Məhkəmə qərarları › İş №2(105)-268/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-268/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-268/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(060)-4280/2022 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi. İşin halları:

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 03R000022304 saylı kredit razılaşması üzrə 15256,15 ABŞ dolları məbləğində kredit borcu, 4373,43 ABŞ dolları məbləğində faiz borcu və 24684,02 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 44313 (qırx dörd min üç yüz on üç) ABŞ dolları 60 (altmış) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2 , yaşayış sahəsi 51,6 m2 , yardımçı sahəsi 23 m2 olan 3 otaqlı 37 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 44313 (qırx dörd min üç yüz on üç) ABŞ dolları 60 (altmış) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2 , yaşayış sahəsi 51,6 m2 , yardımçı sahəsi 23 m2 olan 3 otaqlı 37 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüququnun itirilməsinə, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı QSCnə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bundan sonra, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 02 sentabr 2021-ci il tarixli iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" QSC -nin xeyrinə - 03R000022304 saylı kredit razılaşması 15256,15 ABŞ dolları məbləğində kredit borcu, 4373,43 ABŞ dolları məbləğində faiz borcu və 24684,02 ABŞ dolları məbləğində cərimə olmaqla ümumilikdə cəmi 44313 (qırx dörd min üç yüz on üç) ABŞ dolları 60 (altmış) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və cəmi 44313 (qırx dörd min üç yüz on üç) ABŞ dolları 60 (altmış) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzilə istifadə hüququnun itirilməsinə, onların həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli 03L000002637 saylı kredit xətti müqaviləsinə əsasən cavabdeh Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 03L000002637 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 50000 (əlli min) ABŞ dolları olaraq müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 03R000022304 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 23000 (iyirmi üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2014-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7743,85 ABŞ dolları ödəmiş, onun 15256,15 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2015-ci il tarixə 430 gün üçün hesablanmış faiz borcu 4373,43 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2015-ci il tarixə 430 gün üçün hesablanmış cərimə 24684,02 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka qoyan Cavabdeh3 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 03M000001316 saylı ipoteka müqaviləsi (Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2 , yaşayış sahəsi 51,6 m2 , yardımçı sahəsi 23 m2 olan 3 otaqlı 37 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən 210 №-li reyestr kitabının 40 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2 , yaşayış sahəsi 51,6 m2 , yardımçı sahəsi 23 m2 olan 3 otaqlı 37 mənzilin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh-ipoteka qoyan X4 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2015-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, xx.xx.2015-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2015- ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 13645 saylı sazişə əsasən zaminlik müqaviləsinə dəyişiklik edilmiş, Cavabdeh2 kredit xətti müqaviləsinə edilmiş dəyişiklik və əlavələrlə birlikdə bank qarşısında öhdəliklərinin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Sumqayıt şəhəri 19 nömrəli MİS tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 1407 saylı forma 2 arayışına əsasən Sumqayıt şəhəri 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 m2 , yaşayış sahəsi 51,6 m2 , yardımçı sahəsi 23 m2 olan 3 otaqlı 37 nömrəli mənzilində qeydiyyatda olan cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 həmin mənzil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və ipoteka predmetinə tutma yönəldildiyi təqdirdə və satıldıqda həmin mənzili qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər.

4. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.

5. İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 31 mart 2009-cu il tarixli 03L00002637 №li Kredit Xətti müqaviləsindən görünür ki, Bank kreditalan Cavabdeh1 120 (bir yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) ABŞ dolları məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür.

6. Kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 31 may 2013-cü il tarixli Sazişdən görünür ki, 31 mart 2009-cu il tarixli 03L00002637 №li Kredit Xətti müqaviləsinin 1.1 bəndində dəyişiklik edilərək kredit alana 50.000 ABŞ dolları kredit xətti açılır nəzərdə tutulmuşdur.

7. 31 may 2013-cü il tarixli 03R000022304 №li Kredit Razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq 2% olmaqla 36 ay müddətinə 23000 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. Kredit müaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.

8. İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında 16 fevral 2012-ci il tarixdə bağlanmış Zaminlik müqavilələrindən görünür ki, zaminlər 31 mart 2009-cu il tarixli 03L00002637 №li Kredit Xətti müqaviləsi və bu Kredit Xətti müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün üzərlərinə birgə məsuliyyət götürmüşlər.

9. İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh3 (borclu) və (ipoteka qoyan) arasında 31 may 2013-cü il tarixdə bağlanmış 03M00001316 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 31 mart 2009-cu il tarixli 03L00002637 №li Kredit Xətti müqaviləsi və bu Kredit Xətti müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasının təminatı olaraq iddiaçının xeyrinə ipoteka qoymuşdur.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, №0198114 “Çıxarış”ın surətindən görünür ki, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzil üzərində İddiaçı QSC-nin ipoteka yüklülüyü qeydə alınmışdır.

11. Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 xx.xx.2013-cü il tarixli ərizələrinin surətlərindən görünür ki, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 31 saylı binanın 37 nömrəli mənzilinin ipotekaya qoyulmasına etiraz etmirlər. İpoteka qoyulmuş əmlaka tutma yönəldiyi halda qeyd-şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər.

12. DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış ərizədən görünür ki, ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün müraciət edilmişdir.

13. "xxxx" MMC-nin “mənzilin Qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh3 məxsus olan, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 60000 (altmış min) manat, Likvid dəyəri 52000 (əlli iki min) manat təşkil edir.

14. AZ-İ № 655004 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə ölmüşdür.

15. İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh1 03R000022304 saylı, xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə borcu 15256 (on beş min iki yüz əlli altı) ABŞ dolları 15 (on beş) sent əsas, 3358 (üç min üç yüz əlli səkkiz) ABŞ dolları 83 (səksən üç) sent faiz, 13088 (on üç min səksən səkkiz) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində cərimə, cəmi 31703 (otuz bir min yeddi yüz üç) ABŞ dolları 73 (yetmiş üç) sent borc təşkil edir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2023-cü il tarixli, 10/543, 9/667 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən, 37 saylı mənzilin mövcud orta bazar dəyəri təqribən 89500,0 manat, likvid orta bazar qiyməti təqribən 85000,00 müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

17. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)- 4280/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15256 (on beş min iki yüz əlli altı) ABŞ dolları 15 (on beş) sent məbləğində kredit borcu, 4373 (dörd min üç yüz yetmiş üç) ABŞ dolları 43 (qırx üç) sent məbləğində faiz borcu və 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 20129 (iyirmi min yüz iyirmi doqquz) ABŞ dolları 58 (əlli səkkiz) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin likvid dəyərinin 52000 (əlli iki min) manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 20129 (iyirmi min yüz iyirmi doqquz) ABŞ dolları 58 (əlli səkkiz) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və Cavabdeh3 ümumi müştərək qaydada tutulması, Cavabdeh3 mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin mənzildən çıxarılmaları, mənzil boşaldılması və alıcıya təhvil verilməsi qət edilmişdir.

18. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit xətti müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 öldüyü üçün kredit müqaviləsi üzrə banka olan 15256 (on beş min iki yüz əlli altı) ABŞ dolları 15 (on beş) sent əsas borc, 3358 (üç min üç yüz əlli səkkiz) ABŞ dolları 83 (səksən üç) sent faiz borcu, 13088 (on üç min səksən səkkiz) ABŞ dolları 75 (yetmiş beş) sent məbləğində cərimə borcu, cəmi 31703 (otuz bir min yeddi yüz üç) ABŞ dolları 73 (yetmiş üç) sent məbləğində borcu ödənilməmiş qalmışdır.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743, 421.2, 472.1, 472.2, 467, 295, 279, 317.1, 319.1-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 39.3.3, 59.3 59.4-cü maddəsi və Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 80 və 106.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

20. Cavabdeh3 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-4280/2022 nömrəli qətnaməsinin tam ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit xətti müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 03R000022304 saylı kredit razılaşması əsasında Cavabdeh1 36 ay müddətinə 23000 ABŞ dolları kredit verilmişdir. Kredit xətt müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və o, zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1lə birgə məsuliyyət daşımışdır. İddiaçı iddia tələbi ilə 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən kredit xətti müqaviləsinin müddəti xx.xx.2019-cu ildə, kredit razılaşmasının müddəti isə xx.xx.2016-cı ildə başa çatmışdır. O, zaminlik müqaviləsinin şərtlərinə əsasən iddiaçı qarşısında məsuliyyət daşımışdır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən hazırkı iddia tələbinə görə məsuliyyət daşımır. Həmçinin, ünvan 1-nin satış qiyməti 52000 (əlli iki min) manat müəyyən edilmişdir. Hal-hazırda sözügedən mənzilin bazar dəyəri 85-90 min manat olduğu halda dəyərindən 30-35 min manat az qiymətləndirilmişdir. Bu da “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna ziddir. Həmçinin, məhkəmə iddia tələbinin zaminlərdən tutulması qərarını qəbul etmişdir. Halbuki, Cavabdeh1 vəfat etsə də, onun vərəsələri məhkəmə işinə cəlb edilməmiş, cavabdeh kimi tanınmamışdır. Bu da Mülki Məcəllənin tələblərinə ziddir. Göründüyü kimi, zaminliklə təmin edilmiş öhdəliyin icrası müddəti ötürüldüyündən ona qarşı iddia tələbinə xitam verilməlidir. Bundan əlavə daşınmaz əmlak sığorta olunmalı halda bank tərəfindən sığorta edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

22. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

23. Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etmişdir.

25. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, Cavabdeh5 və Cavabdeh6məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh3 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı əsassız olaraq təmin etməmişdir.

31. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit xətti müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 öldüyü üçün kredit müqaviləsi üzrə banka olan 15256, 15 ABŞ dolları əsas borc, 3358,83 ABŞ dolları faiz borcu, 13088,75 ABŞ dolları, cəmi 31703,73 ABŞ dolları borcu ödənilməmiş qalmışdır. Cavabdeh1 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Mübahisələndirilən kredit öhdəliyi zaminlik müqaviləsi ilə təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 borcunun ödənilməsi ilə bağlı üzərlərinə birgə məsuliyyət götürmüşlər. Eyni zamanda, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh3 ilə ipoteka müqaviləsi bağlanmış, sonuncu özünə məxsus daşınmaz əmlakı ipoteka qoymuşdur. Əsas borclu vəfat etdiyindən iddia tələbi zaminlərə qarşı irəli sürülmüşdür.

32. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

33. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh3 araşdırılan apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

34. Apellyator, şikayətin dəlili olaraq Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən hazırkı iddia tələbi üzrə məsuliyyət daşımadığını bildirmiş, həmçinin, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini mübahisələndirmişdir.

35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.

37. Apellyasiya şikayətinin dəlliləri ilə bağlı araşdırma apararaq məhkəmə kollegiyası aşağıda şərh olunanları qeyd edir:

38. Məhkəmə kollegiyası şikayətin zaminin araşdırılan iddia tələbi üzrə məsuliyyət daşımaması barədə dəlilini qanuni və əsaslı hesab edir.

39. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

40. İşin hallarından göründüyü kimi İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası ilə bağlı Zamin Bank qarşısında üzərinə tam məsuliyyət götürmüşdür.

41. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 31 mart 2009-cu il tarixli Kredit xətti müqaviləsi çərçivəsində 31 may 2013-cü il tarixli kredit razılaşması bağlanılarkən zaminin razılığının alınmasına dair zamin Cavabdeh2 ilə Saziş bağlanılsa da digər zamin Cavabdeh3la müqavilədə aparılmış dəyişlikləri nəzərdə tutan Saziş bağlanılmamışdır. Zaminlik müqaviləsindən göründüyu kimi zamin 120 ay müddətinə 20000 ABŞ dolları kredit xəttinə görə üzərinə məsuliyyət götürmüşdür. Kredit Sazişindən görünür ki, ayrılmış kreditin məbləği artırılaraq 23.000 ABŞ dolları olmuşdur. Bu halda zaminə kredit məbləğinin dəyişdirilməsi və onun məsuliyyətinin artması ilə bağlı vəzifələrini izah edən Saziş bağlanılmalı olduğu halda belə bir Saziş bağlanılmamışdır.

42. Qeyd olunan Plenum Qərarında kreditin ümumi məbləğinin artırılması zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması əsaslarından biri kimi nəzərdə tutulmuşdur.

43. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

44. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 14 iyul 2015-ci il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 386, 470 və 471-ci maddələrinin tələblərinə uyğun olaraq yalnız tərəflər arasında yazılı formada bağlanmış zaminlik müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üsulu kimi qəbul oluna bilər. Həmçinin göstərilmişdir ki, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan Mülki Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsi iradə sərbəstliliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər.

45. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə görə zaminlik müqaviləsi hüquqi təbiətinə görə əvəzsiz əqd olmaqla həmişə müqavilə hesab edilmiş və Mülki Məcəllənin 471-ci maddəsinin tələbinə görə yazılı formada bağlanan müqavilədir.

46. Göründüyü kimi ayrıca müqavilə formasında bağlanan zaminlik əsas öhdəliyin təminatı qismində çıxış edə bilər. Qeyd edilməlidir ki, müqaviləyə edilmiş dəyişiklik müqavilənin tərkib hissəsi olmaqla eyni üsulla həyata keçirilməlidir. Bu baxımdan məhkəmə ödəniş planında zaminin razılığının olmasını müqavilə şərtlərini müəyyən etmək azadlığı ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun hesab etmir.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən araşdıralan mübahisə üzrə Cavabdeh3 münasibətdə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh3 qarşı yönəlimiş tələb əsassızdır və təmin edilə bilməz.

48. Məhkəmə kollegiyası apellyatorun ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsi ilə bağlı dəlili ilə razılaşır və bununla bağlı aşağıdakıları göstərir:

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq, qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq, müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır.

50. Apellyator ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirdiyindən məhkəmə kollegiyasının qərardadı ilə ekspertiza təyin edilmişdir.

51. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2023-cü il tarixli, 10/543, 9/667 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 31 saylı evin, 37 saylı mənzilin mövcud orta bazar dəyəri təqribən 89500 manat, likvid qiyməti təqribən 85000 müəyyən olunmuşdur.

52. Məhkəmə kollegiyası Ali Məhkəmənin qeyd edilən qərardadını diqqətə alaraq hesab edir ki, apellyasiya şikayəti ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə təmin edilməlidir. Məhkəmə kollegiyası ipoteka ilə yüklü edilmiş əmlakın likvid qiyməti olaraq müəyyən edilmiş 85000 manat məbləği ipoteka predmetinin ilkin satış qiyməti olaraq müəyyən edilməsini əsaslı və işin faktiki hallarına uyğun hesab edir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-4280/2022 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh3 məxsus olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 31 saylı evin, 37 saylı mənzilin likvid qiyməti 85.000 manat müəyyənləşdirilməlidir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, iddianı tam təmin etməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.

54. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-4280/2022 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-4280/2022 nömrəli qətnaməsi Cavabdeh3 borcun tutulması hissədə ləğv olunmalı, həmin hissədə iddia təmin edilməməli, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin müəyyən edilmiş 52000 manat likvid dəyəri dəyişdirilərək 85000 manat müəyyən edilməlidir.

55. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat Cavabdeh3 alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməlidir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-4280/2022 nömrəli qətnaməsi Cavabdeh3 borcun tutulması hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh3 qarşı borcun tutulması hisəsədə iddiası təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(060)-4280/2022 nömrəli qətnaməsi ipoteka predmetinin likvid dəyərinin 52.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilsin. Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 31 saylı binanın 4-cü mərtəbəsində ümumi sahəsi 74.6 kv.m, yaşayış sahəsi 51,6 kv.m, yardımçı sahəsi 23 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin likvid dəyəri 85000 (səksən beş min) manat müəyyən edilsin. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 50 (əlli) manat Cavabdeh3 alınaraq SAP (XİİS) hesabı X1 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar