Məhkəmə qərarları › İş №2(105)-2765/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2765/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2765/2021 14.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, iddiaçı “AccessBank» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-8/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Zəngilan Rayon Məhkəməsinin 2(034)-8/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada 11185,28 ABŞ dolları əsas, 3088,03 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 16273,31 (on altı min iki yüz yetmiş üç dollar otuz bir sent) ABŞ dolları məbləğində borc və 20 manat xidmət haqqının tutularaq İddiaçı X6 xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi, 1053 nömrəli sahəsinin satış ilkin satış qiymətinin 30000 manat qiymətləndirilməklə satılması, satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh2 banka olan borcunun ödənilməsi, iddiaçının tələbinin tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş cəmi 40 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Gülsarə İmanova). Qətnamədən cavadbeh Cavabdeh2 apelyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-8/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və “AccessBank“-dan götürdüyü kreditin əvvəlki tək 1 ABŞ dolları=0.78 AZN qaydasında ödəniş etməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı "xxxx"QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borc tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə017R********** saylı kredit razılaşması üzrə 11990.3 ABŞ dolları məbləğində kredit borcu, 5723.34 ABŞ dolları məbləğində faiz borcu və 9758.51 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27472 (iyirmi yeddi min dörd yüz yetmiş iki) ABŞ dolları 15 (on beş) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; tələbin Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi, 1053 nömrəli sahə açıq hərracdan satılması və ümumilikdə cəmi cəmi 27472 (iyirmi yeddi min dörd yüz yetmiş iki) ABŞ dolları 15 (on beş) sent məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi qaydada tutulması; Abşeron rayonu, Masazır kəndində yerləşən 0.06 ha torpaq sahəsi, 1053 nömrəli sahəyə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin sahəyə istifadə hüququnun itirilməsi, həmin sahədən çıxarılması, ipoteka predmetinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ və Məhkəmə kollegiyasinın iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 2014-cü il dekabr ayında İddiaçı-dan iş qurmaq məqsədilə 17.500 ABŞ dolları kredit götürmüş, krediti götürən zaman qardaşı Cavabdeh1 məxsus yaşadığı (atadanqalma yarı tikili ev) Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsini girov qoymuş, götürdüyü 17.000 ABŞ dolları - 13.100 manatın 12.000 manatını qaytarmışdır. 2015-ci ilin fevral və dekabr devalvasiyalarına qədər ödəmələrini vaxtında dolların qiyməti qalxdığından və gəlirin azaldığına görə ödəmələrdə problemləri yaranmışdır. Ailəni dolandırmaq belə çətinləşdi. Ailəsi 4 nəfərdən ibarətdir, bir uşağı var, həyat yoldaşı da işsizdir. 4 baş ailəni çətinliklə dolandırır, heç bir yerdən köməyi yoxdur. Qardaşı Cavabdeh1 da eynilə onun aqibəti ilə üzləşib. Belə ki, o da evsizlik, şəraitsizlik ucbatından yarımtikili evini tamamlamaq məqsədi ilə İddiaçı-dan 25.000 ABŞ dolları kredit götürüb. Krediti götürdüyü zaman qardaşı Cavabdeh1 ona məxsus (atadanqalma) Abşeron rayon Masazır qəsəbəsində yerləşən torpaq sahəsini girov qoymuşdur. Götürdüyü 25.000 ABŞ dolları -19.500 manatı bütünlüklə 02.2021-ci il tarixində qaytarmışdır. Bu dövrdə atasının 2014-cü ildə səhhəti pisləşdi, fikirdən, çətinlikdən infarkt keçirdi və sonra parkinson xəstəliyinə çevrildi. Bütün olub-qalan pulu atasının müalicələrinə xərcləmişlər. Lakin pulu çatmadığına görə ağır xəstəliyini sistemli müalicə etdirə bilmədiyinə görə 2019-cu ilin mayında atası vəfat etdi. Ötən illərdə gücü çatana qədər aylıq ödəmələr etmişdir. Lakin son illər qeyd etdiyi hadisə və problemlər üzündən ödənişlərdə çətinliyi olub. Pul olmadığına görə atasının qəbrini belə düzəltdirə bilməmişdir. Bütün bunlar azmış kimi 2017-ci ildə anası ağır xəstələnmişdir. Mədə və qida borularında qanaxma yarandı, qara ciyərində problemlər yarandı. İndi onun müalicəsini davam etdirir. 2015-ci ildə baş verən 2 devalvasiya zamanı ailəyə çox ciddi şəkildə maddi və mənəvi ziyanlar dəymişdir, əsəbiliyə, gərginliyə səbəb olmuşdur, ABŞ dollarının yüksəlməsi həm kredit borclarının artmasına səbəb olmuşdur, həm də işlərin zəifləməsi, axsaması və gündəlik vacib ərzaqların qiymətlərinin artması da həm dolanışığa, həm də götürdüyü kreditləri qaytarmağa ciddi əngəllər yaratmışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)-8/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı-dan götürdüyü kreditin əvvəlki tək 1 ABŞ dolları=0.78 AZN qaydasında ödəniş etməyimə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyib göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin 2(034)-8/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehlərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada 2000 ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilməli, tutulacaq cərimə borcu 500 ABŞ dolları müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 21.11.2012-cü il tarixli 17L000000845 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur.Tərəflərin imzaladıqları 26.12.2014-cü il tarixli sazişlə kredit xəttinə dəyişikliklər edilərək xəttin məbləği 400000 (dörd yüz min) ABŞ dollarınadək artdırılmışdır.Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 30.12.2014-cü il tarixli 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 17S000002818 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi digər cavabdeh X7 ilə zaminlik müqaviləsi və 17S000002818S saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanmışdır. İş materiallarında olan 017 M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi, 1053 nömrəli sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxanşından göründüyü kimi Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi, 1053 nömrəli sahə bank qarşısında 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətin 4 saylı Ərazi İdarəsinin 25.01.2018-cı il tarixli ********** nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi, 1053 nömrəli sahəyə tutmanının yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabehin banka 25.06.2018-ci il tarixinə 11990,3 ABŞ dolları əsas, 5723,34 ABŞ dolları faiz, 9758,51 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 27.472,15 ABŞ dolları məbləğində borcu vardır. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin banka 05.01.2018-ci il tarixinə kredit razılaşması üzrə 11185,28 ABŞ dolları əsas, 3088,03 ABŞ dolları faiz, 9052,16 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23.325,47 ABŞ dolları borcu vardır. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş 16.03.2021-ci il tarixli LF 04 saylı ekspert rəyinə əsasən Abşeron rayonu Masazır kəndində yerləşən 1053 saylı sahədə 0,06 ha torpaq sahəsinin 15 mart 2021ci il tarixə olan bazar qiyməti 30000 manat, likvid dəyəri isə 24000 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçı bank ilə cavabdeh arasında kredit və ipoteka müqaviləsi bağlanmasını, cavabdehin əsas və faiz borcunun 36 ay müddətinə qaytarmasını öhdəsinə götürməsini, lakin lazımi qaydada ödəniş etməməsini, nəticədə kreditora borcunun yaranmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab etmişdir ki, məhkəmə iddiaçı bankın cavabdehlərdən müştərək qaydada əsas və faiz borcuna görə pulun tutulmasına dair hissədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 30.12.2014-cü il tarixli 017R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 (on yeddi min) ABŞ dolları məbləğində kredit götürmüş, lakin üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş, banka borcu yaranmışdır. Cavabdehin kredit müqaviləsi üzrə 11185,28 ABŞ dolları əsas, 3088,03 ABŞ dolları faiz borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, dövlət rüsumu kimi ödənilmiş 40 manatın iddiaçının özünə aid edilməsi, 20 manat xidmət haqqının isə cavabdehdən tutulması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki borcun digər cavabdeh X2 da tutulması barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır. Belə ki, iş materiallarında olan 17S000002818 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi digər cavabdeh X7 ilə zaminlik müqaviləsi və 17S000002818S saylı zaminlik maüqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Bundan əlavə birinci instansiya məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə Cavabdeh1 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi, 1053 nömrəli sahəsinin satış ilkin satış qiymətinin 30000 manat qiymətləndirilməklə satılması, satışından əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh2 banka olan borcunun ödənilməsi, iddiaçının tələbinin tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış 017 M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi, 1053 nömrəli sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, X4 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinə və X3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına hazırki iddia üzrə tələb olunan borcun ödənilməsi, satışdan və borcun ödənilməsindən sonra qalan məbləğin cavabdehlərə qaytarılması hissəsindədə əsaslıdır və məhkəmə haqlı olaraq iddianı qeyd edilən hissələrdə də təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi sadalanan hissələrdə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Bundan əlavə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehlərdən cərimə borcuna dair hissədə gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, məhkəmə gəldiyi nəticədə qismən haqlı olmuşdur. Belə ki, cavabdehin öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış kredit razılaşmasının əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda borcalan cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdehlərdən əsas borca görə 9758,51 ABŞ dolları cərimə borcu tələb etmiş, məhkəmə qeyd edilən məbləğin yüksək olmasını müəyyən edərək cərimə borcunu 2000 ABŞ dolları müəyyən etmişdir ki, məhkəmə kollegiyası qeyd edilən nəticə ilə razılaşmır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, gecikdirməyə görə cavabdehlərdən 2000 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsində qətnamə dəyişdirilməli, cərimə borcuna görə cavabdehlərdən tutulan məbləğ 500 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilə, borcun əvvəlki tək 1 ABŞ dolları=0.78 AZN qaydasında ödəniş edilməsinı qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlərdən tutulacaq borc məbləğinin qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə tutulması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-8/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada 2000 ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən tutulacaq cərimə borcu 500 ABŞ dolları müəyyən edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-8/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada 2000 ABŞ dolları cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər X2 və Cavabdeh1 tutulacaq cərimə borcu 500 ABŞ dolları müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar