Məhkəmə qərarları › İş №2(105)-2727/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2727/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2727/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2788/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2788/2021saylı, 03.05.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməmişdir (hakim Aynur Behbudova). Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2788/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmi edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 22 faizlə 18 ay müddətinə 3000 USD kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 13 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03 fevral 2021-ci ilədək Cavabdeh1 banka 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 193.9 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1497.06 USD borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 193.9 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1497.06 USD borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsinə əlavə verərək X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2015-ci il 13 yanvar tarixli kredit müqaviləsi üzrə 12 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən banka 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 197.85 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1501.01 USD borcun, 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : İddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2788/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə iddianı rədd edərkən iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətinin keçdiyini əsas gətirərək iddianı təmin etməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, araşdırma zamanı 17 mart 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəmə İddiaçı ASC-nin nümayəndəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia müddətinin tədbiq edilməsi barədə vəsatətini təqdim edərək hesabdan çıxarışın, maliyyə arayışının, əvvəllər məhkəməyə müraciət edib-etməmələri barədə əlavə sübutların məhkəməyə təqdim edilməsi üçün məhkəmə baxış iclasını təxirə salmış, lakin iddiaçının nümayəndəsi növbəti məhkəmə iclaslarında iştirak etməyərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bildirilir ki, 27.07.2018-ci il tarixdə iddiaçı "xxxx" İKB ASC (yeni adı Yelo Bank” ASC) tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 25.09.2018-ci il tarixli, 2(060)-7732/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25.09.2018-ci il tarixli, 2(060)-7732/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermiş, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə iş baxılmamış saxlanılmışdır. İşin materiallarından göründüyü kimi Cavabdeh1 18 ay müddətinə 22 faizlə 13 yanvar 2015-ci il tarixdə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 13 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 ayrı-ayrı vaxtlarda ödənişlər aparmış, lakin müqavilənin şərtlərinin pozulması və cədvəl üzrə gecikdirilmiş borc məbləğinin ödənilməsilə bağlı cavabdehə telefon vasitəsilə şifahi olaraq xəbərdarlıq edilmişdir. Eyni zamanda məhkəmə iş üzrə maliyyə arayışını və hesabdan çıxarışın məhkəməyə təqdim etmək üçün 09.04.2021-ci il tarixdə Banka məhkəmə bildirişi göndərmiş və Bank tərəfindən 13.04.2921-ci il tarixdə iddia ərizəsinə əlavə verərək iş üzrə tələb olunan maliyyə arayışını və hesabdan çıxarışı məhkəməyə təqdim etmişdir. Lakin əvvəllər məhkəməyə müraciət edib-etməmələri barədə əlavə sübutların məhkəməyə təqdim edilməsi barədə məhkəmə tərəfində hər hansı bir sorğu və ya bildiriş Banka daxil olmamışdır nə də ki, şifahi olaraq nümayəndəyə bildirilməmişdir. İş üzrə məhkəmə tərəfindən tələb olunan sənədlər artıq 13.04.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi məhkəmə işin faktiki hallarını və iş materiallarına əlavə edilmiş Bank tərəfindən təqdim olunan sübutları araşdırmamış və nəticə etibarilə əsassız qətnamə qəbul etmişdir. Odur ki, məhkəmə iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etməkdə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, 385.1.4-cü maddəsinə görə isə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 390cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Odur ki, qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2788/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə İddiaçı ASC-nə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişlər, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2788/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 03.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 193.9 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1497.06 USD məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.01.2015-ci il tarixli, 4-M-3-0-39-15 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 22 faiz ödənilməsi şərti ilə 18 ay müddətində, 3000 USD məbləğində kredit verilmiş, borcalan krediti 13.07.2016-cı il tarixədək borcverənə qaytarmalıdır. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 13.02.2015-ci il tarixdən başlayaraq hər ay banka 198 USD, sonuncu ay 182 USD, ümumilikdə 3548 USD ödəməklə 13.07.2016-cı il tarixədək qaytarmalıdır. İş materiallarında olan 13.01.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 13.01.2015-ci il tarixli, 4-M-3-0-39-15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 13.01.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 3000 USD məbləğində pul verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2na ünvanladığı 19.01.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 5 gün müddətində İddiaçı ASCnə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdehlər, onlara edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarında olan 13.01.2015-ci il tarixli, 4-M-3-0-39-15 saylı kredit və zaminlik müqavilələrinə 17.03.2015-ci il tarixli əlavədən görünür ki, 13.01.2015-ci il tarixli, 4-M-3-0- 3915 saylı kredit və zaminlik müqavilələri üzrə müddət 13.03.2017-ci tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 03.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 197.85 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1501.01 USD məbləğində borcu vardır. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 13.04.2015-ci il tarixdən başlayaraq hər ay banka 143.59 USD, sonuncu ay 143.60 USD, ümumilikdə 3441.07 USD ödəməklə 13.03.2017-ci il tarixədək qaytarmalıdır. İş materallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarına görə sonuncu dəfə 14.04.2016-cı il tarixdə banka ödəniş etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.01.2015-ci il tarixli, 4-M-3-0-39-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 22 faiz ödənilməsi şərti ilə 18 ay müddətində, 3000 USD məbləğində kredit verilmiş, 17.03.2015-ci il tarixli əlavəyə əsasən 13.01.2015-ci il tarixli, 4-M-3-0-39-15 saylı kredit və zaminlik müqavilələri üzrə müddət 13.03.2017-ci tarixədək uzadılmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə 16 fevral 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2015-ci il 13 yanvar tarixli kredit müqaviləsi üzrə 12 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən banka 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 197.85 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1501.01 USD borcun, 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsini tələb etmiş, iddiasını cavabdehlərin müqavilə üzrə üzərlərinə götürdüyü öhdəlikləri icra etməmələri səbəbindən iddia edilən miqdarda borcunun yaranması ilə əsaslandırmışdır. İş materiallarından görünür eki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim olunmuşdur. İş materiallarından görünür ki, məhkəmə araşdırması zamanı 17 mart 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəmə İddiaçı ASC-nin nümayəndəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə vəsatətini təqdim edərək, hesabdan çıxarışın, maliyyə arayışının, əvvəllər məhkəməyə müraciət edib-etməmələri barədə əlavə sübutların məhkəməyə təqdim edilməsi üçün məhkəmə baxış iclasını təxirə salmış, lakin iddiaçının nümayəndəsi növbəti məhkəmə iclaslarında iştirak etməyərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 373.3-cü maddələrinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Müəyyən edilmişdir ki, tərəflər arasındakı kredit müqaviləsi 13 yanvar 2015-ci il tarixdə 18 ay müddətinə bağlanmış, sonradan uzadılaraq 26 ay müddətinə bağlanmış, həmin müqavilənin icra müddəti 13 mart 2017-ci il tarixdə bitmiş, müqavilə müddəti bitdikdən sonra cavabdeh tərəfindən banka həmin müqavilə üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, müqavilə üzrə üç illik iddia müddəti 13 mart 2020-ci il tarixdə başa çatmışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə 16 fevral 2021-ci il tarixdə, yəni iddia müddətini keçirdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, apelyant apellyasiya şikayətinin dəlillərini əsaslandırmamışdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehlər tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizə iddiaçı tərəfə təqdim olunmuş, lakin buna heç bir münasibət bildirilməmişdir. Bundan başqa apellyasiya şikayətində hazırkı iş üzrə məhkəməyə müraciət olunduğu, müvafiq olaraq qətnamə və qərardad qəbul edildiyi, o cümlədən restruktruzasiya olunması qeyd olunsa da buna dair hər hansı bir sübut nə birinci instansiya zamanı təqdim olunmamış, nə də ki, apellyasiya şikayətinə əlavə olunmamışdır. Həmçinin qeyd edilən sübutlar apellyasiya məhkəməsinin iclaslarında da təqdim edilməmişdir. Bu səbəbdən cavabdehin dəlilləri əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmi Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2788/2021 saylı, 03.05.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2788/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar