Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2741/2020 20.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-108/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-108/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 26857 manat əsas borc və 100 manat cərimə borcu olmaqla, cəmi 26957 (iyirmi altı min doqquz yüz əlli yeddi) manat borcun iddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, eləcə də Cavabdeh3 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun iddiaçı «İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.(hakim G.İmanova) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-108/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə ekspertiza keçirməklə rəydə göstərilən məbləğdə borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 03-MK/0983 saylı kredit müqaviləsinə və Cavabdeh2 və Cavabdeh3 arasında 20 iyul2018-ci il tarixli, NK-16-136595/009945 saylı zaminlik müqaviləsinə əsasən onlardan müştərək qaydada 26857 manat əsas borc və 100 manat cərimə borclu olmaqla, cəmi 26957 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı Asıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialına müraciət edərək xx xxxxxx 2014-cü il tarixli, 03- MK/0983 saylı saylı kreditin qalıq məbləği olan 28127 manat məbləğin restrukturizasiya edilməsini xahiş etmişdir. xx xxxx 2018-ci il tarixli, NK-16-136595/009945 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 0 faiz olmaqla, 28127 manat borc restrukturizasiya edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının əsas təminatı kimi Cavabdeh2 və Cavabdeh3 kreditor qarşısında borclunun xx xxxx 2018-ci il tarixli, NK-16- 136595/009945 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə İddiaçı ASC-nin Sumqayıt filialı ilə xx xxxx 2018-ci il tarixli, NK-16-136595/009945 saylı zaminlik müqaviləsi imzalayaraq məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borc alan tərəfindən hər ay bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin cavabdeh müqavilənin bu bəndini pozaraq, krediti və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh kredit müqaviləsinin 5.1 və 5.2-ci bəndini pozduğu üçün xx xxxx 2018-ci il tarixli, NK-16- 136595/009945 saylı kredit müqaviləsi öhdəliyin vaxtından əvvəl pozulmasına zəmin yaratmışdır. Buna görə də iddia təmin edilməlidir. İş üzrəyuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, yaranmış borc düzgün hesablanmamış, ona yüksək məbləğdə faiz borcu tətbiq edilmişdir. Onu əvvəlki kredit borcunu hesablayarkən aldatmışlar və ona 5901 ABŞ dolları artıq faiz borcu tətbiq etmişlər. Bunun qarşısının alınması üçün isə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməli, borc düzgün müəyyən olunmalıdır. Buna görə də Zəngilan Rayon Məhkəməsinin 2(034)- 108/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə ekspertiza keçirməklə rəydə göstərilən məbləğdə borcun tutulması barədə qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh əlavə etdi ki, köhnə kredit borcu hesablanarkən bank səhvə yol vermişdir və borc olduqca şişirdilmişdir. Bu isə nəzərə alınmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan İddiaçı Asıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, NK-16- 136595/009945 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borc alana 36 ay müddətinə faizsiz ödəmək şərti ilə 28127 manat məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, NK16136595/009945/1 və NK-136595/009945/2 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərə görə maddi məsuliyyət daşıyırlar. Yenə işdə olan İddiaçı ASCtərəfindən cavabdehlərə ünvanlanan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər borcun qaytarılmasına dair xəbərdar edilmişlər. İşə əlavə edilmiş arayışdan görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, NK-16- 136595/009945 saylı kredit müqaviləsinə, Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxx 2018-ci il tarixli, NK-16-136595/009945 saylı zaminlik müqaviləsinə əsasən onların banka müştərək qaydada 26857 manat əsas borc və 100 manat cərimə borclu olmaqla, cəmi 26957 manat məbləğində borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha-ki-min məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-108/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "İddiaçı” ASC ilə borclu Cavabdeh1 arasında xx xxxx 2018-ci il tarixli, NK-16- 136595/009945 saylı kredit müqaviləsi bağlamış və ona əvvəlki kredit borcunun restrukturizasiyası məqsədilə 36 ay müddətinə, illik 0 faiz hesablanmaqla 28127 manat kredit verilmişdir. Eyni zamanda qeyd edilən kredit üzrə öhdəliyin təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxx 2018-ci il tarixli, NK-16-136595/009945 saylı zaminlik müqavilələri bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda zaminlərlə birgə göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdehlər kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişlər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Yenə həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəliklərini yerinə yetirmədiyinə görə əsas borc üzrə 26857 manat və cərimə borcu üzrə 100 manat olmaqla, cəmi 26957 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla ilə təsdiq olunur. Cavabdeh1 apelyasiya şikayətində bu borcu mübahisələndirsə də, bu borcun əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bu dəlilləri qiymətləndirərək belə hesab edir ki, cavabdehin hazırki iş üzrə tələbləri iş üzrə nəticənin gecikdirilməsi və məhkəmə vaxtının itirilməsinə yönəlmişdir və qəbul edilməzdir. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Eyni Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduqları üçün iddiaçının tərəflər arasında bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verilməsi, habelə müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Şikayətdən görünür ki, cavabdeh axırıncı kredit müqaviləsi bağlanarkən onun aldadıldığını göstərmişdir, lakin iş materiallarından görünür ki, cavabdeh bununla bağlı nə hüquq mühafizə orqanlarına müraciət etməmiş, nə də müqavilənin etibarsızlığı barədə məhkəmədə iddia qaldırmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən,apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-108/2020 saylı, xx xxxx 2020ci il tarixli qətnaməsi Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2741/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2741/2020
20.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver