Tam Məsuliyyət” haqqında müqavilələrdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh administrator vəzifəsinə işə qəbul olunmuşdur, aylıq əmək haqqının məbləği 175 (yüz yetmiş beş) manat müəyyən edilmişdir. 17.11.2016-cı il tarixli “X2” haqqında müqavilənin surətindən görünür ki, cavabdeh maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi tam layiqincə yerinə yetirməyi öz üzərinə götürmüşdür. 10.04.2018-ci il tarixdə Oba-Bülbülə 1 mağazasında aparılmış təhvil-təslim nəticələrinə dair akta əsasən Cavabdeh tərəfindən Cəmiyyətə 3586 manat məbləğində zərər vurması müəyyən olunmuşdur. 30.07.2018-ci il tarixli ərizədən müəyyən olunur ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə İddiaçınə müraciət etmiş, 30.07.2018-ci il tarixli, 318 k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 01.06.2020-ci il tarixli təftiş arayışından müəyyən olunur ki, 10.04.2018-ci il tarixində cavabdehlə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 3586 manat çatışmazlıq müəyyən olunmuş, yoxlamadan keçən dövrdə 481 manat Cəmiyyət tərəfindən güzəşt edilməklə, 3105 manat qalıq borcu vardır. 01.06.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh İddiaçınə vurduğu ziyanın məbləği 3105 manat məbləğində müəyyən edilmiş və borcun ödənilməsi barədə ona xəbərdarlıq edilmişdir. İş materialları ilə müəyyən olur ki, iddiaçı “X3” MMC Cavabdeh ilə 17.11.2016-cı il tarixdə 3 (üç) ay sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi və “X2” haqqında müqavilə imzalanması, əmək fəaliyyəti dövründə çalışdığı mağazada inventarizasiya aparılan zaman “İnventarizasiya nəticələri”nə dair akta əsasən iddiaçıya 3105 manat (üç min yüz beş) manat maddi ziyan vurmasına baxmayaraq ona edilmiş xəbərdarlıqların heç bir müsbət nəticə vermədiyindən məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə əmək münasibıətlərindən irəli gəlir. 10.04.2018-ci il tarixdə Oba-Bülbülə 1 mağazasında aparılmış təhvil-təslim nəticələrinə dair akta əsasən Cavabdeh tərəfindən Cəmiyyətə 3586 manat məbləğində zərər vurması müəyyən olunmuş və 30.07.2018-ci il tarixli, 318 k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər arasında əmək münasibıətlərindən irəli gələn mübahisə 10.04.2018-ci il tarixdə yarandığı halda, İddiaçı iddia ərizəsi ilə məhkəməyə 05.08.2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı tərəf mübahisə yarandığı vaxtdan 2il 3ay 25 gün keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ,Vİ və Vİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; d) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; e) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; f) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X2 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Bu maddənin birinci və ikinci hissələrində göstərilən X2 barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır. X2 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 296.5-cı maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Qanunvericiliyin tələbinə görə məhkəmənin öz təşəbbüsü ilə iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. İşin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyinə görə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMCnin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(067)-1697/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar