Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2738/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-965/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-965/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir (hakim İ.A.Məmmədov). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-965/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin 2(027)-939/2012 saylı 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə yığılıb qalmış 8000 manat aliment borcunun cavabdeh X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini onunla əsaslandırdı ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, o, cavabdehin oğlu X7 ilə 2001-ci ilin iyul ayında el adəti üzrə ailə qurmuş, nikahlarını 18 dekabr 2007-ci il tarixdə rəsmiləşdirmiş, birgə nikahdan 29 mart 2003-cü il tarixdə Nərmin, 14 fevral 2005-ci il traixdə Cəmil doğulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-939/2012 saylı, 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X3 hər uşağ üçün hər ay 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Qət edilmiş aliment məbləğini Rəməş Aslanov ödəməmişdir. Rəməş Aslanov 2012-ci ildən 2015-ci il tarixə kimi cəmi 1150 manat məbləğində pul, daha sonra isə 65 manat məbləğində və sonuncu dəfə 2020-ci ilin sentyabr ayında 490 manat və 97 manat məbləğində olmaqla aliment pulu ödəmişdir. Aliment borcunu ödəmədiyi üçün Quba Rayon Məhkəməsinin 1(027)-80/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli hokumü ilə X7 Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(105)-114/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı ilə onun apelyasiya şikayəti təmin edilməmiş, hokm dəyişdirilmədən saxlanılmışdır. X9 aliment borcu 8000 manat məbləğində təşkil edir. Lakin o, alimenti ödəmir. Bundan başqa Rəməş Aslanovun valideyniləri də öz nəvələrinə heç bir köməklik göstərməmiş, onlarla maraqlanmamışlar. Uşaqların ehtiyacı getdikcə artır, onların boya-başa çatmasında nə R.Aslanovun, nə də onun validneynlərinin heç bir rlolu olmamışdır. Ona görə də Yığılıb qalmış 8000 manat aliment borcunun uşaqların nənəsi Cavabdeh alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ona görə ki, R.Aslanov aliment borcunu ödəmir və bu barədə ümumiyyətlə fikirləşmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma nehtiyacı olaqn ynetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilimədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-965/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-939/2012 saylı, 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X7 arasında bağlanmış 18 dekabr 2007-ci il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş 29 mart 2003-cü il təvəllüdlü X6 və 14 fevral 2005-ci il təvəllüdlü X8 İddiaçı himayəsində saxlanılmış, uşaqlar yetkinlik yaşına çatanadək cavabdeh X3 hər uşaq üçün hər ay 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 157307 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 arasındakı nikah qeydi pozulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 1(027)-80/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli hokmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdehin oğlu X7 arasındakı nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X7 hər uşağ üçün hər ay 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin İddiaçı verilməsi qət edilmiş, alimentin çox hissəsini ödənilməmiş, nəticədə 8000 manat aliment borcu yaranmışdır. Bu səbəbdən X7 Azərbaycan Respublikası CM-nin 306.1 -ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə görə nəvələrin zəruri vəsaitə malik baba və nənədən aliment tələb etmək hüququ vardır. Hazırkı işdən isə görünür ki, iddiaçı uşaqların saxlanılması üçün nənələrindən, yəni cavabdehdən aliment tutulmasını deyil, uşaqların atasının, yəni cavabdehin oğlunun aliment üzrə yığılıb qalmış borcunun tutulmasını tələb edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa iddiaçı cavabdehin hər hansı bir zəruri vəsaitə malik olması barədə heç bir sübütü məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməsi ilə onun hüququnun pozulmasını əsaslandıran sübutu məhkəməyə təqdim etməmişlər. Belə ki, mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçının hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbində hüququnun pozulmasına dair heç bir sübut və əsas göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsə də şikayətini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Apelyasiya şikayətində qeyd edilən dəlillər isə araşdırılaraq məhkəmə qətnaməsində ona qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti isə təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-965/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2738/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2738/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver