Məhkəmə qərarları › İş №2(105)-2707/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2707/2020

27.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2707/2020 27.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı dəymiş ziyanın ödənilməsinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-273/2020 saylı qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-273/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh oğlundan 5000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi qət olunmuşdur. (hakim E.Hümbətov) Qətnamədən Cavabdeh oğlu apelyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-273/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İ Çaylı kəndində yaşayır və təsərrüfatla məşğul olur. Heyvanlarının qış mövsümü üçün yem tədarükünü yay aylarına etməklə qış mövsümünə öz hazırlığını görür. Bu məqsədlə iyun-iyul aylarında 1000 ədəd bağlı ot və 600 ədəd bağlı küləşi həyətindəki çardağın altına yığmışdır. xx xxxx 2017-ci il tarixdə, günorta saatlarında həyətindəki ot və küləşin yandığını görmüş, dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Eyni zamanda öyrənmişdir ki, ot tayası qonşusu Cavabdeh oğlunun azyaşlı oğlu Ayxan tərəfindən yandırılmışdır. Ayxan babası X2 yanında dindirilmiş və o, təsdiq etmişdir ki, həqiqətən də ot tayasını yandırmışdır. Nəticədə 1000 ədəd bağlı ot və 600 ədəd bağlı küləşi, həmçinin həyətindəki çardaq yanaraq məhv olmuşdur. Ümumilikdə isə ona 5000 manat məbləğində ziyan dəymişdir. Cavabdeh öz növbəsində uşağının yetirdiyi maddi zərərin əvəzinin onun tərəfindən ödəniləcəyinə söz vermiş, lakin hadisədən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, bu günə kimi dəymiş zərər ödənilməmişdir. Cavabdeh ona dəymiş zərəri könüllü olaraq ödəmək fikiri yoxdur, müxtəlif bəhanələrlə bu işi yubadır. Həmin il heyvanlarını qış mövsümündən çıxarmaq üçün baha qiymətlərlə ot və küləş almağa məcbur olmuşdur. Buna görə də Cavabdeh oğlundan azyaşlı övladı Ayxan tərəfindən ona yetirilmiş 5000 manat məbləğində maddi zərərin və iddia üçün ödədiyi 30 manat dövlət rüsumunun əvəzi alınaraq ona verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razı deyildir. Məhkəmə mübahisəni araşdırarkən işin bütün faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iddianın təmin edilməli olduğu qənaətinə gəlmək üçün yalnız Şamaxı Rayon Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad etmiş və həmin qərarla iddiaçıya maddi zərərin onun Ayxan adlı azyaşlı övladının vurduğunun təsdiqləndiyinini göstərmişdir. Halbuki o, iddiaçıya məxsus ot tayasının onun azyaşlı övladının yandırmadığını, Şamaxı RPŞ-nin xx.xx.2019-cu il tarixli qərarında göstərilənlərin tamamilə absurd olduğunu və qərardan şikayət vermək niyyətində olduğunu, lakin qərarın surətinin ona verilmədiyini bildirmişdir. Hal-hazırda o, qeyd edilən qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermişdir və iş Şamaxı Rayon Məhkəməsinin icraatındadır. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının heç birinə əhəmiyyət vermədən qanunsuz qətnamə qəbul etmişdir. Buna görə də qətnamə ləğv olunmalı, iddia isə rədd edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Cavabdeh oğlunun nümayəndəsi və vəkili X10 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı Cavabdeh oğlu teleqramla məhkəməyə müraciət edərək xəstə olmasını, buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İİ 237875 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh oğlu, anası X1r. İşə əlavə edilmiş Şamaxı rayon Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmişdir ki, araşdırma zamanı Şamaxı rayonu, İ Çaylı kəndində yaşayan X5 babası Səmidpaşa Səmədovun iştirakı ilə izahatı alınmış, o, izahatında xx.xx.2017-ci il tarixdə, saat 13:30 radələrində qonşuları İddiaçı mal damının yanından keçib gedərkən əlində olan kibrit qutusundakı çöplərdən yandırıb ata-ata evlərinə getdiyini, evə çatanda İddiaçı damının yandığını gördüyünü, ola bilsin ki, damın onun yandırıb atdığı kibrit dənələrindən yanmasını və onun ot tayasını qəsdən yandırmadığını bildirmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2009-cu il təvəllüdlü olmaqla hal-hazırda İ Çaylı kənd orta məktəbinin 3-cü sinif şagirdidir. Odur ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar yanğını törətmiş X5 azyaşlı olmaqla cinayətin subyekti hesab edilmədiyindən xx xxxxxxxx 2017-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Material Şamaxı rayon prokuroru, baş ədliyyə müşaviri Müşfiq Səfərov tərəfindən tələb edilərək öyrənilmiş, materialın “Cinayətlər barədə ərizə və məlumatların uçotu” kitabında qeydə alınmaması, eləcə də hadisə ilə əlaqədar bir sıra xüsusatların əlavə olaraq tam və hərtərəfli araşdırılmaması qeyd olunaraq xx.xx.2017-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilmiş və material əlavə araşdırılması üçün Şamaxı RPŞ-nin İB-nə qaytarılmışdır. Əlavə araşdırma zamanı, Cavabdeh oğlu izahatında bildirmişdir ki, İddiaçı onun həmkəndlisi olmaqla yanaşı, həm də qonşusudur. xx.xx.2017-ci il tarixdə o, Bakı şəhərində olmuş, bir heçə gün sonra kəndə gəldikdə eşitmişdir ki, qonşusu Hidayətin ot tayası yanıb. Belə ki, Rövşən ona yaxınlaşıb ot tayasının onun azyaşlı oğlu Ayxan tərəfindən yandırılmasını deyib. Ondan sonra o, Rövşənlə birlikdə kənd məscidinin axundu Gülpaşa İbrəhimovun yanına gedərək onun yanında o, Rövşənə söz vermişdir ki, imkanı olduqda Rövşənə maddi yardım edəcək. Lakin hal-hazıra kimi imkanı olmadığı üçün Rövşənə heç bir köməklik edə bilməyib. Araşdırma zamanı X4 izahatında kürəkəni Cavabdeh dediklərinə oxşar izahat verərək həmkəndlisi Rövşənin ot tayasının azyaşlı nəvəsi Ayxan tərəfindən yandırılması barədə eşitdiyini bildirmişdir. Araşdırma zamanı X3 izahatında həqiqətən də həmkəndliləri Cavabdeh və İddiaçı onun yanına gələrək Rövşənin ot tayasının Elşənin azyaşlı oğlu Ayxan tərəfindən yandırılması ilə əlaqədar onun yanında Elşənin imkanı olan kimi Rövşənə maddi köməklik edəcəyi barədə söz verdiyini və barışaraq oradan getdiklərini bildirmişdir. Beləliklə də baş vermiş yanğın hadisəsi ilə əlaqədar yanğını törətmiş X5 azyaşlı olmaqla cinayətin subyekti hesab edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan İ Çaylı Bələdiyyəsinin 27 saylı arayışından görünür ki, xx xxxx 2017-ci il tarixdə Şamaxı rayon İ Çaylı kənd sakini İddiaçı məxsus ot tayasında yanğın hadisəsi baş vermişdir. Baş vermiş yanğın nəticəsində ona 5000 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Dövlət yanğından Mühafizə Xidməti Şamaxı rayon Dövlət yanğından Mühafizə hissəsinin xx xxxx 2017-ci il tarixli yanğın haqqında ilkin məlumat sənədindən görünür ki, Şamaxı rayon DYMK-nə yanğın məlumatı daxil olmuş, dərhal hadisə yerinə 2 ədəd yanğınsöndürən avtomobili ilə 12 nəfər şəxsi heyət cəlb edilmiş, Şamaxı rayon İ Çaylı kənd sakini İddiaçı Qubad oğluna məxsus ot tayası yanmışdır. Yenə iş materiallarında olan Fövqəladə Hallar Nazirliyi Dövlət yanğından Mühafizə Xidməti Şamaxı rayon Dövlət yanğından Mühafizə hissəsinin yanğının hesabat vərəqəsindən görünür ki, baş vermiş yanğın hadisəsi nəticəsində İddiaçı hadisə yerinin müayinəsindən və Şamaxı rayon İ Çaylı Bələdiyyəsinin verdiyi arayışa əsasən 5000 manat dəyərində maddi ziyan dəymişdir. Yanğın haqqında xx xxxxxx 2017-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, baş vermiş yanğının kənardan atılmış od nəticəsndə əmələ gəldiyi qeyd edilmişdir. İşdə olan Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilmiş, Şamaxı rayon Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-83/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, tərəflər qonşu olmaqla Şamaxı rayonu, İ Çaylı kəndində yaşayırlar. xx xxxx 2017-ci il tarixdə İddiaçı məxsus ot tayasında yanğın hadisəsi baş vermişdir. Bunun nəticəsində iddiaçıya məxsus ot və küləş məhsulları, həmçinin çardaq yanmış, ona maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar polis araşdırması aparılmış, məlum olmuşdur ki, yanğını məhz cavabdehin azyaşlı oğlu ehtiyyatsızlıqdan törətmişdir. Cavabdeh bunu etiraf etmiş və dəymiş ziyanı iddiaçıya ödəyəcəyinə söz vermişdir. Lakin işdən görünür ki, maddi ziyanla bağlı heç bir hərəkət edilmədiyindən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1103.1-ci maddəsinə əsasən on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Eyni Məcəllənin 1103.4-cü maddəsinə əsasən valideynlərin (övladlığa götürənlərin), qəyyumların, təhsil, tərbiyə, müalicə müəssisələrinin və digər müəssisələrin azyaşlının vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə azyaşlı yetkinlik yaşına çatdıqda və ya zərərin əvəzini ödəmək üçün yetərli əmlak əldə etdikdə xitam verilmir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. İddiaçı tələbini ona məxsus 1000 ədəd bağlı otun, 600 ədəd bağlı küləşin və həyətindəki çardağın cavabdehin oğlu Ayxan Ağakişiyevin törətdiyi yanğın nəticəsində məhv olması ilə əlaqədar ona iddia edilən miqdarda zərər dəyməsi ilə əsaslandırmışdır. Cavabdeh iddiaçının həyətindəki çardağın, bağlı ot və küləş taylarının yanması nəticəsində iddiaçıya iddia edilən miqdarda zərər dəyməsi halını mübahisələndirməmiş, nəzarət etməyə borclu olduğu xx.xx.2009-cu il təvəllüdlü övladının yetirdiyi zərərin onun təqsiri üzündən yaranmadığına dair sübutu təqdim etməmiş, polis araşdırması zamanı faktı qəbul etsə də, məhkəmə iclasında yanğının onun oğlu tərəfindən törədilməməsi əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmə kollegiyası cavabdehin bu hərəkətini qeyrisəmimi əməml kimi qiymətləndirir, belə ki, iş materiallarından görünür ki, Cavabdeh hadisə ilə əlaqədar dəymiş ziyanın ödənilməsilə bağlı başqa şəxslərin yanında iddiaçıya söz vermiş, tərəflər bununla bağlı əvvəllər barışmışlar. İş materiallarındakı mötəbər sübutlarla təsdiq olunur ki, hadisə nəticəsində iddiaçıya 5000 manat maddi ziyan dəymişdir və bu ziyanın əvəzi, hadisəni törətmiş azyaşlı uşağın valideyni olan cavabdeh tərəfindən ona ödənilməlidir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh oğlundan həmin məbləğdə pul alınıb, İddiaçı verilməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh oğlu apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə polisin qərarının məhkəmə tərəfindən artıq ləğv edilməsinə cavabdehin istinad etməsi əsassızdır, çünki bu qərar ləğv olunsa belə, cavabdehin bu araşdırma zamanı verdiyi izahat və barışıq üçün etdiyi hərəkətlər yanğın hadisəsinə görə onun məsuliyyət daşımasını deməyə əsas verir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İş üzrə Cavabdeh oğlunun apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)- 273/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh oğlunun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar