Məhkəmə qərarları › İş №2(105)-2687/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2687/2020

12.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2687/2020 12.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1250/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1250/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Anar Sadıqov) İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 1598 manat məbləğində pulun, sənədlərin təsdiqi üçün ödənilmiş 15 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus “BMW 528” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərin əvəzi olaraq 1598 manat pulun, sənədlərin surətlərinin təsdiq olunması üçün ödənilmiş 15 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə saat 21-22 radələrində Xaçmaz-Nizova yolunda özünə məxsus heyvanları idarə etdiyi maşınla yola qovmuş, idarə etdiyi avtomaşının işıqlarını onun gözünə vurmuş, nəticədə idarə etdiyi “BMW 528” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla cavabdehin yola ötürdüyü camışı vurmuşdur. Hadisə yerinə Xaçmaz rayon Polis şöbəsinin DYPB-nin əməkdaşları gəlmişlər. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh günahı üzündən, yəni özbaşına olaraq özünə məxsus heyvanları maşını ilə yola qovmuş, bu səbəbdən də hadisə baş vermişdir. Bu barədə olan xx.xx.2020-ci il tarixli inzibati tənbeh verilmə haqqında TP ******* saylı qərarla Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.5.1ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasının xx.xx.2020-ci il tarixli, 830 saylı ziyan aktından görünür ki, ona məxsus “BMW 528” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomaşına 1598 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra dəfələrlə cavabdehin yaşadığı Niyazoba kəndinə getməklə, dəymiş ziyanın ödənilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə maddi ziyanı ödəməkdən boyun qaçırmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Xaçmaz rayon Polis şöbəsinin YPX-nin əməkdaşı ondan xəbərsiz Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsi ilə onu təqsirli bilib 40 manat miqdarinda cərimə etmişdir. Bu barədə onun heç bir məlumatı olmamış, həmin qərarın surəti ona verilməmişdir. İddiaçının dedikləri həqiqətə uyğun deyildir. O, məhkəmə iclasında cəmi bir dəfə iştirak etmiş, bundan sonra məhkəmə ona bildiriş göndərməmişdir. Məhkəmə qətnaməsində onun məhkəmə proseslərində iştirak etdiyi yazılır. O, camışını öldürdüyünə görə iddiaçıdan pul tələb etmiş və sübuta yetirmişdir ki, əgər iddiaçı avtomobilini yavaş sürsəydi, onun heyvanı tələf olmaz və iddiaçının avtomobili o qədər də əzilməzdi. Hallbuki, hadisə baş verən yolda sürətin saatda 40 kilometr olması barədə işarə qoyulmuşdur. İddiaçıdan heyvanın pulunu tələb etdiyinə görə onu qabaqlayaraq məhkəməyə vermişdir. Hadisə yerində onun həmkəndliləri olmuş və hadisəni görmüşdülər. Əgər məhkəmə zamanı onu məhkəmə zalına dəvət etsəydilər, sübut üçün şahidlərini məhkəmə iclasına gətirərdi. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AD seriyalı, 186198 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 528” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx xxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə saat 19 radələrində nəqliyyat vasitəsini idarə edərkən Cavabdeh tərəfindən yolda nəzarətsiz qoyulmuş mal-qaranı vurmuş, bununla da Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyasının xx xxxxx 2020-ci il tarixli, 830 saylı ziyan aktından görünür ki, İddiaçı məxsus “BMW 528” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın məbləği 1598 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1110-cu maddəsinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh öz heyvanını yolda nəzarətsiz qoyması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və İddiaçı məxsus “BMW 528” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1598 manat məbləğində ziyan dəymişdir. xx xxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli olması inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx xxxx 2020-ci il tarixli qərarla da təsdiq olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri məhkəmə kollegiyası əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, İddiaçı cavabdehdən 1598 manat tələb edir. Azərbaycan Respublikası MPM-nin 404- 1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1250/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar