Məhkəmə qərarları › İş №2(105)-2759/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2759/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2759/2021 13.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi X2, Cavabdeh iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-337/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-337/2021 saylı qətnaməsi ilə (hakim G.K.İmanova) iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh 3501,17 (üç min beş yüz manat on yeddi qəpik) manat əsas borc, 1289,42 (min iki yüz səksən doqquz, qırx iki) manat faiz borcu, 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 5290.59 (beş min iki yüz doxsan manat əlli doqquz qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsmunun iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmsı qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-337/2021 saylı qətnaməsinin dəyşdirilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21.05.2015-ci il tarixli, 100/03/107962/15 saylı kredit müqaviləsi üzrə 3501,17 (üç min beş yüz manat on yeddi qəpik) manat əsas borc, 1289,42 (min iki yüz səksən doqquz, qırx iki) manat faiz borcu, 1491,31 (min dörd yüz doxsan bir, otuz bir) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 498,33 (dörd yüz doxsan səkkiz manat, otuz üç qəpik) manat faiz borcu və 30 (otuz) manat ödənilmiş dövət rüsmunun iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 21.05.2015-ci il tarixli, 100/03/107962/15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə, 10.000 manat məbləğində kredit verilmişdir. Cavabheh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində banka borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsi 01 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən bank tərəfindən kredit borcuna heablanmış cərimə məbləğinin azaldılmasını xahiş etsə də, xahişi nəzərə alınmamışdır. Cərimə məbləği 100 manat həcmində təmin edilməsinə etirazı yoxdur. İşsiz olduğu üçün kredit borcunu ödəyə bilməmişdir. Mövcud borcun hər ay 100 manat olmaqla qaytarılması və cərimə məbləğinin azaldılmasını istəyir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsinı xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi A.F.Zeynalova apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" X3 Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 21.05.2015-ci il tarixli, 100/03/107962/15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə, 10.000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından göründüyü kimi cavabdehin Banka 3501,17 (üç min beş yüz manat on yeddi qəpik) manat əsas borcu, 1289,42 (min iki yüz səksən doqquz, qırx iki) manat faiz borcu, 1491,31 (min dörd yüz doxsan bir, otuz bir) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 498,33 (dörd yüz doxsan səkkiz manat, otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 6780.23 (altı min yeddi yüz səksən manat, iyirmi üç qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas və faiz borcunun mövcudluğu işdə olan obyektiv sübutlarla, maliyyə arayışı və hesabdan çıxarış ilə öz təsdiqini tapır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya 21.05.2015-ci il tarixli, 100/03/107962/15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 1491,31 (min dörd yüz doxsan bir, otuz bir) manat cərimə məbləği tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əsas və faiz borcu olduğu kimi qəbul edilsə də, məhz qeyd olunan cərimə məbləği mübahisə doğurmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən 100/03/107962/15 saylı kredit müqaviləsi üzrə tələb edilən 1491,31 (min dörd yüz doxsan bir, otuz bir) manat cərimə məbləğini azaldılaraq 500 manat məbləğində müəyyən etsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ də yüksək olub işin hallarına uyğun deyildir və həmin məbləğin 100 manat məbləğində müəyyən edilməsi daha qanuni və ədalətli olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apellyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi - «Cavabdeh 500 (beş yüz) manat cərimə borcu tutularaq iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulsun» hissəsində dəyişdirilib, cərimə borcu 100 manat məbləğində müəyyən edilməli, qətnamə –qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(034)-337/2021 saylı qətnaməsi – «Cavabdeh 500 (beş yüz) manat cərimə borcu tutularaq iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulsun» hissəsində dəyişdirilib, cərimə borcu 100 (yüz) manat məbləğində müəyyən edilsin. İddia qismən təmin edilsin. Qətnamə – «Cavabdeh 3501,17 (üç min beş yüz manat on yeddi qəpik) manat əsas borc, 1289,42 (min iki yüz səksən doqquz, qırx iki) manat faiz borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsmu iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə ödənilsin» hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar