Məhkəmə qərarları › İş №2(105)-2763/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2763/2021

14.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2763/2021 14.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4688/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4688/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3533/2019 saylı, 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 23 noyabr 2003-cü il təvəllüdlü X1 və 23 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, alimentin artırılmasına dair iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 2002-ci il təvəllüdlü X3, 23 noyabr 2003-cü il təvəllüdlü X1 və 23 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2019 saylı, 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı əlavə xərclərdə iştirak etməyə dair iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh 23 iyul 2002-ci il təvəllüdlü X3 UNEC-in bakalavriat səviyyəsi üzrə Biznes və Menecment fakültəsinin “Marketing” ixtisasının dövlət sifarişli əyani təhsili ilə əlaqədar hər ay sabit pul məbləğinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, hazırda oğlu Vüqar Babayevin 18 yaşı tamam olsa da, o, UNEC-in bakalavriat səviyyəsi üzrə Biznes və Menecment fakültəsinin “Marketing” ixtisasının dövlət sifarişli əyani təhsilin tələbəsidir. Bu səbəbdən də o, işləmir, həm də o, fiziki cəhətdən zəif uşaqdır. Onun əmək qabiliyyəti yoxdur və maddi yardıma ehtiyacı vardır. Oğlunun məktəb xərcləri, məktəbə gediş-gəliş haqqı, dəftər-kitab alınması, yemək-içməyi və s. üçün pul tələb olunur. Hesab edir ki, cavabdehin bir valideyn kimi ona aid hissədə əlavə xərclərə cəlb olunması zəruridir. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4688/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh Kamil oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, alimentin artırılması ilə razı deyildir. Qeyd edir ki, qətnamə qəbul edildikdən sonra onun maddi və ailə vəziyyətində müsbət dəyişiklik olmamışdır. 2-ci dəfə ailə həyatı qurmuş, həyat yoldaşı heç yerdə işləmir, özü əmək pensiyası alır, pensiyanın 70% alimentə tutulur. Alimentin artırılması onun maddi vəziyyətinin ağırlaşmasına əsas olacaqdır. Odur ki, qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, alimentin artırılmasına dair iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının vəkili və cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4688/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından 23 iyul 2002-ci il təvəllüdlü X6, 23 noyabr 2003-cü il təvəllüdlü X5 və 23 yanvar 2012-ci il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3533/2019 saylı, 05 aprel 2019-cu il tarixli qətnaməsindən görünür ki, müəyyən edilmiş alimentin miqdarı artırılaraq 23 iyul 2002-ci il təvəllüdlü X6, 23 noyabr 2003-cü il təvəllüdlü X5 və 23 yanvar 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət İqtisad Universitetinin 29 Noyabr 2020-ci il tarixli, № TİM/11120/2020 saylı arayışından görünür ki, X6 UNPC-in bakalavriat səviyyəsi üzrə Biznes və menecment fakültəsinin "Marketinq" ixtisasının dövlət sifarişli əyani təhsilin İ il 976 saylı qrup tələbəsidir və dörd illik təhsil müddətini 05.07.2024-ci il tarixinədək bitirməsi nəzərdə tutulur. İş materiallarına əlavə olunmuş Cavabdeh ünvanlanmış pensiyadan tutulma haqqında məktuba əsasən, Mərkəzi Filial tərəfindən Cavabdeh 1 yanvar 2019-cu il tarixindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə uyğun qaydada yaşa görə əmək pensiyası təyin edilməklə ödənilir. Eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin 4 noyabr 2013-cü il tarixli 2(060)~5107/2013 nömrəli və 5 aprel 2019-cu il tarixli 2(060)-3533/2019 nömrəli icra sənədlərinə əsasən əmək pensiyasından 1 yanvar 2019-cu il tarixindən etibarən (01.01.2019-31.10.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 5352,08 manat) aliment ödənişi tutularaq İddiaçı müvafiq hesabına köçürülür. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə və işin hallarına əsasən iddiaçının cavabdeh tərəfindən ödənilən aliment məbləği ilə uşaqların artan tələbatını qarşılaya bilməməsini müəyyən edərək, iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 75, 112.1-ci maddələri və “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanunla əsaslandırmış, iddia tələbini qalan hissədə, 23 iyul 2002-ci il təvəllüdlü X3 UNEC-in bakalavriat səviyyəsi üzrə Biznes və Menecment fakültəsinin “Marketing” ixtisasının dövlət sifarişli əyani təhsili ilə əlaqədar hər ay sabit pul məbləğinin tutularaq ona verilməsi hissəsində təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcudurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, tərəflərin birgə nikahdan olan uşaqların saxlanmasına görə hər uşaqlar üçün 100 manat olmaqla, 300 manat məbləğində aliment 05.04.2019-cu il tarixdə müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, tərəflərin faktiki nikahlarından doğulmuş 23 noyabr 2003-cü il təvəllüdlü Fidan və 23 yanvar 2012-ci il təvəllüdlü Cəsurun saxlanılması üçün müəyyən edilmiş 100 manat məbləğindəki aliment 2019-cu il tarixdə, uşaqların 15 və 7 yaşı olanda tutulmuşdur. Hazırda isə həmin uşaqların 17 və 9 yaşı olmaqla yaşayış xərcləri bir qədər də artmışdır. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna bir neçə dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək, 175 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini, yenidən ailə qurması , hazırda işləməməsi dəlilini əsaslı saymır. Belə ki, cavabdehin qeyd etdiyi hallar onu uşağı saxlamaq, uşağın qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə artırılmış aliment məbləğinin qətnamənin qanuni qüvvəsini aldıqdan sonra hesablanması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin artırılmasına dair gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi, dəyişdirilməsi üçün əsas sayıla bilməz. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin təmin edilməyən, 23 iyul 2002-ci il təvəllüdlü X3 UNEC-in bakalavriat səviyyəsi üzrə Biznes və Menecment fakültəsinin “Marketing” ixtisasının dövlət sifarişli əyani təhsili ilə əlaqədar hər ay sabit pul məbləğinin tutularaq ona verilməsi hissəsinə qiymət verərək hesab edir ki, məhkəmə iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Ailə Məcəlləsinin 49.1- 49.3-cü maddələrinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Göründüyü kimi Ailə Məcəlləsinin tələblərinə görə uşaqların yetkinlik yaşına (18 yaş) çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəliklərinə xitam verilir. Hazırki işdən görünür ki, X3 18 yaşı tamam olmuşdur və müəyyən edilmiş alimentin artırılması hissəsində iddia təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki. 23 iyul 2002-ci il təvəllüdlü X3 ali təhsil alması ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb olunması hissəsində iddia tələbi də təmin edilə bilməz. . Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Uşağın təhsil alması ilə bağlı valideynin əlavə xərclərə cəlb edilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki təhsil haqqı ilə əlaqədar xeyrinə əlavə xərc tələb edilən X3 18 yaçı tamam olduğundan hazırki iddia ərizəsində qeyd edlən təhsil xərci ilə bağlı X6 Cavabdeh qarşı məhkəmədə iddia qaldıra bilərdi. Lakin iş materiallarından görünür ki, qeyd edlən iddia tələbini Vüqar Babayev deyil, anası İddiaçı Nizami qızı qaldırmışdır. Lakin İddiaçı Nizami qızının X4 adınadan iddia qaldırmaq hüququnun olmasına dair iş materiallarında hər hansı sübut (etibarnamə) mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən hissəsində ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4688/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4688/2021 saylı, 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar