Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2761/2020 16.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə pulun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2762/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2762/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 222 manat əsas borc, 90 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat olmaqla, cəmi 332 manat pulun tutulması qət olunmuşdur. (hakim A.Behbudova) Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhərində fəaliyyət göstərən “Beko” mağazasının sahibidir. Onunla Cavabdeh ilə arasında xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2014-cü il tarixli, ******* saylı müqaviləyə əsasən ümumi dəyəri 329 manat olan 1 ədəd “Samsung Galaxy” markalı tablet almış, nəticədə onun 222 manat məbləğində borcu yaranmışdır. Cavabdehə edilən müraciətlərə baxmayaraq borcunu ödəməmiş, müqavilənin şərtlərim pozmuş və axırıncı dəfə xx.xx.2017-ci il tarixdə 10 manat olmaqla, ümumilikdə 107 manat ödəniş etmişdir. Müqaviləyə əsasən ödənilməmiş hissə alıcı tərəfindən müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun həyata keçirilməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdehapelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə mübahisəni həll edərkən onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, çəkişmə prinsipi pozulmuşdur. İddia ərizəsində göstərilən məlumatlar həqiqətə uyğun deyildir. Bu məlumatlar məhkəmə tərəfindən dəqiq yoxlanılmalı idi. Məhkəmə isə mübahisəyə sadələşdirilmiş icraatda baxaraq düzgün olmayan nəticəyə gəlmişdir. İddiaçıya məxsus “Beko” mağazasından 10.03..2014-cü il tarixli, ******* saylı müqaviləyə əsasən ümumi dəyəri 329 manat olan 1 ədəd “Samsung Galaxy” markalı tablet almış və bu zaman 39 manat ilkin ödəniş etmişdir. Qalan borcu isə hər ay 29 manat olmaqla etməli idi və hazırkı vaxta kimi borcunu birbaşa mağazaya etməklə tam olaraq ödəmişdir. Lakin bu ödəmələri mağazanın əməkdaşları borcdan silməmişlər və nəticədə bu borc müştərilərdən tələb edilmişdir. Bundan başqa, iddiaçı qeyd etmişdir ki, guya o, müqavilə üzrə xx.xx.2017-ci ildə 10 manat ödəniş etmişdir, lakin bu tamamilə yalandır. O, xx.xx.2014-cü il tarixli müqavilə üzrə 10 ay ərzində krediti ödəmiş və borcunu tam ödəmişdir. Hazırkı mübahisə üzrə iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddətinin axımı konkret iş üzrə müqavilənin bitdiyi tarixdən, yəni xx.xx.2015-ci ildən başlamışdır. İddiaçı isə xx.xx.2017-ci ildə ödəniş edərək iddia müddətinin guya keçirilmədiyinə nail olmaq istəyir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın isə rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdehapelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verib, şikayətin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və qətnamə qanuni olduğu üçün şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış ******* saylı, xx xxxx 2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı satış qiyməti 329 manat olan “X1 3” markalı telefonu 39 manat ilkin ödəniş qəbul etməklə, qalan məbləği 10 ay müddətində hər ay 29 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Yenə iş materiallarında olan xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə xx.xx.2014-cü il tarixli müqavilə üzrə 222 manat əsas, 90 manat faiz borcu qalmışdır. Yenə də iş materiallarında olan ******* saylı, xx.xx.2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh ******* saylı, xx.xx.2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 39 manat ilkin ödəniş edərək qalan məbləği 10 ay müddətində hər ay 29 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 02.04,2019-cu il tarixli məktubun surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən yaranmış borcunun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq 3 gün müddətinə müqavilə üzrə yaranmış borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və müqavilənin vaxtından əvvəl ləğv olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan ərizədən görünür ki, Cavabdeh məhkəmə kollegiyasından iddia müddətini tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqlaqiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli,Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2762/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmamalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında ******* saylı, xx xxxx 2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə ilə İddiaçı satış qiyməti 329 manat olan “X1 3” markalı telefonu 39 manat ilkin ödəniş qəbul etməklə, qalan məbləği 10 ay müddətində hər ay 29 manat ödəmək şərti ilə Cavabdeh nisyə satmışdır. Hazırda iddiaçı bildirir ki, müqavilə üzrə cavabdehin 222 manat borcu qalmışdır. Bu borcu vaxtında ödəmədiyi üçün isə ondan əlavə olaraq 90 manat faiz borcu da tutulmalıdır. İddiaçı tələbinin əsası kimi özünün tərtib etdiyi xx xxxx 2020-ci il tarixli maliyyə arayışına istinad etmişdir. Cavabdeh isə şikayətində müqavilə üzrə ödənişləri vaxtında etdiyini və heç bir borcunun qalmadığını bildirmiş, ödənişlərin mağaza əməkdaşları tərəfindən mənimsənildiyini göstərmişdir. İş materiallarında ödənişlər barədə ümumiyyətlə hər hansı məlumat yoxdur. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Verilmiş apellyasiya şikayəti əsasında işin hallarını bir daha araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər arasında bağlanmış nisyə satış müqaviləsinin şərtləri hər iki tərəfin razılığı ilə müəyyən edilmiş, onların iradəsinin ziddinə heç bir qanun pozuntusuna yol verilməmişdir. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Yenə həmin Məcəllənin 601.1-ci madəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İş materiallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə müddət 10 ay müəyyən edilmiş və əşyanın qiymətinin hissə-hissə (hər ay 29 manat) ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh həmin müqavilədə müəyyən edilmiş əmlakı iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında onun dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə əsasında iddiaçıdan müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onların dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Yenə həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşdə olan xx.xx.2014-cü tarixli qaimədən görünür ki, Cavabdeh qeyd edilən malı tam qüsursuz halda təhvil aldığını təsdiq etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 222 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, o cümlədən maliyyə arayışı ilə də təsdiq olunur. Aldığı malın qiymətini tam ödəməsi barədə cavabdeh məhkəməyə sübut təqdim edə bilməmişdir. Bununla belə, iş materiallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi xx xxxx 2014-cü il tarixdə 10 ay müddətinə bağlanmışdır, yəni kredit müqaviləsinin müddəti xx xxxxxx 2015-ci il tarixdə bitmişdir. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İddia müddətinin axımının başlanğıcı onun düzgün və dəqiq hesablanması, eləcə də mübahisəli hüquq münasibətinə tətbiqi üçün həlledici rol oynayır. Belə ki, bu məsələdə səhvə yol verilməsi iddia müddətinin süni surətdə qısaldılmasına və ya uzadılmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələbinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Qanunun mənasına görə iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən, yəni pozulmuş hüququn məcburi qaydada məhkəmə orqanlarının köməyi ilə həyata keçirilmək imkanının yarandığı gündən başlanır. İddia hüququnun yarandığı gün şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya konkret hallar əsasında bunu bilməli olduğu gündən iddia müddətinin axımı başlanır. Qeyd edildiyi kimi, hazırkı mübahisə üzrə iddia müddətinin axımı tərəflər arasında imzalanmış alqı-satqı müqaviləsinin bitmə tarixindən, yəni xx xxxxxx 2015-ci ildən başlamışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında cavabdeh iştirak etməmiş, bu səbəbdən də o, iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət etmişdir. Bu hallara qiymət verərək məhkəmə kollegiyası Cavabdeh həmin ərizəsini MPMnin 371-ci maddəsinə əsaslanaraq qəbul edir. Belə ki, AR MPM-nin 371-ci maddəsinə əsasən yeni sübutlar apelyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiqi ilə bağlı ərizə yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. İş materiallarında olan iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, iş üzrə cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Hazırkı tələb nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərlə bağlı olduğundan məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə iddia müddətinin axımı müqavilənin bitdiyi tarixdən, yəni xx xxxxxx 2015-ci ildən başlanmışdır və deməli iddiaçı bu tələblə məhkəməyə ən geci xx xxxxxx 2018-ci il tarixdə müraciət etməli idi. İddia ərizəsindən isə görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx xxxx 2020-ci il tarixdə, yəni təqribən 2 il gec müraciət etmiş, iddia müddətini ötürmüş və nəticədə hazırda həmin müqavilə üzrə mübahisə etmək hüququnu itirmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Bəhs olunanlara əsasən qeyd edilməlidir ki, İddiaçı tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməsi barədə 3 illik iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və maddi hüquq normalarına uyğun deyildir. Ona görə də bütün hallarda iddia əsassız olmaqla təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, İddiaçıCavabdeh qarşı müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya şikayəti təmin edildiyindən, onun verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq ona ödənilməli, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 20 manat məbəlğində dövlət rüsumu onun özünə aid olunmalıdır. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404- 1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrəSumqayıt Şəhər Məhkəməsinin 2(060)-2762/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ******* saylı, xx xxxx 2014-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilsin. İddia ərizəsinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2761/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2761/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver