Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2689/2021 14.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(060)-1887/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(060)-1887/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7976,21 manat əsas borc, 1281,61 manat faiz borcu olmaqla, cəmi 9257,82 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada 04 oktyabr 2019-cu il tarixli, 200804-776484/1 nömrəli kredit müqaviləsi üzrə 7976,21 manat əsas borc, 1281,61 manat faiz borcu olmaqla, cəmi 9257,82 manat borcun və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun tutularaq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Cavabdeh1 arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli, 200804-776484/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi üçün 48 ay müddətinə, illik 27% dərəcəsi ilə 8500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər Cavabdeh2 arasında 04 oktyabr 2019-cu il tarixli, 200804-776484/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borclarını ödəməmişlər. 19 oktyabr 2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 7976,21 manat məbləğində əsas borcu, 1281,61 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 9257,82 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin 5.4.3-cü və 5.4.6-cı bəndlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə əsas borcu, faizləri ödəməyi, öhdəliyin icra edilməməsi səbəbindən irəli gələn bütün xərcləri müqavilədə müəyyən olunmuş qaydada banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 8.1-ci maddəsinə əsasən ödəniş cədvəlində və ya xəbərdarlıqda (pretenziyada) müəyyən edilən müddətlərdə öhdəliklər vaxtında tam icra edilmədikdə kredit gecikdirilmiş hesab edilir. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən icra olunmasına, o cümlədən öhdəliklərin icra olunmaması halında borcalana qarşı iddia qaldırıldıqda bank tərəfindən çəkilmiş xərclərin və digər pul tələblərinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və ədalətsiz qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində onun faktiki ünvanı bəlli olmadığından ona xəbər verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Halbuki ona məhkəmə barədə məlumat verilməli, borc məsələsi onun iştirakı ilə araşdırılmalı idi. Bundan başqa, iddiaçının nümayəndəsi məhkəmədə bildirmişdir ki, o, əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuş, borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, banka olan borclarını ödəməmiş, 19 oktyabr 2020-ci il tarixinə kredit müqaviləsi üzrə 7976,21 manat məbləğində əsas borcu, 1281,61 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 9257,82 manat məbləğində kredit borcu yaranmışdır. Məhkəmə qətnaməni iddiaçının mənafeyinə uyğun şəkildə qət etmişdir. Əgər o, məhkəmədə iştirak etsəydi, bəzi borcunun ödəməməyinin səbəbləri ilə bağlı fikrini bildirərdi. O, 2020-ci ilin mart ayına qədər ödənişləri vaxtlı-vaxtında həyata keçirmişdir. Lakin dünyada baş vermiş pandemiya, ölkə ərazisində elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq işi dayanmış və ödəmə qabiliyyəti olmamışdır. Göründüyü kimi, öhdəliyi icra etməməsinin səbəbi məhz baş vermiş bu hadisə ilə bağlı olmuşdur. Həmçinin qeyd edilən əsas və faiz borcu ilə razı deyildir, həm əsas, həm də faiz borcu əsassız hesablanmışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış 04 oktyabr 2019-cu il tarixli, 200804-776484/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə, illik 27 faiz ödənilməsi şərti ilə 8500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli, 200804- 776484/1 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış 04 oktyabr 2019-cu il tarixli, 200804- 776484/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün Cavabdeh2 bank qarşısında məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 04 oktyabr 2019-cu il tarixli kassa məxaric orderlərinin surətlərindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh1 1600 və 6900 manat ödənilmişdir. İş materiallarında olan 19 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 oktyabr 2019-cu il tarixli, 200804-776484/1 saylı kredit müqaviləsi üzrə həmin tarixə banka 7976,21 manat əsas borcu, 1281,61 manat faiz borcu olmaqla, cəmi 9257,82 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı tərəfindən Cavabdeh1 ünvanlanmış 04 may 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, 04 oktyabr 2019-cu il tarixli, 200804-776484/1 saylı kredit müqaviləsi üzrə borcu 5 gün müddətinə ödəməsi tələb edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış 04 oktyabr 2019-cu il tarixli, 200804-776484/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə, illik 27 faiz ödənilməsi şərti ilə 8500 manat məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin hallar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh1 münasibətdə iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində əsas və faiz borcundan narazı olduğunu göstərsə də, bu dəlilini əsaslandırmamışdır və onun bu dəlili iş materiallarında olan malliyə arayışı ilə təkzib olunur. Cavabdeh apellyasiya şikayətində məhkəmə iclasının onun iştirakı olmadan keçirildiyini qeyd etmişdir. İşin 28 və 37-ci vərəqələrində olan zərflərdən görünür ki, cavabdehə məhkəmə bildirişləri onun qeydiyyatda olduğu ünvana göndərilmiş, bü ünvanda yaşamır qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(060)-1887/2021 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2689/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2689/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver