Məhkəmə qərarları › İş №2(105)-2731/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2731/2021

07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2731/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-291/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-291/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1400 (min dörd yüz) manat dəymiş maddi ziyanın və dövlət rusumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir (hakim R.N.Qoşqarlı). Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 291/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maşınına vurduğu ziyana görə 1720 manat məbləğində pulunun və ödədiyi 30 manat dövlət rüsumunun, cəmi 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassızdır. Avtomobilə vurulmuş ziyanın miqdarının müəyyən edilməsi barədə ekspertiza rəyi obyektivliyi və düzgün tərtib edilməmişdir, mülki qanunvericiliyinin tələbinə görə əmlaka vurulmuş ziyanın miqdarı ayrı-ayrı detalların hissələri istifadə parosesində aşılanması xərcləri çıxılandan sonra yerdə qalan istifadəyə yararlı hissələr qimymətləndirilib dəymiş ziyanın ümumi məbləği müəyyən edilməlidir. İşin hərtərəfli və obyektiv həlli üçün bu amllərin böyük hüquqi əhəmiyyəti vardır. Lakin qətnamədə və ekspert rəyində bunlar nəzərə alınmamışdır. Qətnamədə əsas ziddiyyətli cəhətlərdən biri ondan ibarətdir ki, məhkəmə maşına dəymiş ilkin ziyanı araşdırmadan yanlış nəticəyə istinad edərək onun qanunvericilikdə müəyyən edilmiş hüquqlarını pozmuşdur. O, bir cavabdeh kimi maşının hissələrinə vurulmuş ziyanı ödəməyə borcludur. Lakin vurulmuş ziyanın qiyməti əsassız mülahizələrə yox, düzgün qiymətləndirilməyə əsaslanmalıdır. Bu isə qətnamədə öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən maşına dəymiş ziyanın düzgün qiymətləndirilmədiyini nəzərə alaraq Sumqayıt Şəhər Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(060)-291/2021 saylı qətnaməsinin ləğv edilərək işin yenidən məhkəmə baxışına qaytarılmasını xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(060)-291/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin ştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(060)-291/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 16.03.2020-ci il tarixli Zərər aktından görünür ki, “Opel-Astra” markalı, ** DP *** dövlət nömrə nişanlı maşına dəymiş zərər cəmi 1720 manat məbləğində hesablanmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13.03.2020-ci il tarixli qərardan görünür ki, 06 mart 2020-ci ildə saat 16:20 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun 6-cı kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sürücü Cavabdeh barəsində toplanmış materialda cinayət tərtkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülmüşdür. İş üzrə keçirilmiş 03.02.2021-ci il tarixli, 9/4243 saylı ekspert rəyindən görünür ki, 16.03.2020-ci il tarixli qüsur aktındakı avto hissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Opel Astra” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1400 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Müəyyən edilmişdir ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 100 (yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 100 (bir yüz) manat Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda iş materiallarında olan sənədlərdən görünür ki, cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəymişdir və bu iddiaçı tərəfindən sübuta yetirilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materialları, o cümlədən ekspert rəyi ilə ilə sübuta yetirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Cavabdeh tərəf apelyasiya şikayətində dəymiş zərərin məbləğinin düzgün hesablanmadığını qeyd etsə də bunu əsaslandıra bilməmişdir. Dəymiş ziyanın məbləği isə ekspert rəyi ilə müəyyən edilmişdir. Bundan başqa cavabdeh qətnamənin ləğv edilərək işin yenidən məhkəmə baxışına göndərilməsini xahiş etsə də bu qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun da cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(060)-291/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(060)-291/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar