Məhkəmə qərarları › İş №2(105)-2678/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2678/2020

06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2678/2020 06.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ xx xxxxxx 2020-ci il İş № 2(105)-2678/2020 Sumqayıt şəhəri Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli, 2(034)- 427/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. (hakim G.İmanova) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edərək iddianın rədd olunmasına dair yeni qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, alimentin məbləğinin artırılaraq Cavabdeh onun xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur. Birgə nikahdan onların xx xxx 2010-cu ildə X8 və xx xxxx 2012-ci ildə X9 adlı uşaqları doğulmuşdur. Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun yanında saxlanılmışdır. Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə hər uşağa 154 manat olmaqla, cəmi 308 manat aliment kəsilmişdir. X6 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin qərarı ilə qüvvədə qalmışdır. Cavabdeh ona uşağların saxlanması üçün əlavə olaraq maddi cəhətdən köməklik etmir. Onlar boşandıqdan hazırkı vaxta kimi cavabdeh alimentdən başqa heç vaxt uşaqları saxlamaqda ona nə maddi, nə də mənəvi cəhətdən köməklik göstərməmiş və vaxtlı-vaxtında alimenti ödəməmişdir. Hazırda 308 manat alimentlə uşaqları saxlamaq ona tək qadın üçün çox çətindir, çünki uşaqlar böyüdükcə onların maddi cəhətdən də ehtiyaclarını təmin etmək çətinləşir. Ona görə də uşaqları saxlamaq üçün alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən hər uşağa 154 manat sabit pul məbləğində alimentin tutulması hazırkı dövrdə kifayət etmir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, qeyri-obyektivdir. Belə ki, qətnamə ilə artırılmış alimentin hansı tarixdən hesablanması göstərilməmişdir. Bundan başqa, o, Həbibə Abdullayeva adlı şəxslə 2-ci dəfə ailə qurmuşdur və həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü Uğur adlı bir övladı var. Həmçinin, bu nikah da faktiki olaraq pozulmuşdur və məhkəmə qətnaməsinə əsasən azyaşlı Uğurun saxanılması üçün ondan hər ay 160 manat sabit məbləğdə alimentin tutulması qət olunmuşdur. Hazırda heş bir yerdə işləmir və onurğa xəstəliyindən əziyyət çəkir. Yaşlı anası da onun himayəsindədir. Aliment barədə qətnamə çıxdıqdan sonra onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Onun hər ay 340 manat İddiaçı, 160 manat isə Həbibə Abdullayevaya aliment verməyə imkanı yoxdur. İddiaçı isə ingilis dili müəlliməsidir və aylıq gəliri normaldır. Onun isə gəlir yeri yoxdur. İddiaçı iddia tələbi ilə bağlı heç bir tutarlı sübut təqdim etməmişdir. Bu hallar məhkəmə tərəfindən nəzərə alınmadığından qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqram göndərərək səhhətində problem olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılamsını xahiş etmiş, iddiaçı apelyasiya şikayətinə etirazını göndərərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan AZ-İİ 480235 saylı və AZ-İİ 907754 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu ildə X8 və xx.xx.2012-ci ildə X7 adlı uşaqlar doğulmuşdur. Yenə iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2018-ci i ltarixli, 2(034)- 427/2018 saylı saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün qətnamə qanunu quvvəsini aldığı gündən hər bir uşağa sabit pul məbləğində 154 (yüz əlli dörd) manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə apelyasiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsilə, bu qətnamə isə Ali Məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş Qax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(024)-589/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün 160 manat miqdarında aliment alınıb Həbibə Abdullayevaya verilməsi qət edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 2009-cu ildən nikah münasibətlərində olmuş, faktiki nikah münasibətlərindən xx.xx.2010-cu ildə İqrar və xx.xx.2012-ci ildə Aylin adlı adlı uşaqları doğulmuşdur. Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2018-ci i ltarixli, 2(034)- 427/2018 saylısaylı qətnaməsilə bu uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda cavabdeh yenidən ailə qurmuş, bir azyaşlı oğlu olmuş, Qax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(024)-589/2019 saylı qətnaməsilə bu uşağın da saxlanması üçün Cavabdeh 160 manat miqdarında aliment tutulmuşdur. Hazırda iddiaçı aliment məbləğinin artırılmasını tələb edir. Mübahisənin həlli ilə bağlı məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normanın əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hazırkı halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı işin hallarından müəyyən edilir ki, cavabdeh ikinci dəfə ailə qurmuş, daha bir övladı olmuş, məhkəmə qətnaməsilə ondan bu uşağın saxlanması üçün də aliment tutulmuşdur. Başqa sözlə, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmasına dair heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər il yaşayış minumunun dəyişdirilməsi alimentin artırılması barədə tələblə məhkəməyə müraciət edilməsinə əsas vermir. Belə olan halda istinad olunan maddi hüquq normalarına görə alimentin yaşayış minimumu haqqında qanuna uyğun olaraq artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-118/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar