Məhkəmə qərarları › İş №2(105)-2716/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2716/2020

23.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2716/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X16 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili X7, Cavabdeh2 nümayəndəsi və vəkili X22 oğlunun iştirakları ilə açıq məhkəmə iclasında Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-376/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-376/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Çingiz İsgəndərov) İddiaçı cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinə və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətindən və Cavabdeh2 ona vurduqları maddi zərərə görə 1.200.000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə razılığa gələrək oğlu Cavid Balaqadaşovla birlikdə xx.xx.2011-ci il tarixdə ortaqlı şəkildə Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətini təsis etmişlər. Cəmiyyətin nizamnamə kapitalı 20 manat məbləğində müəyyən edilmiş və hər birinin dəyəri 5 manat olmaqla 4 paydan ibarət olmuşdur. Təsisçilərin nizamnamə kapitalında hər birinin 2 payı olmuşdur. O, xx xxxx 2011-ci il tarixdən Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinə direktor təyin edilmişdir. Həmin dövrdən üzüm və digər meyvə bağları salmaq məqsədi ilə cəmiyyətin adına torpaq sahələri almağa başlamışdılar. Sahibkarlıq Fondunun köməyi ilə “Bank Respublika” açıq səhmdar cəmiyyətindən 1.200.000 manat kredit alıb 70 hektar üzüm və meyvə bağları əkdirmiş, Türkiyədən üzüm və meyvə tingləri gətirib modern intensiv bağlar, yəni 50 hektar ərazidə üzüm və 20 hektar ərazidə digər meyvə bağları salmışdır. 2014-2015-ci ildən üzüm və meyvə bağları bar verməyə başlamışdır. Həmin vaxtdan Cavabdeh2 Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin bütün işlərinə müdaxilə etmiş, cəmiyyətin mühasibatlıq sənədlərini, gəlirlərini və çıxarışlarını gizlətməyə başlamış, mühasibatlıq sənədlərini özündə saxlamış, cəmiyyətin mədaxil-məxarici barədə ona heç bir məlumat verməmişdir. Bununla bağlı aralarında dəfələrlə mübahisə olmasına baxmayaraq Cavabdeh2 vəzifəsindən sui-istifadə edərək mühasibatlıq sənədlərini ona göstərməmişdir. Cavabdeh2 hər il meyvə yığımı zamanı söz verirdi ki, mövsümün axırında oturub hesablaşarlar, amma heç vaxt onunla meyvə satışının hesabatını aparmamışdır. Hər il meyvə satışından MMC-yə 800-900 min manat pul mədaxil olduğu halda, bu günə kimi Cavabdeh2 ona 1 manat da olsun pul verməmiş, meyvə satışından gələn bütün pulları götürüb aradan çıxmışdır. X1 Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətində dəyəri 10 manat olan 2 payını atası Cavabdeh2 adına keçirmişdir. Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2019-cu il tarixli qərarı ilə X5 cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra isə onda olan məlumata görə Cavabdeh2 Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətində olan payını satıb getmişdir. Digər tərəfdən, X10 öz vəzifəsindən sui-istifadə edərək ona hədə-qorxu gəlmiş, onu aldatmış və nəticədə o, cavabdeh X10 ilə Xaçmaz rayonu 1 saylı notariat ofisində xx xxxxxx 2019-cu il tarixdə reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən o, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətində ona məxsus 2 payı X9 həqiqi dəyəri 3.000.000 manat olduğu halda, 5600 manata satmışdır. Hazırda o, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətindəki fəaliyyətindən kənarlaşdırılmışdır. Cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda maddi zərər dəymişdir və bu zərərə görə cavabdehlərdən 1.200.000 manat məbləğində pul alınaraq ona ödənilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız və qeyri obyektiv hesab edir. Belə ki, məhkəmə onun öz hüququnun bərpası, güvənli nəticəyə gəlinməsi, çəkdiyi xərclər, əmlakından məhrum olması, əldə edəcəyi gəlirlər barədə sübutlar təqdim edə bilməməsinə istinad edərək iddiasın təmin etməmişdir. O, Cavabdeh2 ilə razılığa gələrək oğlu Cavid Balaqadaşovla birlikdə xx.xx.2011-ci il tarixdə ortaqlı şəkildə Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətini təsis etmişlər. Cəmiyyətin nizamnamə kapitalı 20 manat məbləğində müəyyən edilmiş və hər birinin dəyəri 5 manat olmaqla 4 paydan ibarət olmuşdur. Təsisçilərin nizamnamə kapitalında hər birinin 2 payı olmuşdur. O, xx xxxx 2011-ci il tarixdən Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinə direktor təyin edilmişdir. Həmin dövrdən üzüm və digər meyvə bağları salmaq məqsədi ilə cəmiyyətin adına torpaq sahələri almağa başlamışdılar. Sahibkarlıq Fondunun köməyi ilə “Bank Respublika” açıq səhmdar cəmiyyətindən 1.200.000 manat kredit alıb 70 hektar üzüm və meyvə bağları əkdirmiş, Türkiyədən üzüm və meyvə tingləri gətirib modern intensiv bağlar, yəni 50 hektar ərazidə üzüm və 20 hektar ərazidə digər meyvə bağları salmışdır. 2014-2015-ci ildən üzüm və meyvə bağları bar verməyə başlamışdır. Həmin vaxtdan Cavabdeh2 Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin bütün işlərinə müdaxilə etmiş, cəmiyyətin mühasibatlıq sənədlərini, gəlirlərini və çıxarışlarını gizlətməyə başlamış, mühasibatlıq sənədlərini özündə saxlamış, cəmiyyətin mədaxil-məxarici barədə ona heç bir məlumat verməmişdir. Bununla bağlı aralarında dəfələrlə mübahisə olmasına baxmayaraq Cavabdeh2 vəzifəsindən sui-istifadə edərək mühasibatlıq sənədlərini ona göstərməmişdir. Cavabdeh2 hər il meyvə yığımı zamanı söz verirdi ki, mövsümün axırında oturub hesablaşarlar, amma heç vaxt onunla meyvə satışının hesabatını aparmamışdır. Hər il meyvə satışından MMC-yə 800-900 min manat pul mədaxil olduğu halda, bu günə kimi Cavabdeh2 ona 1 manat da olsun pul verməmiş, meyvə satışından gələn bütün pulları götürüb aradan çıxmışdır. X1 Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətində dəyəri 10 manat olan 2 payını atası Cavabdeh2 adına keçirmişdir. Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2019-cu il tarixli qərarı ilə X5 cəmiyyətinin direktoru vəzifəsinə təyin edilmişdir. Daha sonra isə onda olan məlumata görə Cavabdeh2 Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətində olan payını satıb getmişdir. Digər tərəfdən, X10 öz vəzifəsindən sui-istifadə edərək ona hədə-qorxu gəlmiş, onu aldatmış və nəticədə o, cavabdeh X10 ilə Xaçmaz rayonu 1 saylı notariat ofisində xx xxxxxx 2019-cu il tarixdə reyestrdə 3M-215 nömrə ilə qeyd edilən müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən o, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətində ona məxsus 2 payı X9 həqiqi dəyəri 3.000.000 manat olduğu halda, 5600 manata satmışdır. xx xxxxxx 2019-cu il tarixli müqavilə ilə Cavabdeh2 Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətindəki 2 payını Əliyev X2. Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Xaçmaz rayonu 1 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 3M-396 reyestr nömrəsi ilə təsdiq olunmuş müəssisədəki payın alqı-satqısı müqaviləsinə əsasən X10 Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X23 tərəfindən xx.xx.2011-ci il tarixdə ********** nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin tək təsisçisi müəyyən edilmiş, cəmiyyətin təsisçisinin nizamnamə kapitalındakı pay haqqı 100% müəyyən edilmişdir. O, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətindəki fəaliyyətindən kənarlaşdırılmışdır. Cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda maddi zərər dəymişdir və bu zərərə görə cavabdehlərdən 1.200.000 manat məbləğində pul alınaraq ona ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmə səhv nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, maddi ziyan kimi tələb etdiyi məbləğ onun “Bank Respublika” açıq səhmdar cəmiyyətindən götürdüyü 1.200.000 manat kreditlə bağlıdır. O, həmin krediti dövlət dəstəyi ilə bankdan götürmüş və Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinə 70 hektar üzüm və meyvə bağları salınmasına sərf etmişdir. Kredit müqavilələri Cavabdeh2 olduğundan o, həmin müqaviləni məhkəməyə təqdim edə bilməmiş, birinci instansiya məhkəməsində müqavilənin surətinin təqdim edilməsi üçün sorğu verilməsini xahiş etsə də, vəsatəti təmin edilməmişdir. Həmin kredit müqaviləsi üzrə aldığı krediti Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin direktoru olduğu dövrdə cəmiyyətin adından tam ödəmişdir. İddiaçı nümayəndəsi X11 da məhkəmə iclasında eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X12 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə yeni qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin xx xxxx 2011-ci il tarixli qərarının surətindən görünür ki, ünvan 1i ünvanında Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti təsis edilmiş, cəmiyyətin nizamnaməsinin hazırlanıb təsdiq edilməsi və cəmiyyətin dövlət qeydiyyatına alınması ilə bağlı bütün məsələlərin həll edilməsi qərara alınmış, cəmiyyətin nizamnamə kapitalı hər birinin dəyəri 5 manat olmaqla 4 paydan ibarət 20 manat məbləğində müəyyən edilmiş təsisçilərin nizamnamə kapitalında payları İddiaçı- 10 manat, 2 pay, 50%, pul şəklində, X5-10 manat, 2 pay, 50%, pul şəklində müəyyən edilmiş, cəmiyyətə rəhbərlik, qanuni təmsilçilik səlahiyyətləri İddiaçı həvalə olunmuşdur. İş materiallarında olan Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin təsisçilərinin xx xxxx 2011ci il tarixli qərarından görünür ki, İddiaçı cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin nizamnaməsi xx xxxx 2011-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X17 qeydə alınmış və Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin təsisçilərinin xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Xaçmaz rayon 1 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 3M-290 reyestr nömrəsi ilə təsdiq olunmuş müqaviləyə əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyi 3 saylı X23 tərəfindən xx.xx.2011-ci il tarixdə ********** nömrəli şəhadətnamə (VÖEN) ilə dövlət qeydiyyatına alınmış Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin təsisçilərinin nizamnamə kapitalında pay haqqı Cavabdeh2-10 manat, 2 pay, 50%, pul şəklində, İddiaçı- 10 manat, 2 pay, 50%, pul şəklində müəyyən edilmiş, cəmiyyətin nizamnaməsinə edilmiş dəyişiklik təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin xx xxxx 2019-cu il tarixli, 01 saylı qərarından çıxarışın surətindən görünür ki, X5 cəmiyyətin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı notariat ofisində x xxxxxx 2019-cu il tarixdə təsdiq edilərək 3M-215 sayla reyestrdə qeydə alınmış müqavilənin surətindən görünür ki, İddiaçı Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətində 50% miqdarında, dəyəri 10 manat olan 2 payını X9 5600 manata satmışdır. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı notariat ofisində xx xxxxxx 2019-cu il tarixdə təsdiq edilərək 3M-396 sayla reyestrdə qeydə alınmış müqavilənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətində 50% miqdarında, dəyəri 10 manat olan 2 payını X9 5000 manata satmışdır. İş materiallarında olan Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin təsisçisinin xx xxxxxx 2019cu il tarixli qərarının surətindən görünür ki, X6 Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinin nizamnamə kapitalındakı pay haqqı 20 manat, 4 pay, 100% olmaqla tək təsisçisi müəyyən edilmiş, cəmiyyətin nizamnaməsinə edilmiş dəyişiklik təsdiq edilmişdir. İş materiallarına əlavə olunmuş 6636 saylı, xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki. “Bank Respublika” açıq səhmdar cəmiyyətinin Quba filialı tərəfindən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinə 24 ay güzəşt olmaqla illik 6% ödənilmək şərti ilə 60 ay müddətinə 720.000 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 6642 saylı, xx xxxxxxx 2011-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki. “Bank Respublika” açıq səhmdar cəmiyyətinin Quba filialı tərəfindən Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinə xx.xx.2013-cü il tarixədək güzəşt olmaqla illik 6% ödənilmək şərti ilə xx.xx.2016-cı il tarixədək 480.000 manat kredit verilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə İddiaçı və X15 oğlu 2011-ci ildə nizamnamə kapitalında payları bərabər olmaqla Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətini təsis etmiş, cəmiyyətin direktoru vəzifəsinə İddiaçı təyin edilmiş, 2019-cu ilin fevralında X13 cəmiyyətdəki pay haqqını atası Cavabdeh2 vermişdir. Xaçmaz rayonu 1 saylı notariat ofisində 8 avqust və xx xxxxxx 2019-cu il tarixlərdə bağlanmış müqavilələrlə İddiaçı və Cavabdeh2 Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətində olan paylarını Əliyev X3. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehlərin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətindən və Cavabdeh2 1.200.000 manat tələb etsə də, cavabdehlərin hərəkət və hərəkətsizliyi nəticəsində ona ziyan dəyməsini, əmlakından məhrum olmasını, əldə edəcəyi gəlirləri (əldən çıxmış fayda) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, İddiaçı ziyan şəklində tələb etdiyi 1.200.000 manat məbləği iki kredit müqaviləsi üzrə “Bank Respublika” açıq səhmdar cəmiyyətindən götürdüyü 1.200.000 (720.000 manat + 480.000 manat) manat kreditlə əlaqələndirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Bank Respublika” açıq səhmdar cəmiyyətindən 6636 saylı, xx xxxxxx 2011-ci il tarixli və 6642 saylı, xx xxxxxxx 2011-ci il tarixli kredit müqavilələri üzrə kreditlər Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyətinə verilmiş və iddiaçının həmin cəmiyyətin direktoru olduğu dövrdə Cavabdeh1 məhdud məsuliyyətli cəmiyyəti tərəfindən banka ödənilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 87.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-376/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar