Məhkəmə qərarları › İş №2(105)-2672/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2672/2021

26.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2672/2021 26.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(027)-497/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(027)-497/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Quba Rayon Məhkəməsinin 14.05.2010-cu il tarixli, 2(027)-525/2010 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək, 13.01.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin alınıb İddiaçı verilməsi qət edilmiş, iddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli, 2(027)-525/2010 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək 13 yanvar 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh gəlirlərinin hər ay ¼ hissəsi miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 06 fevral 2004-cü il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından 13 yanvar 2005-ci il tarixdə X4 doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulması səbəbindən Quba Rayon Məhkəməsinin 28 avqust 2006-cı il tarixli qətnaməsi ilə nikahları pozulmuş, oğlu Hüseyn onun himayəsində saxlanılmış, X1 üçün cavabdehdən hər ay 20 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra Quba Rayon Məhkəməsinin 21 dekabr 2009-cu il tarixli qətnaməsi ilə oğlu Hüseynin saxlanılması üçün Cavabdeh hər ay 50 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Maddi vəziyyətinin ağır olması və qət edilmiş aliment məbləği olan 50 manatla uşağı saxlamaq mümkün olmadığı üçün alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli, 2(027)-525/2010 saylı qətnaməsi ilə 13 yanvar 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 aprel 2010-cu il tarixdən Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda qeyd edilən məbləğ uşağın bir aylıq tələbatını belə ödəmir. Oğlunun on altı yaşı tamam olmuş, artıq böyümüşdür. 170 manat məbləğində aliment artıq uşağın geyiminə belə çatmır. Uşağının tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Cavabdeh uşağı ilə maraqlanmır, o isə heç bir yerdə işləmir. Cavabdeh yüksək miqdarda pensiya alır. Belə ki, hələ 30 mart 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Nizami rayon şöbəsinin məktubundan görünür ki, Cavabdeh 935,40 manat məbləğində pensiya alır. Hazırda isə cavabdehin pensiyasının məbləği 935,40 manatdan da yüksəkdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələrindən də göründüyü kimi, alimentin artırılması barədə qətnamədə alimentin artırılaraq tutulduğu tarix iddianın verildiyi gündən hesablanmışdır. O, sonuncu dəfə alimentin artırılması ilə bağlı 2010-cu ilin əvvəlində məhkəməyə müraciət etmişdir. Həmin vaxtdan bu vaxta kimi alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmin vaxtdan 10 ildən çox müddət keçmişdir. Bu 10 ildə manat dəyərdən düşmüş, məhsulların, xidmətin qiyməti isə dəfələrlə artmışdır. Qətnamədə alimentin nə vaxtdan artırılmış qaydada tutulması qeyd edilməmişdir. Belə olan halda isə cavabdeh alimenti artırılmış qaydada verməmək üçün, hazırki qətnamədən sonuncu instansiya məhkəməsinə kimi müraciət edəcəkdir. Belə olan halda isə qətnamə formal xarakter daşıyacaq, alimentin artırılması faktiki olaraq icra edilməyəcəkdir. Onun uşağının isə 18 yaşı 2023-cü ildə tamam olacaqdır. Göründüyü kimi, cavabdeh artırılmış halda alimenti verməmək üçün bütün məhkəmə instansiyalarına müraciət edəcək, alimentin tutulması isə yalnız sonuncu məhkəmənin qərarından sonra icra ediləcəkdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilməsi, alimentin tutulmasının 15.01.2021-ci il tarixdən hesablanması, digər hissələrdə dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır. Belə ki, güzəştli şərtlərlə yaşa görə 1977,78 manat məbləğində əmək pensiyası alır. O, təzyiq və ürək xəstəsidir, mütəmadi şəkildə həkim müayinəsindən keçərək, daim müalicə alır. Bundan başqa, himayəsində birinci nikahından doğulmuş əmək qabiliyyəti olmayan epilepsiya xəstəsi olan oğlu və ailəsi vardır. Quba Rayon Məhkəməsinin 14.05.2010-cu il tarixli qətnaməsi ilə qət olunmuş 170 manat məbləğində alimenti o, hər ay gecikdirmədən cavabdehə ödəmişdir. Lakin Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə həmin məbləğin miqdarının dəyişdirilərək qazancının və başqa gəlirinin ¼ hissəsi miqdarında qət edilməsi onu ağır maddi məhrumiyyətlərə salacaqdır. Onun başqa gəlir və qazanc yeri yoxdur. Hüseyn Qəribovun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250-300 manat sabit pul məbləğində aliment ödəyə bilər. Uşağın saxlanılması hər iki valideynin borcudur və oğlu Hüseyn Qəribovun saxlanılmasında, maddi tələbatlarının ödənilməsində əmək qabiliyyətli olduğundan iddiaçıözü də işləyərək gəlir əldə etməklə, iştirak etməlidir. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilərək, alimentin miqdarının azaldılıb 13 yanvar 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı. Məhkəmə iclasında Cavabdeh özünün apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilməsinə, cavabdehin apellyasiya şikayəti isə iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 13.01.2005-ci il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah qeydi 22 fevral 2008-ci il tarixdə pozulmuş və Quba rayon Qeydiyyat şöbəsində akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli, 2(027)- 525/2010 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, 13 yanvar 2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 aprel 2010-cu il tarixdən Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının 29 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği 1977,78 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının dəyişdirilməsi barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissədə qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli, 2(027)- 525/2010 saylı qətnaməsi ilə 13 yanvar 2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 aprel 2010-cu il tarixdən Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2010-cu ildə yaşayış minimumu uşaqlar üçün 72 manat məbləğində müəyyən edilmişdir. Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli, 2(027)- 525/2010 saylı qətnaməsi qəbul olunan vaxtdan keçən 11 ildən artıq müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ artmış, bu isə iddiaçının uşağın saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, 13.01.2005-ci il təvəllüdlü X4 iddiaçının himayəsindədir, onun təhsil, sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür. Digər tərəfdən, Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli, 2(027)- 525/2010 saylı qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2010-cu ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşağın saxlanılması üçün 170 manat miqdarında aliment istehlak bazarında mövcud olan hazırki real qiymətlərlə uzlaşmır və uşağın minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 14 may 2010-cu il tarixli, 2(027)- 525/2010 saylı qətnaməsi qəbul edilərkən Cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləği 935,40 manat təşkil etmiş, hazırda isə pensiyasının məbləği 1977,78 manatdır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay uşağa görə qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment ödəmək iqtidarındadır. Cavabdeh apellyasiya şikayətində hər ay 300 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İşdən görünür ki, İddiaçı iddia tələbi Cavabdeh gəlirlərinin hər ay ¼ hissəsi miqdarında alimentin alınaraq ona verilməsi barədədir və cavabdeh Cavabdeh güzəştli şərtlərlə yaşa görə 1977,78 manat əmək pensiyası alır. İşdən görünür ki, birinci instansiya məhkəməsi miqdarı dəyişdirilmiş alimentin tutulmasının nə vaxtdan hesablanmasını qətnamədə göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 26-cı bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İs üzrə Quba Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(027)-497/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar