Məhkəmə qərarları › İş №2(105)-2754/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2754/2020

22.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2754/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh nümayəndəsi İsayeva Zöhrə Sultan qızının iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1407/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1407/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2814/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh Novruz oğlundan xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2814/2018 saylı qətnaməsi ilə artırılmış alimentin miqdarının artırılaraq, Cavabdeh Novruz oğlundan xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 170 manat olmaqla alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)- 2814/2018 saylı qətnaməsinə əsasən xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay uşağa görə 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Hazırda həmin məbləğ uşağın tələbatlarını ödəmir, uşaq böyüdükcə yeməyə, geyimə, müalicəyə və digər ehtiyaclarına tələbatı da artır. Hazırda o, valideynlərinin himayəsində yaşayır və heç bir gəlirə malik deyildir, bir neçə müddətdir işsizdir. Ona görə də cavabdehdən qət olunmuş aliment qanunla bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə alınaraq ona verilməsini istəyir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır. Belə ki, bundan əvvəl Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-2814/2018 saylı qətnaməsi ilə aliment artırılmışdır. Həmin alimentin artırılmasından bir ildən bir az çox vaxt keçmiş, uzun müddət keçməmişdir. 2018-ci ilin sonundan hazırki dövrə kimi onun maddi vəziyyəti yaxşılaşmamışdır. Əksinə, əvvəllər fəhlə kimi işləyərək gündəlik 10 manat pul qazanırdısa, ölkə ərazisində yayılan koronavirus epidemiyası ilə əlaqədar hazırda tamamilə işsizdir. Onun maddi vəziyyəti yaxşılaşmamış, gəlirləri artmamışdır. Aliment o zaman artırıla bilər ki, onun gəlirlərində dəyişiklik olsun, gəlirləri artsın. Lakin iddiaçı 2018-ci ilin noyabr ayından sonra onun gəlirinin artmasını təsdiq edən heç bir sənəd təqdim etməmiş, məhkəmə də bunu nəzərə almadan alimenti artırmışdır. Bundan başqa, fəhlə kimi günə 10 manata işləyərək ailəni dolandırırdı, hazırki vaxtda, ümumiyyətlə, işləmir. Əvvəlki məhkəmənin qətnaməsi ilə təyin olunmuş 100 manat məbləğində alimenti anasının pensiyası ilə ödəyir. Hazırki 170 manat məbləğində alimenti isə, ümumiyyətlə, ödəyə bilməyəcəkdir. Bu da əsassız olaraq onun əvvəlcə inzibati məsuliyyətə, bundan sonra cinayət məsuliyyətinə cəlb olunmağına səbəb olacaqdır. Halbuki, alimentin artırılması zamanı tərəflərin faktiki gəlirləri nəzərə alınmalıdır. Bundan başqa, xx xxxxxxxx 2007-ci il təvəllüdlü Ümidi görə bilmir, iddiaçı uşağını ona göstərmir. Halbuki buna kimi məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş 100 manat məbləğində alimenti ödəyir. O da atadır, uşağını görmək, uşağa atalıq nəvazişi göstərmək istəyir. Bütün bunları isə nə iddiaçı nə də məhkəmə nəzərə almamışdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilərək ondan tutulacaq alimentin məbləğinin 120 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi İsayeva Zöhrə Sultan qızı apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, gözəllik salonunda işləyir və 300 manat əmək haqqı alır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinə dəyişiklik edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahından xx.xx.2007-ci il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4rasında bağlanmış nikahın ləğv edilməsi xx xxx 2010-cu il tarixdə Quba rayon Qeydiyyat şöbəsində 27 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli, 2(027)-454/2008 saylı qətnaməsinin surətindən görünür ki,İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, azyaşlı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 50 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)- 2814/2018 saylı qətnaməsininsurətindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş,Quba Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli, 2(027)-454/2008 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx xxxxxxxx 2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Novruz oğlundan hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materiallarından görünür ki, tərəflər xx.xx.2006-cı il tarixdə nikahlarını bağlamışlar, birgə nikahlarından xx.xx.2007-ci il tarixdə X6 anadan olmuşdur, tərəflər arasında bağlanmış nikah xx.xx.2010-cu il tarixdə ləğv edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli, 2(027)- 454/2008 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, azyaşlı X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 50 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-2814/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli, 2(027)-454/2008 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Novruz oğlundan hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-2814/2018 saylı qətnaməsi qəbul edildikdən təxminən 1 il 8 ay sonra, yəni xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək yenə də alimentin məbləğinin artırılmasını tələb etmiş, birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin mənasına görə məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o vaxt dəyişə, başqa sözlə, artıra bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Həmçinin Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsi ödəmələrin miqdarının artırılması üçün ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini nəzərdə tutur. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2018-ci ildə yaşayış minimumu uşaqlar üçün 154 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(027)-2814/2018 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli, 2(027)- 454/2008 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırıldıqdan sonra xx.xx.2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Novruz oğlundan hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması hazırki şəraitdə uşağın mənafeyinə uyğun sayıla bilməz. İşdən görünür ki, Cavabdeh rəsmi olaraq işləmir, onun hər hansı gəlirə malik olmasını təsdiq edən sənəd də iş materiallarında yoxdur. Birinci instansiya məhkəməsi uşağın saxlanması üçün alimentin miqdarını 1 il 8 aydan sonra artıraraq hər ay uşaq üçün 170 manat məbləğində müəyyən edərkən yuxarıda qeyd edilən halları və cavabdehin maddi vəziyyətində kifayət qədər əsaslı dəyişiklik olmamasını nəzərə almamışdır. Məhkəmə kollegiyası Cavabdeh maddi vəziyyətini, uşağın saxlanılması vəzifəsinin hər iki valideynin üzərinə düşməsini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq Cavabdeh xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulacaq alimentin məbləğinin artırılaraq 130 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası alimentin məbləğini hər ay hər uşaq üçün 130 manat müəyyən edərkən onu da qeyd edir ki, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2020-ci ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası hazırki iş üzrə alimentin məbləğini qanunla müəyyən edilmiş minimumdan aşağı həddə müəyyən edərkən, həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 75.1-ci maddələrinin tələblərini əsas tutur. Belə ki, həmin maddələrə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bu baxımdan hər bir uşağın yaşayış minimumunu təmin etmək hər iki valideynin üzərinə düşdüyündən, məhkəmə kollegiyası hesab edir ki, yaşayış minimumu üzrə məbləğin çatmayan hissəsini iddiaçı özü də təmin etməlidir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə uşağın lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Göründüyü kimi, həm milli, həm də beynəlxalq qanunvericilik hər iki valideynin hüquqları ilə yanaşı, vəzifələrinin də bərabər olmasını müəyyən etmişdir. Bundan başqa, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi artırılmış məbləğdə alimentin tutulmasının nə vaxtdan hesablanmasını qətnamədə göstərməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 26-cı bəndinə görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1407/2020 saylı qətnaməsinə alimentin məbləğinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Quba Rayon xx xxxxxx 2018-ci il tarixli, 2(027)-2814/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay uşaq üçün 130 (bir yüz otuz) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar