Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2704/2021 28.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(060)-5539/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim A.İsmayılov) ərizənin təmin edilməsi, Cavabdeh məxsus Sumqayıt şəhəri, 9 mkr., (təzə) 72 saylı evin, 75 saylı mənzilinin üzərinə həbs qoyulması və həmin mənzilin özgəninkiləşdirilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(060)-5539/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsassız hesab edilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh qarşı «borcun tutulması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11 iyun 2008-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 12181.08 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12181.08 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı ASC iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Sumqayıt şəhəri, 9 mkr., (təzə) 72 saylı evin, 75 saylı mənzilinin üzərinə həbs qoyularaq, həmin mənzilin özgəninkiləşdirilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair iddianın təmini tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddianın təmin edilməsi barədə qərardada əsasən üzərinə həbs qoyulmuş mənzil onun yeganə yaşayış vasitəsidir. Hazırki qərardad Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2000-ci il tarixli, 89 nömrəli qərarına zidd olduğundan qərardad ləğv edilməli və İddiaçı ASC-nin iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməsini əsaslı olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, iddiaçı Cavabdeh məxsus Sumqayıt şəhəri, 9 mkr., (təzə) 72 saylı evin, 75 saylı mənzilinin üzərinə həbs qoyularaq, həmin mənzilin özgəninkiləşdirilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsini xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) Mülki Prosessual Məcəlləsinin 158.1.2. maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 12181.08 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 12181.08 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədədir. Hazırki iddianın təmini tədbiri mövcud vəziyyəti mübahisənin həllinə qədər saxlamaq məqsədi daşımaqla və iddiaçının pozulması ehtimal etdiyi hüquqlarının davamlığının qarşısının alınmasına xidmət etmir. Bu səbəbdən iddianın təmin etmə tədbiri barədə ərizənin təmin edilməsi üçün heç bir səbəb olmadığından, ərizə təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 16 iyun 2021-ci il tarixli və 05 iyul 2021-ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayət təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 16 iyun 2021-ci il tarixli və 05 iyul 2021-ci il tarixli qərardadları ləğv edilsin. Cavabdeh məxsus Sumqayıt şəhəri, 9 mkr., (təzə) 72 saylı evin, 75 saylı mənzilinin üzərinə həbs qoyularaq, həmin mənzilin özgəninkiləşdirilməsinin Cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair iddianın təmini tədbiri barədə ərizə rədd edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2704/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2704/2021
28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver