Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-273/2025 12.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1812/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2022-ci il tarixli, 017A********** saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-dən aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23500 manat məbləğində kredit götürmüşdür.
2. xx.xx.2022-ci il tarixli, 017KK**********01 saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-dən aylıq faiz dərəcəsi 2 % оlmaqla 36 ay müddətinə hissə-hissə qaytarmaq şərtiilə 1000 manat məbləğində kredit xətti açılmışdır.
3. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixli 017A********** saylı müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə 21823,77 manat əsas, 2590,03 manat faiz, 851,13 manat cərimə borcu olmaqla, cəmi 25264,93 manat təşkil edir.
4. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC-yə xx.xx.2022-ci il tarixli, 017KK**********01 müqaviləyə əsasən xx.xx.2023-cü il tarixə 113,86 manat əsas, 0,01 manat cərimə borcu olmaqla, cəmi 113,87 manat təşkil edir.
5. xx.xx.2023-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Cavabdeh borcun ödənilməsi üçün bank tərəfindən xəbərdar edilmişdir.
6. xx.xx.2024-cü il tarxili qəbdən görünür ki, İddiaçı QSC iddia ərizəsinin verilməsi üçün Abşeron Rayon Məhkəməsinin hesabına 166,14 manat dövlət rüsumu ödəmişdir.
7. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 9/2765/2024 saylı rəyindən görünür ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli Ərizənin və Ödəniş cədvəlinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 23.811,83 manat məbləğində, xx.xx.2023-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 24.436,56 manat məbləğində, xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 25.577,89 manat məbləğində və xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 25.986,37 manat məbləğində, müəyyən edilir. O cümlədən: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 2.186,56manat, xx.xx.2023- cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 2.811,29 manat, xx.xx.2024- cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 3.952,62 manat, xx.xx.2024- cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 4361,10 manat.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə - xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən 21823.77 manat məbləğində kredit bоrcu, 2590.03 manat məbləğində faiz bоrcu və 851.13 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 25264 (iyirmi beş min iki yüz altmış dörd) manat 93 (doxsan üç) qəpik məbləğində bоrcun və xx.xx.2022-ci il tarixli, 017KK**********01 saylı kart krediti müqaviləsinə əsasən 113.86 manat məbləğində kredit bоrcu və 0.01 manat məbləğində cərimə olmaqla, cəmi 113 (yüz on üç) manat 87 (səksən yeddi) qəpik məbləğində bоrcun; tərəflərindən ödənilmiş 166.14 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23500 (iyirmi üç min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1676.23 manat ödəniş etmiş və оnun iddiaçıya 21823.77 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 195 gün üçün hesablanmış faiz borcu 2590.03 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 195 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 851.13 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1812/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli 017A********** saylı kredit müqaviləsi üzrə 21625,27 manat əsas borc və 2186,56 manat faiz və 238 manat cərimə olmaqla, cəmi 24049,83 manat məbləğində pul vəsaitinin, həmçinin xx.xx.2022-ci il tarixli, 017KK**********01 saylı müqaviləyə əsasən 113,86 manat əsas, 0,01 manat cərimə borcu olmaqla, cəmi 113,87 manat məbləğində pul vəsaitinin, ümumilikdə 24163,7 manat pulun və ödənilmiş 162,49 manat dövlət rüsumunun əvəzinin İddiaçı QSC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 3,65 manatı iddiaçıya aid edilməsi, ekspertizanın dəyəri kimi 190 manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, ekspertizanın dəyəri kimi 10 manat pulun İddiaçı QSC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli).
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 421.2, 421.3, 424.5, 442, 443.1, 445.1, 448.1, 449.4, 462.1, 467, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 107, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(012)-1812/2024 nömrəli qətnaməsini qismən ləğv edərək, ödədiyi pul vəsaitini iddianın təmin edilmiş hissəsindən çıxılmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq hüquq normalarını düzgün tətbiq etmədən, əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
14. Məhkəmənin mövqeyi ilə razılaşmaq olmur. Belə ki, məhkəmə qətnamə qəbul edərkən işin həqiqi hallarını nəzərə almamış, ödənilmiş pulları hesablamadan qətnamə qəbul edilmişdir. Məhkəməyə təqdim etdiyi ödəmə qəbzləri nəzərə alınmadan qətnamə qəbul edilmişdir. Bundan başqa iddianın faiz və peniya məbləğini tənasübsüz surətdə yüksək hesab edir. Belə ki, 2186,56 manat faiz və 238 manat cərimə olmaqla cəmi 24049,83 manat məbləğində pul vəsaiti, həmçinin 24,06.2022-ci il tarixli, 017KK**********01 saylı müqaviləyə əsasən 113,86 manat əsas, 0,01 manat cərimə borcu olmaqla, cəmi 113,87 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Qeyd edilən məbləğlər tənasübsüz dərəcədə çox olduğu üçün azaldılmalıdır. Bundan başqa ümumiyyətlə faizlər illik hesablanmalıdır. Hesab edir ki, kredit müqaviləsi üzrə faizlər illik hesablanmalıdır. Habelə, işin qeyd edilən halı ilə bağlı əmtəəşünaslıq ekspertizası keçirilməsi vacibdir.
15. Məhkəmə prosessual hüquq normalarını da pozmuşdur. Qeyd edilməlidir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışıdır. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, o həqiqətən kredit müqaviləsi üzrə pul götürmüşdür. Lakin təəssüf ki, məhkəmə onun ödədiyi pulları tam olaraq nəzərə almadan qətnamə qəbul etmişdir. Hesab edir ki, ödədiyi pulları dəqiq müəyyənləşdirmək üçün və illik faizləri hesablamaq üçün təkrar əmtəəşünaslıq ekspertizası keçirilməlidir. İşin qeyd edilən halını yalnız ekspert müəyyənləşdirə bilər.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
25. Maddə 448.1 Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
27. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Ağa X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1812/2024 nömrəli qətnaməsini qismən ləğv edərək, ödədiyi pul vəsaitini iddianın təmin edilmiş hissəsindən çıxılmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. İddia qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
43. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 1.6667 % ödəmək şərtilə 23500 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh götürdüyü kredit məbləğini müəyyən edilmiş müddət ərzində faizi ilə birlikdə qaytarmaq barədə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka borcu yaranmışdır. Bundan başqa tərəflər arasında xx.xx.2022-ci il tarixli kart kredit müqaviləsi imzalansa da cavabdeh həmin müqavilə üzrə də üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı bu borcları özünün maliyyə arayışları ilə təsdiq etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 21823,77 manat əsas, 2590,03 manat faiz, 851,13 manat cərimə borcu olmaqla, cəmi 25264,93 manat borcu vardır. Həmçinin xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 113,86 manat əsas, 0,01 manat cərimə borcu olmaqla, cəmi 113,87 manat borcu vardır.
44. Mübahisənin daha obyektiv həll edilməsi məqsədilə birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və borc ekspert tədqiqatı ilə yenidən hesablanmışdır. Ekspert tədqiqatı ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 2.186,56 manat, xx.xx.2023- cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 2.811,29 manat, xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 21.625,27manat, faiz borcu üzrə 3.952,62 manat, xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 21.625,27 manat, faiz borcu üzrə 4361,10 manat təşkil edir.
45. Məhkəmə kollegiyası bu rəyi mötəbər sübut növü kimi qəbul edir, həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində təkrar ekspertiza keçirilməsini xahiş etsə həmin dəlilini əsaslandırmamış, bununla belə kollegiya tərəfindən ekspertizanın keçirilməsi üçün hər hansı zəruri hal müəyyən edilməmişdir.
46. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayətinin dəlillərində həmçinin göstərmişdir ki, etdiyi ödənişlər nəzərə alınmamışdır. Kollegiya apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmayaraq qeyd edir ki, cavabdeh tərəfindən buna dair hər hansı sübut təqdim edilməmişdir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
48. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
49. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1812/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1812/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.