Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2686/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3395/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3395/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılaraq fərdi yaşayış evinın boşaldılması, hazırkı qətnamənin göstərilən şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3395/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlərin Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllədə yerləşən, 99/1 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaqla evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırdı ki, mübahisəli ev Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-93/2018 saylı, 28.03.2018-ci il tarixli icra sənədinə əsasən iddiaçıya 79688 manata satılmışdır. Müəyyən olunmuş kredit məbləğlərinin əksər hissəsi ödənilmiş və həmçinin ödəniş hələ də davam edir. Kredit müqaviləsi bağlanan zaman bank tərəfindən bir sıra qanunsuzluqlara yol verilmişdir. Kredit müqaviləsinə əsasən ödənişin ABŞ dolları ilə ediləcəyi sonradan məlum olmuşdur. Həmçinin 18.03.2020-ci il tarixli hərrac nəticələri düzgün qiymətləndirilməmişdir və bu məsələ mübahisələndiriləcəkdir. Hazırda iddiaçı bank qanunsuz olaraq onların evdən çıxarılmasını tələb edir. Onun və ailə üzvlərinin istifadə hüququ əsasız olaraq məhdudlaşdırılır. Ailə üzvləri və o, həmin fərdi yaşayış evində qeydiyyatdadırlar və hazırda mübahisəli fərdi yaşayış evindən başqa mənzil yoxdur. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3395/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməli, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, məhkəmə qətnaməsi ilə cavabdehlərdən tələb olunan borcun əvəzinə tutma mübahisəli mənzilə yönəldilmiş, mənzil açıq hərracda satılmış və təmsil etdiyi təşkilat tərəfindən alınmış, əmlak mülkiyyət hüququ əsasında bankın adına rəsmiləşdirilmişdir. Bank tərəfindən mənzilin boşaldılması və Banka təhvil veriməsi üçün əmlakın əvvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də bu heç bir nəticə verməmişdir. Cavabdehlərin iddiaçı təşkilata məxsus mənzildə yaşamaları mülkiyyətiçinin hüquqlarını pozur. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3395/2021 saylı, 20 may 2021ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabbehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3395/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyşdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh1 xx.xx.1971-ci ildə, Cavabdeh5 xx.xx.1974-cü ildə, Cavabdeh2 xx.xx.1944-cü ildə, Əjdər Əsgərli xx.xx.1996-cı ildə, Cavabdeh4 xx.xx.1995-ci ildə doğulmuşdur və mübahisəli fərdi yaşayış evində qeydiyyatdadırlar. İşdə olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələri haqqında 18.03.2020-ci il tarixli 48/1 saylı protokoluna əsasən mübahisəli ev Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-93/2018 saylı, 28.03.2018-ci il tarixli icra sənədinə əsasən iddiaçıya 79688 manata satılmışdır. Bununla bağlı “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” ilə iddiaçı arasında eyni tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. İşdə olan Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mübahisəli ev üzərində iddiaçının mülkiyyət hüququ 01.12.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutma mübahisəli evə yönəldilmiş və mənzil hərrac nəticəsində iddiaçının mülkiyyətinə keçmişdir. Hal-hazırda iddiaçı öz mülkiyyətində olan fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini və evin boşaldılmasını tələb edir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan evdə qeydiyyatda qalmaları və həmin evdə yaşamaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Məhkəmə kollegiaysı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulmalı borca görə mübahisəli mənzilə tutma yönəldilmiş, həmin məhkəmə qətnamələri qanuni qüvvəsini almış, daha sonra mübahisəli mənzil hərracda satılmış və iddiaçı təşkilat tərəfindən alınmışdır. Bundan sonra mənzilə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınaraq ona çıxarış verilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətinə keçsə də cavabdehlər mübahisəli mənzildən könüllü çıxmamışdır. Belə olan halda, iddiaçı təşkilat mülkiyyətində olan mənzilə dair hüquqlarını həyata keçirə bilməmişdir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, mübahisəli mənzil iddiaçı təşkilatın mülkiyyətindədir və cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaları və yaşamaları iddiaçının mənzilə dair mülkiyyət hüquqlarından irəli gələn hüquqlarını həyata keçirməsinə maneə yaranır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edilməlidir və şikayətin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3395/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyşdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3395/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2686/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2686/2021
12.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver