Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-272/2024 23.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(060)-2246/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cəmi borcu 6018.85 AZN, bundan 2301.62 AZN əsas, 95.91 AZN faiz, 2281.44 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 338.88 AZN faiz borcu və iş üzrə ödənilmiş 80,19 AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xəzər filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 28% dərəcəsi ilə 6500 (altı min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 006 saylı, xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 5874.75 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya olunmuşdur. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 5646.26 AZN hesablanmışdır. Kreditin müddəti xx.xx.2020- ci il tarixinədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6018.85 AZN təşkil edir. Bundan 2301.62 AZN əsas, 1095.91 AZN faiz, 2281.44 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 338.88 AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********793 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda qeyd etmişdir ki, ekspert rəyi ilə tanış olmuşlar. Həmin məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımır. Həmin məsələni də məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Vətəndaşın sərəncamına verilmiş kompensasiya məbləğini poçt vasitəsi ilə vətəndaş alır. Cavabdeh 2751 manat 13 qəpik kompensasiya məbləği almışdır. Əsas məbləğ isə ödənilməmiş qalmışdır. 6 mart 2015-ci il tarixdə birinci saziş bağlanmış, vətəndaşın 5874 dollar 75 sent borcu olmuşdur. Daha sonra xx.xx.2015-ci il tarixə qədər müddət uzadılmışdır. 2017-ci il tarixdə yenidən müqavilə bağlanmış, bu zaman bir dollar 1.40 manat ilə nisbətdə hesablanmış, həmin vaxta 5646 dollar 24 sent borcu olmuşdur. Birinci sazişdən təxminən 200 dollar fərq olmuşdur. Müddət yenidən 7 mart 2020-ci il tarixə qədər uzadılmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. O, eyni zamanda qeyd etmişdir ki, onun LPO İddiaçı ASC-yə bir manat da olsa borcu yoxdur. Bu məsələnin araşdırılmasını iddiaçıya demiş və əvvəlki məhkəmə iclaslarında da bunu bildirmişdir. Əgər o bankdan pul götürməmişdirsə, onun üzərinə məbləğ yazıla bilməyəcəyini qeyd etmişdir. Ondan tələb olunan məbləğ Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsir dairəsinə düşmüşdür. O, 2014-cü ilin sentyabr ayında 5000 (beş min) manat pul götürmüşdür. O, pulu manat məzənnəsi ilə götürmüş, lakin dollar ilə sənədləşdirilmişdir. 5000 (beş min) manat 6500 (altı min beş yüz) dollar edir. 3 (üç) il müddətinə də təxminən 9000 (doqquz min) dollar ödənilmiş, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən 10000 (on min) manata qədər olan kreditlər problemli kreditlər siyahısına düşmüşdür. 2019-cu ilin fevral ayında problemli kreditlər siyahısına düşdükdən sonra həmin ilin mart ayından avqust ayına qədər Maliyyə Bazarlarına Nəzarət İdarəsi tərəfindən sonuncu sentinə qədər ödənilmişdir. Onun əlində çeklər vardır ki, on bir min manatdan çox ödənişlər etmişdir. 2751 manat ona kompensasiya ödənilmişdir. O harada olmuşdursa orada kamera vardır. O 2019-cu ilin mart ayında Dəmirbanka yaxınlaşıb ödənişini etmək istədikdə ona ödənişinin saxlanması deyilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(060)-2246/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ekspert rəyi nəzərə alınmaqla 2300,69 manat əsas borcun, 398.79 manat faiz borcunun, 100 manat cərimə, cəmi 2799 (iki min yeddi yüz doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində borcun və ödənilmiş 80,19 manat dövlət rüsumunun 47.99 (qırx yeddi manat doxsan doqquz qəpik) manatın Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 100 (bir yüz) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(060)-2246/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh qeyd olunan iddianı qəbul etmir və əsassız olduğunu bildirir. Belə ki, qeyd olunan kredit müqaviləsi üzrə borc tam olaraq ödənilmişdir, borc tam olaraq bağlandığı üçün eyni zamanda iş materiallarına və iddia ərizəsinə nəzər saldıqda məlum olur ki, hazırkı iddia tələbi üzrə iddia müddəti də iddiaçı tərəfindən buraxılmışdır. Cavabdeh borcunu tam olaraq ödəmişdir və ona dollar kreditlərinə tətbiq olunan cavabdeh borcunu tam olaraq ödəmişdir və ona dollar kreditlərinə tətbiq olunan fərman əsasında artıq ödədiyi 2751 manat geri qaytarılaraq bank qarşısında heç bir öhdəliyinin, borcunun qalmaması bildirilmişdir. Kompensasiya 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə tam yoxlanılaraq, hesablanaraq ödəniş verilmişdir və 2014-cü ildən sonrakı sazişlərdə nəzərə alınaraq cavabdehin Banka borcu olmadığı üçün ödəniş onun özünə olmuşdur. Bildirilmişdir ki, əgər borcunuz olsa idi, kompensasiya məbləği onlara ödənilməyəcək, borca yönəldiləcəkdir, lakin cavabdehin heç bir borcu qalmadığından həmin hesablanmış məbləğ cavabdehə ödənilmişdir. Ekspertiza tədqiqat apararkən düzgün yanaşma etməmiş, iddiaçının marağına və mənafeyinə uyğun olaraq onun təqdim etdiyi sənədlər əsasında qanunsuz və əsassız rəy vermişdir. Halbuki, ekspert kompensasiya verilməsi barədə Sərəncamın təsir dairəsini öyrənməli, iddiaçıdan və müvafiq orqanlardan kompensasiyanın ödənilməsi zamanı hesablamanın aparılma qaydasını, sənədləri götürməli və bunları qarşılıqlı formada yoxlamalı idi, lakin ekspert bu hallara toxunmadan, yoxlamadan və ümimiyyətlə tədqiqat aparmadan rəy vermişdir. Belə olan halda yuxarıda qeyd olunan halları araşdırmaqla, tədqiqat aparmaqla rəy verə bilən ekspertə rəy verilməsi tapşırılmalı və iş üzrə yenidən mühasibatlıq ekspertizası keçirilməlidir. Ekspertə sual verilməlidir ki, necə olur ki, cavabdehin borcu olduğu halda, ona dollar krediti kimi sərəncamın təsir dairəsinə düşdüyü bildirilir, ödənişləri hesablanır və qalıq borcu olmadığı üçün ona kompensasiya ödənilir. İddiaçı isə sonuncu sazişdən üç il müddət keçdikdən sonra məhkəməyə müraciət edərək cavabdehdən pul tələb edir, Məhkəmə və ekspert də iddiaçıya köməklik göstərərək cavabdehin ziyanına qanunsuz və əsassız qətnamə çıxarır. Sumqayıt Şəhər Məhkəməsində işə baxılarkən dəfələrlə məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin tələbləri kobudcasına pozulmuş, lakin hakim təkidlə qanunun tələbini pozmaqla iddiaçının mənafeyinə uyğun hərəkətlər etməklə işdə tərəf tutaraq cavabdehin hüquqlarını pozmuşdur. Belə ki, iddiaçının nümayəndəsi dəfələrlə məhkəmə iclaslarına gəlməmiş məhkəmə isə buna əhəmiyyət vermədən məhkəmə iclaslarını keçirmişdir. 3-cü dəfə iddiaçı məhkəmə iclsına gəlməmişdir və iclasın vaxtından yarım saat keçdikdən sonra onlar elektron sistem vasitəsi ilə məhkəməyə ərizə təqdim etmişlər ki, iddiaçı tərəf iddia ərizəsi veriləndən 3 məhkəmə iclasıdır ki, məhkəməyə gəlmir, buna görə də iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul etmələrini onlardan xahiş etmişlər. Lakin hakim həmin ərizəni alandan sonra onları məhkəmə iclas zalında 3 saat saxlayaraq iddiaçının nümayəndəsini məhkəməyə gətirərək işə baxmışdır. Onlardan sonrakı proseslərin hamısına baxmış, iddiaçının nümayəndəsi məhkəməyə gələrək 3 saat gecikmə ilə hakim ona heç bir irad bildirmədən elə bil ki, prosesin vaxtından 3 saat keçməyibmiş kimi iclas keçirmişdir. Onların işin baxılmamış saxlanılması barədə ərizələrinə məhəl qoymamışdır. Hakim əgər həmin vaxt iddia ərizəsini baxılmamış saxlasa idi, iddiaçı heç ümumiyyətlə bu işin baxılmasında maraqlı deyildi, lakin hakim prosesdən 3 saat sonra iddiaçının nümayəndəsini hansısa vasitə ilə məhkəməyə gətirərək cavabdehin ziyanına məhkəmə iclası keçirtmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını, onun vəkili və nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 28%-lə 6500 ABŞ dolları məbləğində kredit verilmiş, cavabdeh isə krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borclunun iddiaçıya xx.xx.2017-ci il tarixli, KM036T03170009S01 saylı kredit müqavilə üzrə 2302.62 manat əsas, 1095.91 manat faiz borcu, 2281.44 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 338.88 manat borc olmaqla, ümumilikdə 6018.85 manat borcu vardır. İş materiallarında olan cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi xx.xx.2020-ci il tarixdə edilmişdir. İş materiallarında olan cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5458 nömrəli, 30 avqust 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu müqavilənin restrukturizasiya olunan müddətinə, yəni xx.xx.2017-ci il tarixinə 4039.38 USD əsas borcu, 861.08 USD faiz borcu təşkil etmiş, xx.xx.2017-ci il tarixdə 02 saylı əlavə sazişə əsasən Restrukturizasiya müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh müqavilə müddətindən sonra, yəni xx.xx.2023cü il tarixinə illik 5% dərəcəsi ilə hesablanmaqla gecikdirilmiş vaxt üçün hesablanan faiz 2300.69 manat əsas borc, 398.79 manat faiz borcu, 333.28 manat cərimə borcu təşkil etmişdir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası barədə sənəddən görünür ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Cavabdeh LPO İddiaçı ASC-yə olan borcundan güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi 1788.54 manatdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-3194/17 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan ödəniş qrafikinə əsasən Cavabdeh kredit borcunu hər ay 268,92 manat, sonuncu ay is 268,81 manat olmaqla, 36 ay müddətində qaytarmalıdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcu konvertasiya edilərək 5874.75 USD məbləğində müəyyən edilmiş, keditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcu konvertasiya edilərək 5646.26 manat məbləğində müəyyən edilmiş, keditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan iddiaçı iddia ərizəsinin verilməsi üçün 80,19 manat dövlət rüsumu ödəmişdir Birinci instansiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və cavabdehin iddiaçıya 2301,62 manat əsas borcu və 1095,91 manat faiz borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində haqlı olaraq onunla əsaslandırmışdır ki, 2301,62 manat əsas borc məbləğinə 2281,44 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini ədalətli hesab etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə onu da qeyd etmişdir ki, iddiaçı gecikdirilmiş pul məbləği üçün illik 5 faiz hesablayaraq cavabdehdən 338,88 manat məbləğində pulu tələb etməkdə haqlı olmuşdur. Lakin gecikdirilmiş pul məbləğinin dəyəri yüksək olduğu üçün, bu səbəbdən iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir ( MM-nin 467-ci maddəsi). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM-nin 385.1-ci maddəsi). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (MM-nin 442-ci maddəsi). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (MM-nin 445.2.1-ci maddəsi). Mülki Məcəllədə 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, devalvasiya nəticəsində fiziki şəxsə dəymiş ziyan işin 67 və 68-ci vərəqlərində əks olunmuş dəqiq cədvəl üzrə müəyyən edilmişdir. Həmin cədvələ əsasən müəyyən olunur ki, 2015-ci ilin fevral ayı üçün 5874,75 ABŞ dolları əsas kredit borcuna görə 1ABŞ dolları üçün 0,25 manat nisbəti ilə 5874,75x0,25=1468,69 manat, 2015-ci ilin dekabr ayı üçün 5118,296ABŞ dolları əsas kredit borcuna görə 1ABŞ dolları üçün 0,60 manat nisbəti ilə 5118,296x0,60=3070,98 manat, ümumilikdə isə 4539,67 manat həm bank, həm də vətəndaş üçün kompensasiya hesablanmış, həmin kompensasiya məbləğindən 1788,54 manat bank üçün ödənilmiş, kompensasiya üçün qalan 2751,13 manat isə vətəndaş, yəni cavabdehə ödənilmişdir. Həmin cədvələ əsasən həmçinin müəyyən olunur ki, 2019-cu ilin 1 mart tarixinə 360 gündən artıq kredit ödənişlərinin gecikdirilməsi olmadığından vətəndaşla bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə yenidən restrukturizasiyası olunmamışdır. Buna görə cavabdehə 2751,13 manat məbləğində kompensasiyanın verilməsi kredit müqaviləsinə xitam verilməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iddia müddətinin ötürülməsi ilə əlaqədar apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya olunaraq kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Hazırkı iş üzrə iddia isə xx.xx.2023-cü il tarixdə məhkəməyə verilmişdir. Yəni, iddiaçı tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan müqavilə tələbləri üzrə üç illik iddia müddəti ötürülməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 2(060)-2246/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-272/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-272/2024
23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver