Məhkəmə qərarları › İş №2(105)-268/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-268/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-268/2022 18.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-5044/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-5044/2021 saylı qətnaməsi ilə İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 31 oktyabr 2019-cu il tarixli, 105897-PC********** saylı kredit xətti müqaviləsinin ləğv edilməsi, Cavabdeh 8456,13 manat əsas, 1739,57 manat faiz borcu, cəmi 10195,70 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manatın İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə cəmiyyət arasında bağlanmış müqaviləyə xitam verilməsi və Cavabdeh 8456,13 manat əsas, 1739,57 manat faiz borcu, cəmi 10195,70 manat borcun və 30,40 manat dövlət rüsumunun tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir, qətnaməni tamamilə qanunsuz, əsassız və ədalətsiz hesab edir. Məhkəmə bu işə baxarkən Azərbaycan Respublikası MPM-nin 14, 77, 78 və 88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki hallarına düzgün qiymət verməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə qaytarmaq şərti ilə kredit verilmiş və kredit üzrə ödənişlər edilmişdir. Lakin onun tərəfindən edilmiş ödənişləri bank faiz və cərimə borclarına çıxmış, nəticədə onun guya böyük məbləğdə borcunun olduğunu iddia etmişdir. Məhkəmə işə birtərəfli baxmış və onun banka olan dəqiq borcunun müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, bunu etməmişdir. Halbuki yalnız bununla banka olan dəqiq borcunun aydınlaşdırılması mümkündür. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, ekspert rəyi ilə razı deyil, əsas borca dair məbləğin hansı qaydada hesablaması məlum deyildir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)- 5044/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUALMƏSƏLƏLƏR: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarına iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə iş üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-5044/2021 saylı qətnaməsi Cavabdeh əsas borca görə 8456,13 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən əsas borca görə 8113,94 manat pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan bank ilə Cavabdeh arasında bağlanılmış 31 oktyabr 2019-cu il tarixli, 105897-PC********** saylı Kredit xətti müqaviləsindən görünür ki, Bank borcalana 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 8000 manat məbləğində kredit açmağı, borclu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Borc barədə maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh Banka 8456,13 manat əsas, 1739,57 manat faiz borcu olmaqla, cəmi 10.195,70 manat borcu vardır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsini, nəticədə kreditora borcu yaranmasını, kredit müqaviləsinin təminatı olaraq buna görədə kreditorun borcun əsas hissəsinin və ona hesablanmış faiz borclarının cavabdehdən tələb edilməsi tam əsaslı olmasını müəyyən etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739-cu MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini əsas və faiz borcu hissəsində təmin etməklə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, iddiaçı təşkilat ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. İş materiallarından da göründüyü kimi Cavabdeh bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Borclunun bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə əsas borca dair hissəsində dəyişdirilməlidir. İş materiallarından görünür ki, iddianı təşkilat cavabdehdən 8456,13 manat əsas, 1739,57 manat faiz borcu tələb etmiş, məhkəmə iddianı tam təmin etmişdir. İşə əlavə edilmiş 09 sentyabr 2022-ci il tarixli, 9/4133 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ilədək banka olan borcu əsas borc üzrə 8113,94 manat, faiz borcu üzrə 2405,86 manat təşkil edir. Göründüyü kimi ekspert rəyinə görə kredit müqaviləsi üzrə cavabdehin əsas borcu 8113,94 manat təşkil edir ki, bu da tələb edilən 8456,13 manatdan azdır. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, cavabdehdən əsas borcu üzrə 8113,94 manat məbləğində pul tutulmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi ilə faiz borc məbləği 2405,86 manat müəyyən edilsə də, iddiaçı təşkilat iddia tələbində cavabdehdən faiz borcuna görə 1739,57 manat pul tələb etdiyindən iddia tələbinin həcmindən kənara çıxılmamaqla ondan tələb edilən faiz borcuna görə pul məbləği 1739,57 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehdən tələb olunan borc mübahisələndirilmiş, məhkəmə kollegiyasının qərardadı ilə ekspertiza təyin edilmiş, ekspert rəyində cavabdehin borcu müəyyən edilmiş və keçirilmiş ekspert rəyi ilə də iddia ərizəsində tələb edilən əsas borc məbləği arasında az məbləğdə fərq olduğu aşkar edilsə də, faiz borcu tam təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilməli, faiz borcuna dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə iddiaçı bankın ödədiyi 30,40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması hissəsində gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qalan hissədə təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu dəlili ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı təşkilat müqavilə üzrə borcu tələb etməkdə haqlı olmuşdur. Həmçinin cavabdehin dəlilləri keçirilmiş ekspertizanın rəyi ilə təkzib edilir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)- 5044/2021 saylı qətnaməsi Cavabdeh əsas borca görə 8456,13 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən əsas borca görə 8113,94 manat pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(060)-5044/2021 saylı qətnaməsi Cavabdeh əsas borca görə 8456,13 manat, cəmi 10195,70 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh əsas borca görə 8113,94 manat, cəmi 9850,51 manat pul tutulması müəyyən edilsin. Qətnamə qalan hissədə qəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 200 manatın 150 (yüz əlli) manatı Cavabdeh, 50 (əlli) manatı"xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar