Məhkəmə qərarları › İş №2(105)-2722/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2722/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2722/2020 12.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh Hüseynli Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-1992/2019 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-1992/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı cavabdeh Hüseynli Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmiş, iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-735/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-1992/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Hüseynli Cavabdeh 34063 manat pulun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan məbləğ hissəsində təmin edilməməməsi qət edilmişdir. Cavabdeh Hüseynli Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 4232/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-735/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Hüseynli Cavabdeh 28840 manatın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, “Paşa Bank” açıq səhmdar cəmiyyəti ilə cavabdeh Hüseynli Cavabdeh arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Hüseynli Cavabdeh 50000 manat kredit verilmişdir. Həmin kreditin təminatı olaraq onun anası X2 mülkiyyətində olan Bakı şəhəri, Səməd Vurğun küçəsində yerləşən 116 saylı evin 30 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Cavabdehlə aralarında olan razılığa əsasən anasının mənzili satılmasın deyə və həm də cavabdeh onun bacısının həyat yoldaşı olduğu üçün banka olan kreditin borcunun bir qismini cavabdehin əvəzinə o ödəmişdir. Cavabdeh onun ödədiyi pulların qaytarılmasını gecikdirmiş, lakin ödəyəcəyini bildirmişdir. O da ailələrində problem yaşanmasın deyə bacısına görə cavabdehə vaxt vermişdir. O, cavabdehin əvəzinə banka xx.xx.2013-cü il tarixdə 3160 manat, xx.xx.2013-cü il tarixdə 3160 manat, xx.xx.2013-cü il tarixdə 3160 manat, xx.xx.2014-cü il tarixdə 3160 manat, xx.xx.2014-cü il tarixdə 3160 manat, xx.xx.2014-cü il tarixdə 3160 manat, xx.xx.2014-cü il tarixdə 3160 manat, xx.xx.2014-cü il tarixdə 3160 manat, xx.xx.2014-cü il tarixdə 3160 manat olmaqla, cəmi 28840 manat ödəmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək əvvəl tələb etdiyi məbləğlərdən başqa, xx.xx.2014-cü il tarixdə 3151 manat və xx.xx.2014-cü il tarixdə isə 2472 manat ödədiyini göstərmiş və cavabdeh Hüseynli Cavabdeh 34463 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə iddianı rədd edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 24, 25, 26 və 60-cı maddələrinin, Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, Hüseynli Cavabdeh 50000 manat kredit verilmiş, həmin kreditin təminatı olaraq onun anası X3 mülkiyyətində və onun istifadəsində olan mənzil ipoteka ilə yüklü edilmişdir. Cavabdeh onun bacısının həyat yoldaşı olmuş, cavabdehin yerinə məcburən cəmi 34463 manat banka pul ödəmiş və ödəniş qəbzlərini iş materiallarına əlavə etmişdir. Cavabdeh həmin məbləğin onun tərəfindən banka ödənilməsini mübahisələndirməmişdir. Məhkəmə isə cavabdehin formal mülahizələrini əsas tutaraq hesab etmişdir ki, o, cavabdehin işçisi olmuş, ona əmək haqqını cavabdeh ödəmiş və onun kredit ödəmək qabiliyyəti olmamışdır. O, cavabdehin işçisi olmamışdır. Bunun əksinə olaraq onun mallarının satışını Hüseynli Cavabdeh həyata keçirmişdir, yəni Hüseynli Cavabdeh onun satıcısı olmuşdur. Bundan başqa, onun cavabdehin işçisi olduğunu təsdiq edən hər hansı sübutu cavabdeh məhkəməyə təqdim etməmiş və edə də bilməzdi. Onun maddi imkanına gəldikdə isə, maddi imkanı olmayan şəxsin Bakı şəhərində 3-4 mənzili ola bilməz, yəni məhkəmə onun maddi imkanını araşdırarkən, yalnız cavabdehin formal mülahizələrinə əsaslanmışdır. Bundan başqa, o, həmin məbləğin ödənilməsini qəbzlərlə təsdiq edir və anasının mülkiyyətində və onun istifadəsində olan mənzilin girovda olması mübahisə olunmur. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh vergi ödəyicisi olmuş və buna görə də krediti özü ödəmişdir. Halbuki hər vergi ödəyicisi imkanlı olmur. İddiaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh Hüseynli Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Paşa Bank” açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli, K0791 saylı kredit müqaviləsindən görünür ki, “Paşa Bank” açıq səhmdar cəmiyyəti tərəfindən Hüseynli Cavabdeh 18 ay müdətinə 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli, İ0443 saylı ipoteka müqaviləsindən görünür ki, “Paşa Bank” açıq səhmdar cəmiyyəti ilə X5 arasında ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən kredit alan Hüseynli Cavabdeh bank qarşısında öhdəliyinin icrasının təmin edilməsi məqsədilə X4 məxsus Bakı şəhəri, S.Vurğun küçəsindəki 116 saylı evin 30 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, Hüseynli Cavabdeh ilə “Paşa Bank” açıq səhmdar cəmiyyəti arasında verilmə tarixi xx.xx.2013-cü il, bitmə tarixi xx.xx.2014-cü il olan kredit müqaviləsi bağlanmış, Hüseynli Cavabdeh 50000 manat kredit götürərək heç bir gecikmə olmadan krediti ödəmişdir. Həmin çıxarışdan görünür ki, Hüseynli Cavabdeh ilə “Paşa Bank” açıq səhmdar cəmiyyəti arasında yenidən verilmə tarixi xx.xx.2014-cü il, bitmə tarixi xx.xx.2016-cı il olan kredit müqaviləsi bağlanmış, Hüseynli Cavabdeh 50000 manat kredit götürərək heç bir gecikmə olmadan krediti ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında arayışdan görünür ki, Bakı şəhər Vergilər Departamaneti tərəfindən verilmiş bu arayış Hüseynli Cavabdeh dair (VÖEN **********) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, “Binə” Ticarət Mərkəzi, 7A-4-66 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir, təsərrüfat subyekti (obyekti) paltar mağazasıdır, uçota alınma tarixi xx.xx.2011-ci ildir. İş materiallarında olan “Paşa Bank” açıq səhmdar cəmiyyətinə məxsus 70085, 72424, 75188, 78232, 101728, 97300, 90091, 83952, 86830 saylı qəbzlərdən görünür ki, Hüseynli Cavabdeh götürdüyü kreditə görə İddiaçı hər dəfə banka 3160 manat ödəniş etmişdir. İş materiallarında olan “Paşa Bank” açıq səhmdar cəmiyyətinə məxsus 118555 və 122202 saylı qəbzlərdən görünür ki, Hüseynli Cavabdeh götürdüyü kreditə görə İddiaçı banka müvafiq olaraq 3151 və 2472 manat ödəniş etmişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsinin maddi hüquq normalarını düzgün tətbiq etməməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Birinci instansiya məhkəməsi tərəflər arasında müqavilə bağlanmamasına, belə bir müqavilə olmadığı üçün cavabdeh Hüseynli Cavabdeh İddiaçı tərəfindən ödədiyi iddia olunan pul məbləği ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlik daşımamasına, iddiaçının qəbzlərdən başqa hər hansı mötəbər sübut təqdim etməməsinə, iddiaçının qəbzlərdə qeyd olunan məbləğləri ödəməyə imkan verən hər hansı gəlirinin olmasını əsaslandıra bilməməsinə, həmçinin Hüseynli Cavabdeh “Paşa Bank” açıq səhmdar cəmiyyəti ilə ikinci dəfə xx.xx.2014-xx.xx.2016-cı il tarixləri əhatə edən, kreditin məbləği 50000 manat olan kredit müqaviləsi bağlayaraq müqaviləni heç bir gecikmə olmadan özünün tam şəkildə ödəməsinə, bununla da cavabdeh Hüseynli Cavabdeh gəlirləri vasitəsilə krediti ödəmək qabiliyyətinə malik olmasına, İddiaçı Hüseynli Cavabdeh məxsus “Binə” Ticarət Mərkəzində sıra 7A, korpus 4, 66 nömrəli mağazada Cavabdeh Hüseynlinin işçisi olmasına istinad edərək gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, cavabdeh Hüseynli Cavabdeh xx xxxx 2013-cü il tarixli, K0791 saylı kredit müqaviləsinə əsasən “Paşa Bank” açıq səhmdar cəmiyyətindən 18 ay müddətinə 50000 manat məbləğində kredit götürmüş, həmin müqavilə üzrə Hüseynli Cavabdeh bank qarşısında öhdəliyinin icrasının təmin edilməsi məqsədilə iddiaçının anası X4 məxsus Bakı şəhəri, S.Vurğun küçəsindəki 116 saylı evin 30 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İşdən görünür ki, tərəflərin hər biri hazırki iddia üzrə tələb edilən məbləğin özlərinin vəsaiti olduğunu bildirirlər. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutetmə yükünü iddiaçının üzərinə qoymaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, işdən görünür ki, İddiaçı cavabdeh Hüseynli Cavabdeh əvəzindən banka ödəniş etməsi barədə məhkəməyə 11 ədəd qəbz təqdim etmiş, həmin qəbzlərdə pul ödəyənin İddiaçı, alanın Hüseynli Cavabdeh olması və pulun kreditin ödənişi üçün ödənilməsi qeyd edilmişdir. Bu qəbzlərin əsli iddiaçıda olmuş və onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə olan halda, ödənilən vəsaitin iddiaçıya məxsus olması şübhə doğurmur və bunun əksini sübut etmək isə artıq cavabdehin üzərinə düşür. Lakin cavabdeh bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi həmçinin tərəflər arasında müqavilə bağlanmamasına, belə bir müqavilə olmadığı üçün cavabdeh Hüseynli Cavabdeh İddiaçı tərəfindən ödədiyi iddia olunan pul məbləği ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlik daşımamasına istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə də razılaşmır. Belə ki, tərəflər arasında yazılı müqavilə olmasa da, iddiaçının cavabdehin əvəzinə pul ödəməsinin öz təsdiqini tapması tərəflər arasında belə bir razılaşmanın olmasını ehtiva edir. Azərbaycan Respublikası MM-nin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir. Göründüyü kimi, qanunvericilik də şəxsən icra edilməli olan hallar istisna olmaqla, borclunun əvəzinə öhdəliyin üçüncü şəxs tərəfindən icra edilməsinin mümkünlüyünü müəyyən etmişdir və buna borclunun razılığı tələb edilmir. Buna görə də cavabdehin banka olan borcunun ödənilməsi ilə bağlı onun iddiaçı ilə hər hansı müqavilə bağlamasına da zərurət olmamışdır. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh Hüseynli Cavabdeh əvəzinə banka 34063 manat ödəməsi öz təsdiqini tapmışdır. Hazırki mübahisə üzrə cavabdeh Hüseynli Cavabdeh varlanmış şəxs, iddiaçı İddiaçı isə məhrum olandır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsində əsassız varlanma obyektinin qaytarılması üçün müəyyən edilmiş müddət kəsici müddətdir və tərəfin bununla bağlı ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilməlidir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında qeyd olunur ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İşdən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2014-cü il tarixdə etmiş, lakin hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə xx xxxxx 2019-cu il tarixdə müraciət etmişdir. İddiaçı xx xxxxx 2019-cu il tarixdə, yəni sonuncu ödənişdən 4 ildən artıq müddət keçdikdən sonra iddia ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası MM-nin 1095-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Azərbaycan Respublikası MPM-nin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-1992/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Hüseynli Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar