Məhkəmə qərarları › İş №2(105)-2715/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2715/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2715/2021 28.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(059)-18/2021 saylı qətnaməsindən Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Siyəzən Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(059)-18/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı aktlara əsasən hesablanmış cərimələrin silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh X5 X9 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 19 fevral 2019-cu il tarixdə tərtib edilmiş ******* saylı, eləcə də ******* saylı aktlara əsasən hesablanaraq İddiaçı abunə koduna köçürülmüş 3185,5 manat və 3022 manat cərimə məbləğlərinin silinməsi qət edilmiş, Cavabdeh İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh X5 RQİİ-nin Siyəzən Xidmət Sahəsinin Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 19.02.2019-cu il tarixli və 352935 saylı, 19.02.2019-cu il tarixli aktın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, 16.03.2017-ci il tarixdə, RX seriyalı, ******* saylı ƏMDK yanında DƏDRX-nin çıxarışı ilə Siyəzən rayonu, Beşdam kəndində torpaq sahəsi almışdır. Elə həmin vaxtdan da obyektdə quşçuluq fəaliyyəti ilə məşğul olur. Orada fəaliyyət göstərən vaxtdan həmin obyektdə 2 ədəd qaz sayğacı var idi. İşlətdiyi qaz sərfiyyatının məbləğini vaxtlı-vaxtında ödəyirdi. 2019-cu ilin fevral ayında Cavabdeh X5 X9 İdarəsinin nümayəndələrinin iştirakı ilə obektə baxış keçirilmişdi. Baxış zamanı ona irad olaraq bildirilmişdir ki, sayğaca qoşulan qaz cihazlarının sayı çoxdur, lakin sərfıyyat azdır. Sayğacın giriş və çıxışında heç bir nöqsan, kənar müdaxilə aşkar olunmamışdı. O, həmin cihazların hamısının işləmədiyini, hətta qazın az gəldiyi vaxtlarda həm də odun işlətdiklərini bildirmiş, orada olan odun yığınını da Azəriqaz” X5 X9 İdarəsinin nümayəndələrinə göstərmişdi. O, sayğac üzrə sərfiyyatı vaxtlı-vaxtında ödəmiş, sayğacın nasazlığı, az yazması barədə ona heç vaxt irad bildirən olmamışdır. 19.02.2019cu il tarixdə ona akt göndərilmiş, akt yazılan vaxtdan təxminən 2 ay sonra isə 13.03.2019cu il tarixli (01-NC/03-TQQSX-110/1 və 01-NC/03-TQQSX-110/5 saylı) iki xəbərdarlıq gəlmişdi. Xəbərdarlığa əsasən 28259158 saylı, G6 tipli qaz sayğacı üzrə sexdəki qaz cihazlarının sərfıyyatına uyğun olmadığı üçün 31860 m3 qaz sərfi, yəni 6372 manat və ******* saylı, G4 tipli qaz sayğacı üzrə 302040 m3 qaz sərfi, yəni 6048 manat hesablanmışdır. Sahibkarların Cavabdeh İstehsalat Birliyinin baş direktoruna müraciətindən 15 gün sonra hər iki sayğac üzrə cərimələrin yarısı, 28259158 saylı sayğac üzrə 3186 manat və ******* saylı sayğac üzrə 3024 manat məbləğində, ümumilikdə 6210 manat cərimə məbləği silinmiş, yarısı isə qalmışdır. Bundan sonra nə qədər şikayət etsələr də nəticəsi olmamışdı. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh X5 X10 İdarəsinin əsl Cavabdeh İstehsalat Birliyi ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 19 fevral 2019-cu il tarixdə tərtib edilmiş ******* saylı, eləcə də ******* saylı aktlara əsasən müvafiq olaraq hesablanmış 3185,5 manat və 3022 manat cərimə məbləğlərinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, Cavabdeh İstehsalat Birliyi tərəfindən təqdim olunmuş sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmişdir. “Azəriqaz“ X5 RQİİ-nin Siyəzən Xidmət Sahəsində qeyri-əhali (kommersiya) abonenti kimi qeydiyyatda olan İddiaçı Siyəzən rayonunun Boşdum kəndində yerləşən iki quşçuluq sexində quşçuluq məhsulları istehsal etməklə müqavilə əsasında təbii qazdan gəlir əldə etmək məqsədi ilə istifadə edir. Quşçuluq sexləri kifayət qədər istehsal gücünə malik olmasına baxmayaraq İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi X2 Nömrəsi kodu almamış, fiziki şəxs kimi fəaliyyət göstərir. Qətnamədə iddiaçı ilə cavabdeh arasında 31 avqust 2017-ci il tarixli, 1247-08-17 saylı müqavilənin “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə kimi göstərilmişdir. Həqiqətdə isə həmin müqavilə “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə iddiaçı üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq iddiaçı müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, 05.02.2019-cu ii tarixdə Cavabdeh İstehsalat Birliyinin işçiləri tərəfindən həmin quşçuluq sexində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunmasına baxış keçirilən zaman iddiaçının istifadəsində olan quşçuluq sexində quraşdırılmış G-6 markalı, 28259158 saylı qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda, həmin sexdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 24,8 m3/saat olduğu müəyyən edilmişdir. Digər quşçuluq sexində quraşdırılmış G-4 markalı, ******* saylı qaz sayğacının isə maksimal qaz buraxma qabiliyyəti 6 m3/saat olduğu halda, həmin sexdə istismar edilən qaz işlədici cihazların ümumi saatlıq qaz sərfinin 20 m3/saat olduğu müəyyən edilmişdir. Yəni həmin qaz sayğacları müvafiq olaraq hər saatda sayğacdan keçən 14,8 m3 və 14 m3 qaz sərfini qeydə almamışlar. Bu barədə 19.02.2019-cu il tarixli, ******* və ******* nömrəli “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın miqdarı qüvvədə olan qanunvericiliyə uyğun normativlər əsasında müvafiq olaraq 15927,5 m3 və ya 3185,5 manat, 15110 m3 və ya 3022 manat hesablanmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonu, Beşdam kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 16.03.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Cavabdeh İstehsalat Birliyi ilə İddiaçı arasında 31.08.2017-ci il tarixli, 124708-17 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 19.02.2019-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən quşçuluq sexində quraşdırılmış qaz sayğacına texniki baxış keçirilmiş, sayğacın giriş və çıxışında nöqsan aşkar olunmamışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, 19.02.2019-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən quşçuluq sexində quraşdırılmış qaz sayğacına texniki baxış keçirilmiş, sayğacın giriş və çıxışında nöqsan aşkar olunmamışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19 fevral 2019-cu il tarixli, ******* nömrəli və ******* nömrəli aktların surətlərindən görünür ki, Siyəzən rayonu, Beşdam kəndində istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazın istismar qaydalarına riayət olunması yoxlanılmış, habelə G 6 tipli, 28259158 nömrəli qaz sayğacında saatlıq sərfiyyatın 24,8 m3 olması müəyyən edilməklə, sərfiyyatın 14,8 m3-i keçdiyi, G 4 tipli, ******* nömrəli qaz sayğacında isə saatlıq sərfiyyatın 20 m3 olması müəyyən edilməklə, sərfiyyatın 14 m3-i keçdiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh İstehsalat Birliyinin 28.02.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, İddiaçı istifadəsində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən quşçuluq sexi üzrə (abonent kodu **********10510) itirilmiş qazın sərfiyyatı 31860 kub metrdir. İş materiallarında olan Cavabdeh İstehsalat Birliyinin 28.02.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, İddiaçı istifadəsində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən quşçuluq sexi üzrə (abonent kodu **********10280) itirilmiş qazın sərfiyyatı 30240 kub metrdir. İş üzrə keçirilmiş ekspertizanın 12 aprel 2021-ci il tarixli, 9/780-10/457 saylı rəyindən görünür ki, “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na görə, aşağı təzyiqli qaz xəttində (kəmərində) yuxarı həddində qazın təzyiqi 0,05 kqs/sm2 olduğu halda, qoşulma nöqtəsindəki diametri 25 mm olan qaz borusunun en kəsiyinin sahəsindən bir saatlıq axa bilən qaz sərfi (qazın axıdılması) 7,92 m3 təşkil edə bilər. İki sayğac (iki birləşimə) üçün isə bu saatlıq sərfiyyatı 15,84 m3, dəyəri isə 3,17 manat təşkil edilə bilər. “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na görə, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduğu halda, qoşulma nöqtəsindəki en kəsiyindən və təzyiqindən asılı olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya yay aylarında gündəlik 12 saat, qış aylarında isə gündəlik 24 saat hesabı ilə iddia müddəti ərzində yenidən hesablama aparılmalıdır. Ekspertizaya təqdim edilmiş materiallarda istehlakçı İddiaçı məxsus obyektdə qaz xətlərinə və avadanlıqlarına axırıncı texniki baxışın keçirilməsi müddəti göstərilməmişdir. Belə olan halda yay ayları üçün gündəlik 12 saat götürdükdə sərf edilmiş (axıdılmış) qazın həcmi 95,04 m3, qış aylar üçün isə gündəlik 24 saat hesabı ilə 190,08 m3 təşkil edilə bilər. Ekspertizaya materiallarla təqdim edilmiş 19 fevral 2019-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”dan və 28 fevral 2019-cu il tarixdə təsdiq olunmuş “Dəymiş ziyanını bərpasına dair tələbnamə”dən görünür ki, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən hesabat orta günlük iş rejimi 12 saat, hesabat müddəti isə 180 gün götürülmüşdür. Belə olan halda, yəni orta günlük iş rejimi (iş saatları) 12 saat və hesabat müddəti 180 gün götürüldükdə, “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən, bir sayğac üçün sərf edilmiş qazın həcmi 17107,2 m3, dəyəri isə 3421,44 manat təşkil edə bilər. Eyni zamanda, rəydən görünür ki, hər hansı bir hesabatın, həmçinin Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən aparılmış itirilmiş qazın bərpası ilə əlaqədar hesabatın düzgün aparılıb-aparılmamasının qiymətləndirilməsi hüquqi xarakter daşımaqla, məhkəmə mühəndis-texniki ekspertizasının həll etdiyi məsələlərin dairəsindən (predmet səlahiyyətlərindən kənar olduğundan məhkəmə tərəfindən həll oluna bilər. İşdən görünür ki, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçıya aid Siyəzən rayonu, Beşdam kəndində yerləşən qeyri-yaşayış sahəsi (quşçuluq sexi) üçün quraşdırılmış qaz sayğacları yoxlanılmış, cihazların saatlıq qaz sərfiyyatının normaya uyğun olmaması və bu səbəbdən qaz itkisinin yarandığı aşkar edilərək bu barədə 19 fevral 2019-cu il tarixdə mübahisəli aktlar tərtib edilmişdir. İddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində paylayıcıya dəymiş ziyanın həcmi silinmədən sonra cəmi 6207,50 manat məbləğində hesablanmaqla, onun abonent bazasına işlənilmişdir. “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Həmin maddənin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, İddiaçı istifadəsində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən quşçuluq sexində quraşdırılmış qaz sayğaclarına müdaxilə ilə bağlı aktlar tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğaclarına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Eləcə də iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* və ******* saylı, 19.02.2019-ci il tarixli aktlardan da görünür ki, İddiaçı istifadəsində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən quşçuluq sexində quraşdırılmış qaz sayğaclarına texniki baxış keçirilmiş, sayğacın giriş və çıxışında nöqsan aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı istifadəsində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən quşçuluq sexində quraşdırılmış qaz sayğaclarında saatlıq qaz sərfiyyatının normaya uyğun olmamasında iddiaçının təqsiri olmadığından iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Siyəzən Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(059)-18/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar