Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2768/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə, Cavabdehin vəkili: Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 20961 manat məbləğində pul və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə verilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO1 **********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı MMC Cavabdeh qarşı «işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-yə vurulmuş 28.800 manat məbləğində maddi ziyanın, hüquqi yardım xərcləri üçün 250 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciətlə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında 27 avqust 2018-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqavilə əsasında cavabdeh İddiaçı MMC-də sürücü vəzifəsində çalışmışdır. Eyni zamanda 27 avqust 2018-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında iddiaçıya məxsus maddi sərvətlərin saxlanması və mühafizəsini təmin etmək məqsədilə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Cavabdeh onlara məxsus nəqliyyat vasitəsi ilə şirkətə məxsus digər nəqliyyat vasitəsini arxa hissədən vurmuşdur. Baş vermiş hadisə nəticəsində İddiaçı MMCyə 28.800 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı MMC tərəfindən dəymiş maddi ziyanın ödənilməsi üçün cavabdehə dəfələrlə müraciət edilmişdir. Lakin cavabdeh iddiaçıya dəymiş maddi ziyanın ödənilməsindən boyun qaçırır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hadisə nəticəsində dəymiş ziyanın məbləgi 5000 manatdan çox olduğu üçün dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi üçün iddiaçı sığortaya deyil ona qarşı iddia qaldırılmış və bununla da sığorta şirkəti məsuliyyətdən yayındırılmışdır. Bundan başqa heç bir halda dəymiş ziyanın məbləği 20961 manat məbləğində ola bilməz. Dəymiş ziyanın məbləği düzgün qiymətləndirilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2(060)-84/2021 saylı qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi ziyanın dəyməsinin ekspertiza rəyi ilə müəyyən olunmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan 27.08.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanılmış və Cavabdeh İddiaçı MMC-də “sürücü” vəzifəsinə qəbul edilmişdir. İşdə olan 27.08.2018-ci il tarixli, tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında şirkətə məxsus olan maddi sərvətlərin saxlanılması və mühavizəsini təmin etmək məqsədi ilə müqavilə bağlanmışdır. İşə əlavə olan Şıxaliyev Güloğlan tərəfindən verilmiş 10.06.2019-cu il tarixli izahatdan görünür ki, o, **-JR-*** dövlət qeydiyyat nişanlı qoşqusu 10-ZJ395 ilə Dərbənd şəhərinə çatmamış cemkent postunda, postda dayanmadan keçmək qadağandır nişanında dayanarkən onun sürdüyü maşını arxadan 99-JP728 dövlət qeydiyyat nişanlı avtomobil arxa sol tərəfdən vurmuş və nəticədə sağ tərəfi və sol qapı zədələnmişdir. Nəticədə 348 boş 410 qramlıq baltika butulkaları sınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 30.05.2019-cu il tarixli izahatdan görünür ki, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən Dərbənd şəhərinin Cimket qəsəbəsində hava çiskin və yağışlı olduğuna görə qabağındakı maşın stop edərkən ara məsafəsi az olduğuna görə arxa tərəfdən vurmuşdur. İşdə olan yol nəqliyyat hadisəsi barədə arayışdan görünür ki, qeyd olunan yol nəqliyyat hadisəsi Rusiya Federasiyasının DYP-də qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 05.08.2019-cu il tarixli zərər və hesablama aktından görünür ki, “Mercedes Benz” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 28.200 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə tutulan pulun çox olması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş 18.01.2021-ci il tarixli, 9/4668 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən təqdim edilmiş 05.08.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, “Mercedes Benz” markalı, 99-JP728 dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 20961 manat müəyyən edilir. Məhkəməyə təqdim edilmiş 30 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, 30 may 2019-cu il tarixdə Rusiya Federasiyasında yol nəqliyyat hadisəsi baş verən zaman "xxxx" MMC-yə məxsus **-JR-*** dövlət Qeydiyyat nişanlı avtomobil və **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil qoşqusu **-ZJ-*** ilə kasko sığortası olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcləri üçün 250 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə gəldikdə isə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. İş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 31 mart 2021-ci il tarixli 2(060)-84/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2768/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2768/2021
11.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver