Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2730/2020 16.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Kamil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Kamil oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1662/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Kamil oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1662/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin məhkəmənin 2(060)-1877/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh Kamil oğlundan hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi, Cavabdeh Kamil oğlundan 20 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.(hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh Kamil oğlu apelyasiya şikayəti verərək qətnaməninləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1877/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş 174 manat məbləğində alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh Kamil oğlundan hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul şəklində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1877/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasənxx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh Kamil oğlundan hər ay hər uşağa 87 manat olmaqla, cəmi 174 manat sabit pul şəklində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Bu müddət ərzində uşaqlar böyümüşlər və onların ehtiyacları da artmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməli, cavabdehdən tutulacaq alimentin də miqdarı artırılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh Kamil oğlu apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. O, hazırda şikətdə işləyir, özü və ailəsini güclə dolandırır. İddiaçıya uşaqların saxlanılması üçün hər ay əvvəllər qət edilən aliment vəsaiti vaxtında ödəmişdir. O, xx.xx.2016-cı il tarixdə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur və həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X7 adlı uşağı da vardır, yəni onun maddi vəziyyəti daha da çətinləşmişdir. Məhkəmə mühüm əhəmiyyəti olan faktiki hallan tam araşdırmadan və tərəflər arasında olan münasibətləri aydınlaşdırmadan qətnamə çıxarmışdır. Buna görə də qətnamə ləğv olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh Kamil oğlu şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh əlavə etdi ki, hər ay ödəyə biləcəyi maksimum aliment məbləği 200 manatdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. Əlavə etdi ki, o, heç bir yerdə işləmir və maddi durumu pisdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İİ 390454 və AZ-İİ 184764 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh Kamil oğlu arasındakı nikahdan xx.xx.2008-ci ildə Gülşən və xx.xx.2009-cu il tarixdə Ayşən adlı uşaqları doğulmuşdur. Yenə işdə olan Dövlər X3 şəhər Məşğulluq Mərkəzinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, İbrahimov X8 xx.xx.2019-cu il tarixdən işaxtaran kimi qeydiyyatdadır. Yenə də işdə olan nikah haqqında AZ-İİ 093202 saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İbrahimov X4 Ülfət Rahid qızı ilə nikaha girmişdir. Nikahdan sonra arvada İbrahimova soyadı verilmişdir. İş materiallarına əlavə edilmişAZ-İİİ 856527 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh Kamil oğlu arasındakı nikahdan xx.xx.2016-cı ildə Mədinə adlı uşaq doğulmuşdur. Yenə də iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3000/2019 saylı, xx xxxx 2019-cu il tarxili qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh Kamil oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1877/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh Kamil oğlundan hər ay hər uşağa 87 manat olmaqla, cəmi 174 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətitəmin edilməməli,Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1662/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1877/2012 saylı, xx xxxx 2012-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh Kamil oğlundan hər ay hər uşağa 87 manat olmaqla, cəmi 174 manat sabit pul şəklində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir.Alimentin artırılması ilə bağlı iddiaçı 2019-cu ildə məhkəməyə müraciət etsə də, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3000/2019 saylı, xx xxxx 2019-cu il tarxili qətnaməsilə onun iddiası təmin edilməmişdir. Hazırda iddiaçı qət edilmiş aliment məbləğinin artırılıb hər uşağa 170 manat olmaqla ayda cəmi 340 manat olmasını tələb etmiş, məhkəmə isə bu tələbi qismən, yəni cəmi 260 manat miqdarında təmin etmişdir. Cavabdeh isə bu məbləğdən də narazıdır və hesab edir ki, onun maddi vəziyyəti pisləşdiyi üçün alimenti əvvəlki qaydada ödəməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, aliment təyin olunarkən tərəflərin hər ikisinin maddi vəziyyəti, azyaşlının əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması nəzərə alınmalı, alimentin tutulması barədə tərəflərin hər birinə münasibətdə balanslaşdırılmış qətnamə çıxarılmalıdır. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdeh işsiz kimi qeydiyyatdadır. Eyni zamanda o, ikinci dəfə ailə qurmuşdur və həmin nikahdan da 1 övladı vardır. Lakin məhkəmə kollegiyası onu da nəzərə alır ki, 2012-ci ildə müəyyən edilmiş alimentin də məbləği olduqca aşağıdır və bu günkü tələbata cavab vermir. Belə ki, “X9” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarına düzgün istinad edərək, hər iki tərəfə münasibətdə, azyaşlıların da mənafeyini nəzərə almaqla balanslaşdırılmış, ədalətli və ağlabatan qətnamə çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1662/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2730/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2730/2020
16.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver