Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2737/2020 20.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı “xxxx” Tikinti Firmasının nümayəndəsi X4, İşə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxx” ASCnin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “xxxx” Tikinti Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının mülkiyyətində olan **-AA-*** dövlət nömrə nişanlı, “Mercedes S350” markalı minik nəqliyyat vasitəsinə vurduqları 9627,50 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7284/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən işə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7284/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” Tikinti Firmasının Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının mülkiyyətində olan **-AA-*** dövlət nömrə nişanlı, “Mercedes S350” markalı minik nəqliyyat vasitəsinə vurduqları 9627,50 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması qət edilmişdir (hakim G.Tanrıverdiyeva). Qətnamədən işə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxx” ASC apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7284/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddia ərizəsi bununla əsaslandırılmışdır ki, xx xxxx 2019-cu il tarixdə, axşam saat 22:05 radələrində Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsində, “Şeyx” çay evinin qarşısında, “xxxx” Tikinti Firmasına məxsus dövlət qeydiyyat nişan nömrəsi ** AA *** olan «Mercedes S350» minik markalı firma direktorunun xidməti maşını 30 km/saat sürət ilə yolun ona aid olan zolağı ilə hərəkət edərkən, əks zolaqda olan dövlət nömrə nişanı ** GS *** olan «VAZ 21074» markalı minik maşını qəflətən hərəkətə gətirilərək yüksək sürətlə əks zolağa keçərək «Mercedes S350» minik maşınını yan hissədən vurmuşdur. Avtonəqliyyat hadisəsi baş verərkən, “xxxx” Tikinti Firmasına məxsus ** AA *** döviət qeydiyyat nömrə nişanlı, «Mercedes S350» minik markalı maşını “xxxx” Tikinti Firmasının təqdim etdiyi xx xxxx 2019 cu il tarixli, 15 nömrəli Yol vərəqəsinə əsasən (xx xxxx 2019-cu il tarixədək qüvvədə olmuş) Məmmədov Rövşən Eldar oğlu tərəfindən idarə edilmişdir. ** GS *** döviət qeydiyyat nömrə nişanlı, «VAZ 21074» markalı minik maşını isə heç bir qanuni əsas (etibaınamə və s.) olmadan Cavabdeh2 tərəfindən idarə edilmişdir. Hadisə baş verərkən, “xxxx” Tikinti Firmasına məxsus «Mercedes S350» minik markalı maşında sürücüdən başqa firma direktoru X7, «VAZ 21074» markalı minik maşınında isə yalnız sürücü olmuşdur. Avtonəqliyyat qəzası baş verdikdən sonrakı hadisələr aşağıdakı kimi cərəyan etmişdir: Onlar maşını yolun soluna çəkib saxlamış və sürücü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, ** GS *** döviət qeydiyyat nömrə nişanlı, «VAZ 21074» markalı minik maşınında olan sürücü maşından düşüb təkərə mane olan qanadı maşın sahibi Cavabdeh1 ilə birlikdə dartıb düzəltdikdən sonra qəza törətmiş maşına əyləşib hadisə yerindən qaçmışlar. Hadisə yerinə çağırılan Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsi Baş X1 tərəfindən inzibati xəta haqqında icraat başladılmışdır. Polis əməkdaşı Soltanlı Soltan tərəfindən xx xxxx 2019-cu il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol əsasında müəyyən edilmişdir ki, ** GS *** döviət qeydiyyat nömrə nişanlı, «VAZ 21074» markalı minik maşınını idarə edən Cavabdeh2 C.Cabbarlı küçəsində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış, araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh2 avtomaşını etibarnamə olmadan idarə etmiş və manevr qaydasını pozmuşdur. Cavabdeh2 törətdiyi inzibati xəta nəticəsində “xxxx” Tikinti Firmasının mülkiyyətində olan, Məmmədov Rövşən Eldar oğlunun idarə etdiyi ** AA *** döviət qeydiyyat nömrə nişanlı, «Mercedes S350» minik markalı maşına maddi zərər vurulmuşdur. Hadisə nəticəsində «Mercedes S350» minik markalı maşının qabaq sol qanadı, qabaq sol qapısı və sol arxa qapısı əzilmişdir. Yol Polisi əməkdaşı Soltanlı Soltan tərəfindən xx xxxx 2019-cu il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında yol nəqliyyat hadisəsində təqsirkar olaraq müəyyən edilən Cavabdeh2 barəsində xx xxxx 2019-cu il tarixli, TP ******* saylı inzibali tənbeh vermə haqqında qərar tərtib edilmiş və inzibali xəta törətdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, yəni etibamamə olmadan idarə etmə və 327.6-cı maddəsinə görə, yəni yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə barəsində 100 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh2 inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair xx xxxx 2019-cu il tarixli, ******* saylı qərar qanuni qüvvəyə minmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” Tikinti Firmasına məxsus ** AA *** döviət qeydiyyat nömrə nişanlı, «Mercedes S350» minik markalı maşına vurulmuş maddi zərərin dəyərinin müəyyən edilməsi üçün “Mercedes-Benz” şirkətinin Azərbaycan Respublikasındakı rəsmi distribyutoru “X6” MMC-yə müraciət edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” Tikinti Firmasına məxsus «Mercedes S350» minik markalı maşın üçün ********** saylı, xx.xx.2019-cu il tarixli ilkin təmir sifarişi aktı tərtib edilmiş və bu maşına vurulmuş maddi zərər ƏDV ilə birlikdə 9627,50 manat müəyyən edilmişdir. “X6” MMC tərəfindən icra edilmiş qüsurun qiymətləndirilməsi xidmətinə görə “xxxx” Tikinti Firması ilə xx xxxx 2019-cu il tarixli, SA907- 0196 nömrəli akt tərtib edilmiş və bu xidmətin dəyəri 297,58 manat “xxxx” Tikinti Firması tərəfindən “X6” MMC-yə ödənilmiş, lakin bu məbləğ iddia edilən məbləğə daxil edilməmişdir. ** GS *** dövlət nömrə nişanlı, «VAZ 21074» markalı minik nəqliyyat vasitəsinin AD seriyalı, 490689 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. İnzibati xəta haqqında TP ******* saylı qərarda və Cavabdeh2 Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru cənab Şamxal Əliyevə verdiyi yazılı izahatda qeyd etdiklərindən göründüyü kimi Cavabdeh2 hadisə baş verən zaman ** GS *** dövlət nömrə nişanlı, «VAZ 21074» markalı minik nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, yol nəqliyyat hadisəsi törətmiş və qanuni qüvvəyə minmiş qərar əsasında hadisədə təqsirkar olduğu təsdiq edilmişdir. Cavabdehlərə dəfələrlə şifahi qaydada müraciət edərək vurulmuş maddi zərərin əvəzini ödəməsini tələb edilsə də, cavabdehlər öz hərəkətləri və ya hərəkətsizliyi ilə pulu ödəmək niyyətində olmadığını təsdiq etmişlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : “xxxx” ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında işin bütün faktiki halları araşdırılmamışdır. xx.xx.2019-cu il tarixində, saat 22:30 radələrində Sumqayıt şəhəri, C.Cabbarlı küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, sahibinin 3-cü şəxslər qarşısındakı mülki məsuliyyəti icbari sığorta qaydasında “xxxx” ASC-də sığortalanmış, “VAZ-21074” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobillə “xxxx” Tikinti Firmasına məxsus “Mersedec-Benz S350” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı xidməti maşın toqquşmuşdur. Hadisə ilə bağlı dəymiş zərərin qiymətlənirilməsi xx.xx.2019-cu il tarixdə Binəqədi rayonu, Əliyar Əliyev küçəsi, 36 ünvanında yerləşən Avtomobillərin Texniki Xidmət Mərkəzində həyata keçirilmiş və tərtib edilmiş qüsur aktına əsasən dəymiş zərər 1200 manat təşkil etmişdir. Sığortaçı kimi “xxxx” ASC tərəfindən təyin edilmiş qiymətləndirmə ilə zərər məbləği 1200 manat müəyyən edilsə də, sonradan avtomobilin qabaq sol qapısına dəymiş zərər də nəzərə almımaqla əlavə 300 manat olmaqla, yekun olaraq dəymiş zərər məbləği 1500 manat müəyyən edilmiş və həmin məbləğ PXA 49420 saylı sığorta aktına əsasən xx.xx.2019-cu il tarixli, 2689 saylı ödəniş tapşırığı ilə “xxxx” Tikinti Firmasının hesabına köçürülmüşdür. Buna baxmayaraq, “xxxx” Tikinti Firması həmin məbləğdən imtina etmiş, xx.xx.2019-cu il tarixdə təkrar “xxxx” ASC-nin hesabına geri qaytarmışdır. Zərərçəkmiş tərəf - “xxxx” Tikinti Firması qiymətləndirmənin nəticəsi ilə razılaşmayaraq, ona 9627,50 manat zərər vurulduğunu bildirmiş və icbari sığorta hadisəsi zamanı maksimum ödənişin (5000 manat məbləğin) onun bank hesabına ödənilməsini tələb etmişdir. Onun əsassız tələblərinin qanunvericiliyin müddəalarına zidd olması izah edilməklə xx.xx.2019-cu il tarixli, 05/01-683 saylı məktubla cavab verilmişdir. Sonradan “xxxx” Tikinti Firması yol nəqliyyat hadisəsinin təqsirkar iştirakçısı olan “VAZ-21074” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 və hadisə zamanı həmin avtomobili idarə etmiş sürücü Cavabdeh2 qarşı Sumqayıt Şəhər Məhkəməsində zərərin əvəzinin ödənilməsinə dair iddia qaldırmışdır. Qeyd edilən iddianın qaldırılması ilə “xxxx” Tikinti Firması avtomobilinə dəymiş ziyanın özünün təyin etdiyi, açıq-aşkar şişirdilmiş qiymətləri əks etdirən “qiymətləndirmə” əsasında məhkəmə qətnaməsi qəbul etdirməklə, həmin məbləğin sığortaçıdan alınması üçün əsas yaratmaq məqsədi güdmüşdür. Halbuki, qəbul edilən məhkəmə qətnaməsi bilavasitə “xxxx” ASC-nin hüquq və vəzifələrinə toxunur, çünki qəza törədən avtomobil bu ASC-də sığortalanmışdır. Məhkəmə iclasında isə cavabdeh statusu almış Cavabdeh2 iddianı etiraf etmiş, dəfələrlə şişirdilmiş zərərin məbləğini qəbul etmiş, buna heç bir etiraz etməmiş, dəymiş zərərin hesablanması üçün ekspertiza təyin edilməsinə belə cəhd göstərməmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə təmin olunmamalıdır. Məhkəmə kollegiyasının iclasında işə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxx” ASC-nin nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” Tikinti Firmasının nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək bildirdi ki, qətnamə icra edilmiş, onlara vurulan ziyan artıq ödənilmiş, mübahisə bitmişdir. Hazırki qətnamə “xxxx” ASC-nin hansı hüquqlarına toxunur bəlli deyil. Ona görə də o, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt DYPŞ-nin xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixində yol nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Yenə iş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2019-cu il tarixli, TP ******* saylı qərarından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2 xx.xx.2019-cu il tarixində yol nəqliyyat hadisəsi törətmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İşə əlavə olunmuş “Mercedes-Benz” şirkətinin Azərbaycan Respublikasındakı rəsmi distribyutoru “X6” MMC-in ********** saylı, xx.xx.2019-cu il tarixli ilkin təmir sifarişi aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” Tikinti Firmasına məxsus qeydiyyat nişan nömrəsi ** AA *** olan «Mercedes S350» minik markalı avtomobilə ümumilikdə 9627,50 manat məbləğində maddi ziyan dəymişdir. İşdə olan AD nömərəli 490689 saylı Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «VAZ 21074» markalı, ** GS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. Yenə işdə olan xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, “xxxx” ASC “xxxx” TF-nın bank hesabına 5000 manat ödəniş etmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 göndərdiyi xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixində, saat 22:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” Tikinti Firmasına məxsus qeydiyyat nişan nömrəsi ** AA *** olan «Mercedes S350» minik markalı avtomobilə dəyçiş zərərlə bağlı ödənilmiş 5000 manat pulun 7 iş günü ərzində Cəmiyyətə qaytarılması, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7284/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, xx xxxx 2019-cu il tarixdə AD 490689 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan, lakin Cavabdeh2 tərəfindən etibarnamə olmadan idarə olunan «VAZ 21074» markalı, ** GS *** dövlət nömrə nişanlı avtomobil Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsində “xxxx” Tikinti Firmasına məxsus ** AA *** dövlət qeydiyyat nişanlı, «Mercedes S350» markalı avtomobilə dəyərək ona 9627,50 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini, xx xxxx 2019-cu il tarixdə ona məxsus olan, lakin Cavabdeh2 tərəfindən idarə olunan ** GS *** dövlət nömrə nişanlı, «VAZ 21074» markalı minik nəqliyyat vasitəsi ilə qəza törədildiyini və “xxxx” Tikinti Firmasına məxsus ** AA *** dövlət qeydiyyat nişanlı «Mercedes S350» markalı nəqliyyat vasitəsinə maddi ziyan vuulduğunu bildirərək iddianı etiraf edən ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan sübutlardan görünür ki, həmin yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli bilinmişdir. Yenə işdən görünür ki, vurulmuş ziyan ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki - hüquqi məsuliyyət daşıyırlar. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yenə həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qeyd edildiyi kimi, vurulmuş zərərin məbləği barədə işdə “X6” MMC-in ********** saylı, xx.xx.2019-cu il tarixli ilkin təmir sifarişi aktı mövcuddur və bu akta görə zərər 9627,50 manat təşkil edir. Hazırda “xxxx” ASC isə bu məbləğlə razılaşmır və bunun 1500 manat olduğunu iddia edir. Bunun üçün apelyant Avtomobillərin texniki xidmət Mərkəzinin xx xxxx 2019-cu il tarixli qüsur aktına istinad etmişdir. İş materiallarından görünür ki, dəymiş ziyanın 5000 manat hissəsi “xxxx” ASC tərəfindən artıq xx xxxxxxxx 2020-ci il tarixdə “xxxx” Tikinti Firmasına ödənilmişdir. İşin bu hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, “xxxx” ASC-nin şikayətinin bu dəlili əsasızdır, çünki zərər görmüş avtomobilin «Mercedes S350» markalı olması, buna görə də zərərin məbləğinin “Mercedes-Benz” şirkətinin Azərbaycan Respublikasındakı rəsmi distribyutoru “X6” MMC tərəfindən hesablanması barədə aktı daha mötəbər hesab edilməlidir. Digər tərəfdən, dəymiş zərərin məbləğinin 1500 manat olmasını iddia edən “xxxx” ASC-nin sığorta ödənişi kimi zərərçəkənə artıq 5000 manat ödəniş etməsi, bundan başqa, cavabdehlərin zərərin məbləği ilə razılaçdıqları da həmin dəlilin əsasızlığını təsdiq edir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş məbləği “xxxx” ASC subroqasiya qaydasında tələb etmək hüququnu saxlayır. Belə ki, AR Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Yenə həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya zərər vurmuş şəxslərin (cavabdehlərin) zərərin miqdarını qəbul etmələri, zərərin məbləği barədə işdəki mötəbər sübutlar hazırkı halda qətnamədən verilmiş apelyasiya şikayətinin dəlillərinin əsassızlığını təsdiq edir. Məhkəmə kolegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq yuxarıda qeyd edilən hüquq normalarına istinad edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası “xxxx” ASC-nin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün “xxxx” ASC tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7284/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu “xxxx” ASC-nin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2737/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2737/2020
20.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver