Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2739/2020 05.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(034)-160/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(034)-160/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) iddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 547 manat borc, 54 manat cərimə borcu olmaqla, cəmi 601 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40729 “X8 6 PRO” markalı telefon üçün 547 manat ödənilməmiş hissə, 54 manat cərimə, ümumilikdə 601 manat borcun və 30 manat dövlət rüsumunun, cəmi 631 manatın Cavabdeh alınaraq cəmiyyətə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İMEİ kodu **********40729 “X8 6 PRO” markalı telefon almış, nəticədə 601 manat borc yaranmışdır. Belə ki, cavabdeh alqı-satqı qiyməti 666 manat olan İMEİ kodu **********40729 “X8 6 PRO” markalı telefon üçün 18 ay müddətində hər 37 manat ödəməli idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə 547 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 119 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanırsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Cavabdehə 89 manat cərimə hesablanmış, lakin cəmiyyət müştəriyə güzəşt edərək 54 manat cərimə tələb edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. O, iddiaçıdan İMEİ kodu **********40729 olan “X8 6 PRO” markalı telefonu satın aldıqdan sonra telefonda nasazlıq yaranmış və o, zəmanət talonunun şərtlərinə uyğun olaraq telefonu xx xxx 2019-cu il tarixdə servisə təqdim etmişdir. Mobil telefonun servisə təqdim edilməsi barədə akt və iltizam mövcuddur. Telefon iddiaçıda olduğu halda, dəyərinin ondan tələb edilməsi qanuni və əsaslı deyildir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, telefonu servisə təqdim etdikdən bir müddət sonra ona telefona kənar müdaxilə olduğu bildirilmiş, buna görə ondan təmir xərci tələb olunmuşdur. Lakin o, təmir xərcini ödəməkdən imtina etmişdir. Belə ki, telefonun zəmanəti və qızıl zəmanəti olmuşdur. İddiaçı “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdeh telefonunu həqiqətən xx xxx 2019-cu il tarixdə servisə təqdim etmişdir. Baxış zamanı telefonda servisdən kənar təmir işləri aparıldığı, power iç prossesorunun sıradan çıxdığı müəyyən edilmişdir. Buna görə də istehsalçı tərəfindən verilən zəmanət və qızıl zəmanət ləğv edilmişdir. Cavabdeh təmir xərcini ödəyib telefonunu geri götürə bilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 00503608 saylı, xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, “ABC- Telekom” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “X8 6 PRO” markalı telefon satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh “X8 6 PRO” markalı telefonu təhvil almışdır. İş materiallarında olan 00503608 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki,Cavabdeh telefonun dəyərini 18 ay müddətində hər 37 manat olmaqla ödəməlidir. İş materiallarınaəlavə edilmiş “X8 6 PRO” markalı telefonun təmiri barədə məlumatlardan görünür ki, telefonda servisdən kənar təmir işləri aparıldığı, power iç prossesorunun sıradan çıxdığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdehdəyərini hissə-hissə ödəmək şərti ilə “ABC-Telekom” məhdud məsuliyyətli cəmiyyəti cəmiyyətindən qiyməti 666 manat olan “X8 6 PRO” markalı mobil telefon almışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin mübahisə edilməyən hallarından görünür ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. Azərbaycan Respublikasının MM-nin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış00503608 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinin 2-ci bəndinə görə ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Göründüyü kimi, Cavabdeh müqavilə üzrə öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini üzərinə götürmüşdür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində aldığı “X8 6 PRO” markalı telefonuqüsuruna görə servisə təqdim etdiyini, telefonun pulsuz təmir olunmalı olduğunu göstərsə də, məhkəmə kollegiyası onun bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən servisə təqdim edilmiş “X8 6 PRO” markalı telefonda servisdən kənar təmir işləri aparıldığı, power iç prossesorunun sıradan çıxdığı müəyyən edilmişdir. Qızıl zəmanətin şərtlərinə əsasən məhsula kənar şəxs və istehlakçı tərəfindən edilmiş müdaxilə nəticəsində onda hər hansı bir qüsur meydana gələrsə, zəmanət şərtləri qüvvədən düşmüş hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zəngilan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(034)-160/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2739/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2739/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver